Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:20

Şərif Ağayar. "Anaxanım" (HEKAYƏ)


Dədəmin ilk qadını olub Anaxanım.

Həm də yaxın qohumudu. Bir yerdə on ilə yaxın ömür sürüblər, övladları olmayıb.

Tale gülməyib üzlərinə…

Elə ki, səbəbi özündə bilib «gəl üzüsulu ayrılaq» deyib dədəmə. Dədəm də razılaşıb, yaxın-uzaqda yaşayan qohum-əqrəba da:

«Elin adəti var. Doğmayan arvadı saxlamazlar…»

Balaca daxmalarında nə varsa tən ortadan bölüblər. Bir daxma qalıb, bir də bir inək…

İnəyi ona bağışlayıb dədəm, daxmanı özü götürüb. Deyilənə görə, heç inəyi də aparmaq istəmirmiş: «Nəyimə gərəkdi, saxlayanım yox, otaranım yox…»

Zənbilini qoltuğuna vurub, inəyini qabağına qatıb getmək istəyəndə «Dayan» deyib dədəm:

«İlk oğlumu sənə verəcəm… Qoy qocalanda yiyə dursun sənə».

Dinməyib Anaxanım, başını aşağı salıb.

…Miladın 1976-cı ilinin ilk günü mən gəlmişəm dünyaya. Dədəmin ilk oğlu, babamın ilk oğul nəvəsi…

Daha doğrusu, yanvarın ortalarında doğulmuşam, sənəddə birinə yazıblar. Uşaqlığımı dumanlı xatırlayıram. Amma ağlım kəsəndən ta bu günəcən özümə qarşı hədsiz sevgi duymuşam Anaxanımdan.

Yalan olmasın, əllərində anamın əllərindən artıq bir hərarət hiss etmişəm. Böyüdükcə bu gerçəkliyi mistik vahimələrlə qavramışam. İllah da eşidəndə ki, dədəmlə Anaxanımın arasındakı söhbəti başqa heç kəs bilmir.

Hətta doğma anam belə…

Sonradan mənə məlum olmayan səbəbdən dədəmlə Anaxanımın sevdası baş tutmayıb.

İndi Bakıdayam… Darısqal bir yataqxana otağında. Ailəmlə, övladlarımla…

Anaxanım isə Ağcabədinin Taxtakörpü qəsəbəsindən İmişli sərhədlərinə qədər uzanan kəndsiz-kəsəksiz, ağacsız, bağsız və susuz düzəngahın bir ortasında…

Kəndimizin qış yatağında. Yatağın lap kənarındadı yaşadığı yeraltı dam. Olmuşam bu damda.

Adam məzar kimi enir bu qəribə olacağın içinə. Ətrafını təxminən bir metr qazıblar.

Damın ortasına basdırılan dirəklərin üstünə mil qoyublar. Milə perpendikulyar yerləşdirilən qabırğaların o biri ucu xəndəyin tinindədir.

«Tavan»ın sağ küncündə açılmış kiçik bacadan bir ovuc göyüzündən başqa heç nə görünmür.

Xəndəyin evin içinə düşən hissəsindən mebel kimi istifadə edir Anaxanım…

Üstünə qab-qacaq yığır, fanar, çıraq qoyur, toyuqlarını kükə salır. Torpağın üzünə gözəl tikmələr çəkib. Gecələr fanarı evin orta dirəyindən asır.

Fanar öləziyən şöləsiylə qaranlıq daxmaya daha da hüznlü görkəm verir. Gecələr bu tərəflərdən keçəndə səsini qıssan Anaxanımın gizli-gizli ağladığının, ya da öz-özünə nəsə danışdığının şahidi olarsan. İçin tökülər…

Bu dünyada torpağı Anaxanım qədər ürəkdən sevən, ona Anaxanım qədər yaxın olan ikinci bir adam çətin ki tapılsın. Deyilənə görə, zəlzələni də ilk dəfə o hiss edib və qalxıb bütün yatağa hay salıb.

Torpağı sevdiyindəndir ki, camaatın yığışıb ona daxal tikməyinə razı olmadı.

Çox vaxt pay-püşkünü də qəbul eləmir qohumların. Səbəbini özündən başqa kimsə bilməz. Yalnız ehtimallar yürütmək olar: «İnciyib…», «Özünə sığışdırmır», «Ehtiyacı yoxdu» və s.

Yaxşı toyuqları var. Xoruzlu, fərəli, beçəli bir sürüdü.

Yeyəndə tək yemir bu çolpaları. Yumurta hədiyyə etməyi lap çox xoşlayır Anaxanım. Xüsusən, uşaqlara…

Novruz bayramı vaxtı… Amma gecələr bir az qayğılı yatır toyuqlarından. Ətraf boş səhralıqdı.

Tülküsü var, çaqqalı var, oğrusu – əyrisi var… Xüsusən, yay vaxtı hamı çıxıb gedir yaylağa, yataqda üç-dörd ev qalır… Onlar da ki, yatağın o biri başında.

Nə qədər çalışırlar yaylağa getmir Anaxanım… Bu onun həyatının sirli harmonyiasını pozacaq sanki…

Yay uzunu işi-gücü örüşdən qurumuş təzək və şax-şəvəl toplamaqdı. Ta o qədər ki, qışın üç ayı sərasər yandırmağa çatsın.

İldə iki dəfə sevinir Anaxanım. Bir Novruz bayramında, bir də camaat yaylaqdan yataqlara köçəndə.

Hiss eləyirsən ki, hamı üçün darıxıb arvad. Gedib bir-bir toxunur qohumlara, hal-əhval tutur, dağdan yanaqları turp kimi qızarıb gələn toppuş uşaqları öpür, dişləyir, ağladır.

Birdən döyür guya… Gözündə yoxdu Anaxanımın. Hamı uşağını etibar eləyir ona. Elə baxır, lap doğma anasından da yaxşı. Hətta bəzən qəribə bir ərklə uşaqları doğma analarına tapşırır:

“Qaşını-gözünü az tumarla! Uşağa bax!”

Köçənə macal bu ərk yalvarışla əvəz oulunur:

“Sən Allah uşaqdan muğayat ol, çox geridi. Deyillər dağ bu il yaman nəmişlik olacaq, soyuqdan gözlə, yeməyinə fikir ver”.

Sonra da hədə-qorxu:

“Payız gələndə belə sınığ olsa, vay halına!”

Anaxanımın xoşbəxtliyi yaz başı sonuncu köç maşını yataqdan çıxıb gedənəcən çəkir.

Həm tənhalığın, həm gələcək istilərin kədəri bir az da qocaldır Anaxanımı, bir az da torpağa oxşadır.

Yayı əyri-üyrü dirəklərin üstə qurulmuş iki metrlik çardağında keçirir.

Qəribədir, aranın isti yay gecələrində bircə metr hündürlüyə qalxdınmı, havanın nisbətən dəyişdiyini açıqca hiss eləyirsən.

***

…O günü yatağa getmişdim. Gördüm Anaxanımı. Qohumların dediyinə görə xəstələndiyimi eşidib, xeyli narahat olub. Özümə bildirmədi amma:

“Balaların nə təhərdi?”

…Çevrilib düzənliyin ortasındakı balaca təpəcikdən – Anaxanımın yeraltı damından korun-korun qalxan təzək tüstüsünə baxdım. Ağappaq idi… Bulud kimi…

Kultaz.com
XS
SM
MD
LG