Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Hərbi hissədə zəhərlənmə (video-foto)


Əsgərlərin birinin sözlərinə görə, axşam vaxtı onlara balıq verilib və zəhərlənmənin də bundan baş verdiyini ehtimal edirlər
Əsgərlərin birinin sözlərinə görə, axşam vaxtı onlara balıq verilib və zəhərlənmənin də bundan baş verdiyini ehtimal edirlər

«Mayın 26-da axşam Mərkəzi Hərbi Hospitala 164 əsgər yerləşdirilib. Müayinədən sonra onlardan 158 nəfəri xidməti yerinə göndərilib. Altı nəfərdə müəyyən xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicə üçün hospitalda saxlanılıblar».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əsgərlərin kütləvi zəhərlənməsi ilə bağlı yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, xəstəxanaya yerləşdirilmiş əsgərlərin vəziyyəti qənaətbəxşdir. Xəstələrdən təhlil üçün bakterioloji və laborator nümunələr götürülüb. Təhlillərin nəticələri 3 gün ərzində məlum olacaq.


Müdafiə Nazirliyi KİV-dən dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatlar yaymamağı xahiş edir.


***

1 saylı Mərkəzi Klinik Xəstəxananın 7-ci korpusunun qəbul şöbəsinin müdiri Mahir Rəhimov «Azadlıq» radiosuna deyib ki, gecə saat 1.00 radələrində 11 nəfər əsgər xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilib. Həkim bildirib ki, bu cür zəhərlənmələr köhnə yeməklərdən olur.

***

Azərbaycan Respublikası Baş Prokurorluğu əsgərlərin zəhərlənməsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, hərbi qulluqçularının kütləvi qida zəhərlənmələri faktı ilə əlaqədar Bakı şəhər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

***

Zəhərlənən hərbçiləri öz maşınında aparan Müşfiqabad qəsəbəsinin sakinlərinin sözlərinə görə, zərər çəkən hərbçilərin sayı 100-dən çoxdur.

Mərkəzi Hospitalın qarşısındakı şahidlərin dediyinə görə, təkcə bu hospitala 100-dən çox hərbçi gətirilib. Ancaq hospitalın qəbul şöbəsindən «Azadlıq» radiosuna dəqiq rəqəm deməyiblər, bildiriblər ki, zəhərlənmiş hərbçilərin sayını özləri də bilmirlər.

Hərbi hissənin bəzi əsgərləri isə əməkdaşımıza 200-dən çox əsgərin zəhərləndiyini bildirib.

Yaxınlıqdakı qəsəbə sakinləri deyiblər ki, zəhərlənən əsgərlər üçün hərbi hissəyə evlərindən qatıq aparıblar.

***

Polislər hərbi hospitalın qarşısına yığılan adamları və jurnalistləri kənarlaşdırırlar. Onlar jurnaslitlərə çəkiliş aparmağa da imkan vermirlər.

«Azadlıq» radiosunun müxbiri Babək Bəkir xəbər verir ki, əsgərlərin hospitallara daşınması davam edir.

(Ardı videonun altında)

Hərbçilərin kütləvi zəhərlənməsi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid


***
Bakı şəhər Təcili Yardım Stansiyasının direktor müavini Rauf Nağıyev zəhərlənən əsgərlərin yerləşdiyi Müşviqabad qəsəbə poliklinikasına gəlib.

Rauf Nağıyev bir neçə təcili yardım maşınının Müşfiqabad qəsəbəsində gözləməsi üçün göstəriş verdi. O, zəhərlənən və hospitala göndərilən hərbçilərin sayı barədə məlumat vermədi. Bildirdi ki, hələ onlar müraciət edən əsgərlərin qeydiyyatını aparırlar.

O «Azadlıq» radiosuna bildirib ki, əsgərlərin əksəriyyəti hospitallara yerləşdirilib. R.Nağıyev nə qədər əsgərin hospitala aparılması barədə məlumat verməyib.

Hərbi hissəyə dezinfeksiya stansiyasının maşınları da gətirilib. R.Nağıyev bunu infeksiya ehtimalı ilə əlaqələndirib.

***

Bakı ətrafında yerləşən Qaraheybət Hərbi Təlim Mərkəzinə təxminən saat 23.00 radələrində çoxlu təcili yardım maşınları gəlib.

«Azadlıq» Radiosunun müxbiri Səadət Akifqızının hadisə yerindən verdiyi məlumata görə, hərbçilər onunla söhbətdə şəxsi heyət arasında qidadan zəhərlənmə baş verdiyini deyiblər.

Əsgərlərin birinin sözlərinə görə, axşam vaxtı onlara balıq verilib və zəhərlənmənin də bundan baş verdiyini ehtimal edirlər.


Hətta ətraf ərazilərdən mülki şəxslər də öz maşınları ilə hərbi hissəyə köməyə gəliblər və əsgərlərin hospitala daşınmasına kömək edirlər.


Hərbi hissənin zabiti müxbirimizlə söhbətində qida zəhərlənməsi faktını təkzib edib.

Xəbər verilən anda müxbirimiz hələ də əsgərlərin maşınlarla xəstəxanaya aparıldığını müşahidə edib.

Müdafiə Nazirliyindən hadisə barədə rəsmi məlumat almaq mümkün olmayıb.

Müşfiqabad qəsəbə poliklinikasının qarşısı
Jurnalistlərin işləməsinə imkan verilmir

Müşfiqabad qəsəbə poliklinikasının qarşısı

XS
SM
MD
LG