Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:33

«Azəriqaz» izahat verdi


Vətəndaşlara satılan hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib
Vətəndaşlara satılan hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib
İyulun 1-dən əhali işlətdiyi hər kub metr qaz üçün 4 qəpik yox, 10 qəpik ödəməli olacaq. Bu qərarı «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) müraciəti əsasında Tarif Şurası verib. Şura qiymət artımını iki amillə əsaslandırıb: qazdan istifadədə israfçılığın qarşısının alınması və mövcud qiymətin xərcləri ödəməmsi.

RƏSMİ İZAHAT

Qazın qiymətinin qaldırılması isə iqtisadçılar arasında birmənalı qarşılanmır. Amma əvvəlcə «Azəriqaz»ın qiymət artımına izahatı barədə. İyulun 1-də mətbuat konfransı keçirən QSC-nin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyevin sözlərinə görə, onların xərcləri borclarını ödəmir:

«Bu növbəti iqtisadi tənzimləmədi. Bəziləri deyirlər ki, qiymət qalxır. Bəli, loru dildə desək, qiymət artıb. Amma iqtisadi dillə danışsan, satılan qazın qiyməti həm xərclərini ödəməlidir, həm də mənfəət əldə etməyə imkan verməlidir. Bu da bunun izahı».
Tofiq Allahverdiyev qazın min kubmetrinin qiymətinin niyə iki dəfədən çox, 100 manata çatdırılımasıyla bağlı sualın cavabında deyir ki, onlar Dövlət Neft Şirkətindən qazın min kub metrini 42 manata alırlar, bu həcmdə kub metrin realizasiyasına çəkilən xərclər də təxminən 20-25 manat civarındadır. Təxminən 30-32 manatlıq mənfəət isə «Azəriqaz»ın qarşısına qoyduğu işləri həyata keçirmək məqsədi güdür.

Bəzi ekspertlər hesab edir ki, qazın qiymətinin qaldırılmasına səbəb QSC-nin kommersiya strukturlarına satdığı qazın pulunu yığa bilməməsidir. Amma Tofiq Allahverdiyev bununla razılaşmır. Deyir ki, onlar əhaliylə kommersiya təşkilatlarının yükünü bir-birinin üstünə atmırlar:
«Hər hansı qrupun maliyyə yükünü başqasına yükləmək düzgün deyil. Bu qəbul olunmur».

«HEÇ OLMASA 10 FAİZ QALIDRSAYDILAR…»

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, o, hələ də qiymət artımında iqtisadi əsaslanmanı tapa bilmir:
«Birdən-birə 2 dəfə qaldırmaq… Ağıla sığımır. Heç bir iqtisadi əsas yoxdur. Hələ işıq 3 dəfə artanda mən onda öz etirazımı bildirdim. İndi qiyməti qaldırmaq istəyirlərsə, 2 dəfə yox də... Lap mən imkanlı adamam, qiymət qaldıranda mənim xərclərim artır, imkanım da zəifləyir. Heç olmasa 10 faiz qalıdrsaydılar…»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, Neft Şirkətinin sonuncu hesabatında qazın maya dəyəri 23 manat göstərilib. Ona görə də məbləğin birdən-birə 100 manata qaldırılması normal sayıla bilməz.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə deyir ki, bu qiymət artımı digər sahələrdə qiymətlərin artmasına təsir göstərə bilər: «Əhali artan xərci işlətdiyi sahədən çıxarmağa çalışacaq».

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov da deyir ki, qazın bahalanması onlar üçün də gözlənməz olub. Millət vəkilinin fikrincə, Tarif Şurasının qərarı müəyyən problem yarada bilər. Vahid Əhmədov hesab edir ki, sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, minimum əmək haqqı ilə yaşayanlar var və onlar üçün çətin olacaq.

Ekspertlər proqnozlaşdırırlar ki, «Azəriqaz indiyə kimi əhalinin 60 faizindən qaz pulu yığırdısa, indi bu faiz kəskin şəkildə aşağı düşəcək.
XS
SM
MD
LG