Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Hökməlinin 5 fərqi…


«Qabaq bazara çıxan kimi daşı satırdıq. İndi 10-15 gün gözləməli olursan…».
«Qabaq bazara çıxan kimi daşı satırdıq. İndi 10-15 gün gözləməli olursan…».
Hökməli camaatının uzun müddət çörəyi daşdan çıxıb. Bu cəhət Hökməlini Abşeron rayonunun ətraf kəndlərindən fərqləndirir

Birinci fərq…

Hökməli camaatının uzun müddət çörəyi daşdan çıxıb. Bu cəhət Hökməlini Abşeron rayonunun ətraf kəndlərindən fərqləndirir. Hökməli Güzdəkdəki daş karxanalarının düz yolunun üstündə yerləşdiyindən, bu kənddə daş alveri ilə məşğul olan yüzlərlə «ZİL», «Kamaz» sürücülərinə rast gəlmək olar.

Ancaq indi Hökməli dairəsində dayanıb müştəri gözləyən bu insanlar deyir ki, iqtisadi böhranın Azərbaycana gəlişi ilə onların bazarları da necə deyərlər kasadlaşıb:

-Qabaq bazara çıxan kimi daşı satırdıq. İndi 10-15 gün gözləməli olursan…

-Qabaq daşı satırdıq köhnə pulnan 2 min 300, 2 min 500 manata. İndi heç 2 min manata satmaq olmur. Satdığımız da benzinə, maşının hissələrinə gedir. Daş satılmır. Gərək tikinti getsin ki, daş da satılsın. Dolanışıq yoxdur…

Yük maşınları kənd yolları ilə dövlət nömrə nişansız hərəkət edirlər
Hökməlidə diqqət çəkən

ikinci fərq

yük maşınlarının kənd yolları ilə dövlət nömrə nişansız hərəkət etməsidir. Bu kənddə yalnız avtomobillərin nömrələri olur. Hökməlidə öyrənirəm ki, kənd sakinlərinin istifadə etdikləri nömrəsiz «Kamaz», «Zil» markalı yük maşınlarının əksəriyyəti sovxozlar dağılan vaxtı ətraf yaşayış məskənlərindən alınıb. Bir çoxu yenidən yığılan bu yük maşınlarının sənədləşdirilməsi əlavə vəsait tələb etdiyindən onların sahibləri elə sənədsiz-nömrəsiz keçinməli olurlar. Hərçənd nömrəsiz yük maşınları ilə Bakıya getmək mümkün olmadığından onlar daşı elə Hökməli dairəsində satmağı üstün tuturlar.

Hökməlidə ətraf kəndlərlə müqayisədə

Hökməliyə sonradan gələn bir çox insanlar indi evlərini satışa qoyublar
üçüncü fərq

isə həyətlərdə çox nadir hallarda ağacların gözə dəyməsidir. Bu kəndə yaşılıq yoxdur. Kənd su sarıdan qıtlığı çəkir. Baxmayaraq ki, şollar suyu Hökməlinin düz yanından keçir:

-Bizim üçün aşağıda nasos qoyublar. Hər məhəlləyə 12 gündən bir su verirlər. Tez-tez də eşidirik ki, motor xarab olub. Bunun bələdiyyəsi var, İcra Hakimiyyəti var. Baxan yoxdur. Əllərimə bax peyindir. Bəzən əl-ayağmızı da yumağa su tapmırıq. Mən 75 manat pensiya alıram. Haradan verim 15 manat, bir maşın su gətirdim. Suyum olsa həyətdə göyərti əkərəm, tərəvəz əkərəm. İçməyə su olmayanda təsərrüfatla necə məşğul olasan…

Hökməlidə vaxtı ilə 500-ə yaxın ev olub. İndi isə kənd 2-3 dəfə böyüyüb. Kənd torpaqlarının gəlmə insanlara satılması əkin-biçin yerlərini xeyli azaldıb. Hərçənd Hökməliyə sonradan gələn bir çox insanlar indi evlərini satışa qoyublar.
Kənddə ətin qiymətini ağsaqqallar müəyyən edir
Bunu bəzi qapı və divarlara yazılan «satılır» sözündən də aydınca başa düşmək olurdu. Kəndə örüş yerlərinin azalması insanların mal-qara saxlamasına da xeyli çətinliklər yaradıb. Mal-qaradan söhbət düşmüşkən, bu kənddə ətin qiymətini ağsaqqallar müəyyən edir. Hökməlidə mal-qoyun əti Bakı ilə müqayisədə bir neçə manat ucuzdur. Kənd ağsaqqalları qəssablara qiymətləri qaldırmağa imkan vermir. Bu halı da

Hökməliyə xas
dördüncü fərq

hesab etmək olar. Ancaq bu kəndə bütöv Azərbaycana xas hallara da rast gəlmək mümkündür. Onlardan ən qabarıq görünən isə kənd cavanları arasında kütləvi işsizliyin hökm sürməsidir:

Hökməli kəndini tarixlə də çox maraqlı tellər bağlayır
-21 yaşım var. İş axtarıram. Bizə lazım deyil böyük idman kompleksləri, yollar. Bizə iş yerləri lazımdır. Bura müsəlman ölkəsidir. Baxın da İrana, Maşallah… Bizdə gənclər hamısı işsizdir…

Hökməlidə vur-tut bir xalça sexi fəaliyyət göstərir. Orada da cəmi 80-ə yaxın qadın işləyir. Hərçənd hökməlililər qadının, qızın işləməsinə o qədər də yaxşı baxmırlar. Hökməli kişisinin məntiqinə görə, evin dolanışığının məsuliyyəti yalnız kişilərin üzərinə düşür. Görünür, Hökməli kəndini tarixlə də çox maraqlı tellər bağlayır. Orda qədim dövrlərə aid eşitdiyim bir məlumat isə Hökməliyə aid bu söhbətdə sizə təqdim edəcəyimiz

beşinci fərq

olacaq. Hökməlidə danışırlar ki, orta əsirlərdə bu kəndə həbsxana mövcud olub. Bu həbsxanadan Şirvan xanlığı istifadə edirmiş. Qədim həbsxananın qalıqlarını öz gözləri ilə görən ağsaqqalların sözlərinə görə, sonradan həmin ərazilər kəndə köçüb gələn yeni sakinlərə satılıb. Həmin yerlərdə özlərinə ev-eşik quran Hökməli kəndinin yeni sakinləri ağsaqqalların deməsinə görə, bu həbsxananın daş-divarlarından da istifadə ediblər…

Həmçinin oxu:
MAŞTAĞADA DƏYİŞİKLİK GÖZLƏYİRLƏR
NARDARANLILAR: REFERENDUMDA GƏRƏK BİR MƏSƏLƏ MÜZAKİRƏYƏ ÇIXARILAYDI
XS
SM
MD
LG