Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:12

Zümrüd Yağmur "İnsan olmaq" (Hekayə)


Bu gün qalxa bilmədi, eləcə yuxusunda öldü, nə etdilərsə, başının üstündəkilər nə qədər qışqırsalar da oyanmadı, ruhu inad etdi, bədənə qayıtmadı, sanki yorğun düşmüşdü. əlinə düşən fürsətdən istifadə etdi, uçdu getdi, bir də geri qayıtmaq istəmədi.

Bədəni ortada qaldı, kimin nə qədər ağlamağından asılı olmayaraq bədən əşya kimi yataqdan ortalığa endirildi.

Onu dəfn edənə qədər çox yerə qoyub götürdülər.

Bədəni torpağa tapşırdılar, o getdi, qalanların dərddən az qalırdı ürəyi partlasın, amma kimsənin ürəyi partlamadı, dərd kimsəni birdən öldürmür, içindən yeyir.

Bu dəfə də içindən yeyə, bitirəcəklərini seçib seçdiklərinin ürəyində oturdu.

Ruhunsa bu olanlara nə aidiyyatı vardı, nə də bir qayğısı, dünyanın bu vaxtında , bu qədər günahların içində saxlaya bilmişdi özünü, nə kimsənin qəlbini qırmışdı, nə də kimsənin çörəyini əlindən almışdı, ən başlıcasısa kiməsə pislik etməmişdi…

Dünyanın qaralmış üzünə daha da bir ləkə sürtməmişdi…

Ona görə də ağ dünyasında süzürdü...

İnsan olmaq bu idi, bir gün gəlir, hamı, ən azından ata-anası onu gözləyir, sonra da kimsənin gözləmədiyi bir vaxtda gəldiyi kimi də gedir.

Gəliş-gediş arasındakı məsafədə nələr olursa o gəlib gedənlə də bitir, bəzən hətta tükənir, sənin yoxluq kədərin səndən sonra çox az müddətdə mövcud olur, doğmaların bir-bir gediş yolunu tutduqca sənin yoxluğunda o qədər gerçəkləşir…

Və nəhayət bir gün sən tamamən bitirsən, kimsənin yaddaşı, kədəri, darıxması, xatirələrində qalmırsan…

Sənin yaşadanlar, sənin mövcud olduqların da mövcud olmur…

Buna da həyatın qanunu deyirlər. Beləcə hər şey əvəzlənmələr və bitmələr üzərindən yürüdülür…

Bu gün də o çəkilib getmişdi, arxasında da onu xatırlayacaq, kədərinə, dərdinə, nisgilinə, darıxmalarına köçürəcək birisini buraxmışdı…
Sevdiyi kişi… Vəssalam…

Təkcə onun üçün mövcud idi… Başqa kimsə məzarında gizlədiləndən sonra nisgillə onu axtarmaışdı, kimsə də kiçik bir otağın pəncərəsindən bayırda yağan yağışa baxa-baxa onu axtarmamışdı.

Kimsə əlləri qoynunda gecələrin qaranlığında onu xatırlamamışdı, kimsə onun qoxusunu hələ də saxlayan geyimləri burnuna tutub hönkür-hönkür ağlamamışdı.

Bir o kişidən başqa…

Kişinin varlığı onun tükənməməsi idi və bu onu məmnun edirdi, ölümündən sonra kiminsə onu gecənin qaranlığında axtarmasını hiss edirdi, o kiçik pəncərənin qarşısına gəlirdi, onu axtaran kişini seyr edirdi, kişi onu yox, o kişiyə tamaşa edib bəzən kədərlə, bəzən də sevinclə oradan uzaqlaşırdı.

Kişini sevirdi, onun üçün darıxacağını da bilirdi, amma bunun bu qədər niskilli, kədərli, bəzən də məstedici olacağını bilmirdi.

O həyatın dünya deyilən məkanında bu kişidən başqa kimsəni qəlbində özü ilə aparmamışdı, kişinin bunu bildiyinin fərqində idi və onu da bilirdi ki, kişi məhz bunu bildiyi üçün gecənin qaranlığında onu axtarır…

Bu sevgi idi… Bu ona indi daha çox bəlli idi…

Bir də peşimandı, bu sevgini daha başqa yaşaya bilərdi, o kişinin əllərini heç buraxmadan, gözlərini gözlərindən ayırmadan…

Amma nə etmək olardı, o bir insan idi və insanlar ölümlə yaşamadıqları üçün bunun da fərqində olmurlar…

Hər şey bitəndən sonra anladıqları isə artıq onunku deyildi, ona toxunmaq, yanında olmaq, əllərini, istisini duymaq, boynunda gəzən hənirtini hiss etmək…
Bunlar bir insanın yaşadığı, amma dəyərini bilmədiyi xoşbəxtliklər idi.

O dəyərini indi anlamışdı, amma anladıqlarını yaşaya bilmirdi…

İnsan olmaqda nə qədər xoşbəxtliklər varmış..

Bunu indi anladı, elə indicə, soyuq gecənin ayazında kişinin qaranlığa dikilmiş nəzərlərini izləyəndə, üşüyən kişini isidə, ovuda bilməyəcəyini, ağuşuna alıb əzizləyə bilməyəcəyini anlayanda bildi…

Kişi nəzərlərini qaranlığa dikmişdi, orada sevdiyini axtarırdı, üşüyürdü, amma yatmaq, isinmək istəmirdi, sevdiyinin onu ovudub isitməsini, ağuşuna almasını istəyirdi, amma bunlar ola bilməzdi, bunu anlayırdı, amma inadla da pəncərədə sevdiyini axtarırdı…

Yuxarıda kişi dayanmışdı. Aşağıda, o soyuğun içində sevdiyi qadının ruhu…

Eyni şeyləri istəyirdilər, amma mümkünsüz olanı…

Əslində yaşadıqları vaxtlar yanlarında, əllərinin altında olan, amma yaşaya bilmədikərinin həsrətini çəkirdilər…

İndi əllərini altında heç nə yoxdu…

Bir gün yenə pəncərəyə gəldi…Kişi yoxdu, pəncərədən baxıb onu axtarmırdı, gözlədi, kimsə onu görmürdü, görəməzdi də…

Maşın səsi eşidildi, baxdı, kişi düşdü, bir qadınla yuxarı qalxdı. Yenə gözlədi, bəlli olanlara inanmaq istəmədi, pəncərədəki işıq yandı, kişi gözə dəymirdi, amma gözləyirdi… Xeyli də gözlədi…

Bəlli olana inanmaq lazım idi…

Daha pəncərədən gecənin qaranlığında onu axtaran yoxdu…

O bu gün öldü, indiyə qədər dünyasını dəyişmişdi, bu günsə öldü…

Daha kimsənin kədərində, darıxmalarında, gözlərində, nisgilində, gecələrin qaranlığında pəncərədən baxan baxışlarında yoxdu…

Onu dünyasını dəyişmək yox, unudulmaq tükətmişdi…

Öz məzarını ilk dəfə ziyarət etdi, qəbullandı yeni evini və küsdüyü bu dünyanı həmişəlik tərk etdi.
XS
SM
MD
LG