Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:29

Zümrüd Yağmur "Su haqqında nağıl"


Bu gün dünya elə bil öz ətrafında deyil, onun başında fırlanırdı, su dənəsinə çevrilib ona yad, tamam yad olan bir dünyaya, yerə doğru enirdi, o qədər ora-bura sürtülmüşdü ki, kiçilib bir damla qalmışdı, bir azdan lap qurtara bilərdi, tükənərdi, bitərdi və bundan kimsənin xəbəri olmazdı, çünki kimsə onun varlığından, mövcudluğundan xəbərdar deyildi.

Torpağa çatanda əvvəlcə karıxdı su damcısı, sonra xoş ətirdən və yumşaq torpaqdan canına yayılan xoşluqdan rahatladı, ani durmuşdu, daha sürüşmürdü, düşdüyü yerdə qalmışdı.

Ona yad olan bu dünyada başına nə gələcəyindən xəbərsizdi, amma qorxmurdu, çünki hələ qorxu hissi ona yad idi, indiyə qədər yaşadığı yüksəklikdə hər şey elə təmiz, gözəl idi ki, qorxmağın nə olduğunu öyrənə bilməmişdi.

İndi də ona yad olan bu dünyada xoş ətirdən xoşhallanıb bundan sonra nə baş verəcəyini düşünmədən düşdüyü kimi də dayanıb durmuşdu.

Birdən arxadakı su selinin ona tərəf gəldiyini gördü, amma heç tərpənməyə macal tapmamış sel onu ağuşuna alıb harasa axıtmağa başladı.

Damla selə qarışdı, orda itib yox olmaq, selə qarışmaq təhlükəsi indi onun içində dəhşətli bir hiss yaratdı və damla bu hissin qorxu olduğunu anlayıb isti olmasına baxmayaraq bumbuz oldu.

Amma özünü xilas edə bilmədi, selə bənzər su kütləsi ilə dərin bir yerə töküldü, boğulurdu, nəfəsi tükənmək üzrəydi, amma bu su kütləsindən xilas olmaq mümkün deyildi.

Kimsə, nəsə bənzəri, bəlkə də eyni olan su kütləsi onun arzusunu, istəyini nəzərə almadan özünə qatıb bu yerə gətirib çıxarmışdı, indi o damlalığını itirib kütləyə dönmüşdü.

Axşam düşürdü, damla bundan sonra nə alacağını düşünməyə qorxurdu, kütlədən tam canını qurtara bilməsə də, bir küncə çəkilib bu qorxunc, ona o qədər də təmiz görünməyən su kütləsinə göz qoyurdu.

"Axı kim məndən soruşdu ki, bu dünyaya gəlmək istəyirəm, ya yox!

Kimsə soruşmadı, burasa mənə yaddır, sevmədim buraları, amma zorla, heç nə olmamış kimi burda belədən-belə axmalıyam.

Bu kütlədə bir dənə fərqli damla yoxdur, amma yəqin əvvəllər hamısı mənim kimi damla olub, indi bir kütlə halındadırlar, deyəsən hallarından məmnundurlar, bir-birinin içində itib-batmaq, ərimək qorxusu yaşayana oxşamırlar", damla bunların arxasınca gələn "yəqin bir azdan mən də bunlar kimi, kütləyə çevrilmiş olacam" düşüncəsindən, təzəcə dərk etdiyi qorxu hissindən canından üşütmə keçdi.

Düşən qaranlıq da onun qorxusuna həyəcan qatırdı, bu dünyadakı ilk günü o qədər uğurlu olmamışdı, burdakı həyatı heç anlayıb dərk etməyə macal tapmamış kütlə onu bura gətirib atmışdı.

Gecədəki qaranlıq da onu lap qorxutmuşdu, qısılıb özünü kütlədən qurtarmaq haqqında düşünmək istəyirdi ki, su seli yenə ona doğru atılıb damlanı qoynuna aldı, ağırlıqdan yenə boğulmağa başladı, dar, lap qaranlıq, havasız bir boruya daxil olanda dünya gözündə qaraldı.

Sürətlə, dayanmadan dar boruda axıb gedirdi və su kütləsinin rəhmi gəlmədən onu ora-bura atmasına etiraz etməyə cəsarəti çatmamasına görə özünü qınadı, amma kütlə elə qəzəbli, yırtıcı və amansız idi ki, etirazının da bir işə yaramayacağını anlayıb kütləyə tabe oldu.

Dar boru ilə onu harasa sürükləyən kütlənin qəzəbindən qorxa-qorxa sonra nələr olacağını düşünüb taleyinə boyun əydi.

Axıb-axıb bir qadının əlindəki parıltını qədəhin içində süzdü, rəqs edib burdakı təmizlikdən fərəhləndi, xoşbəxt oldu, özünə güvəni, hörmət hissi artdı və qədəh çevrildi...

O yenə kütləyə qarışdı, yenə dar, amma bu dəfə cox pis qoxuyan borunun içinə düşdü, yenə o kütlə onu əzə-əzə, amansızcasına dünyasını yıxdı.

Hiss etdiyi xoşbəxtlik, o an elə qısa oldu ki, onun fərəhərini tam dərk edib yaşaya bilmədi, yenə onu özünü layiq bildiyi yerdən qoparıb dar boruya itələdilər.
Bura, bu dünyaya gəldiyindən onu ora-bura atırdılar, kimsənin ondan bütün bunları istəyib istəməsini soruşmaq kimsənin ağlına belə gəlmirdi.

Dar, üfunətli boruda sanki bütün hər şeyə marağını itirdi, hər şey onun üçün adiləşdi, kütlə onu əyib sıxırdı, burdakı natəmizlik onun damla saflığını, təmizliyini məhv edirdi, içində əvvəlki üsyandan əsər yox idi.

Burda qanunlar başqa idi və o damlaya görə deyil, su kütləsinin arzularına uyğun olaraq yaradılmışdı, kim, niyə, bunu anlaya bilmirdi, damla saflığına dolan natəmizliyin qarşısına ala bilməyib dərddən, qüssədən az qala parça-parça olub dağılacaqdı, zərrəciklərə çevriləcəkdi, amma bu amansızlığın içində hansı bir hissə ona güc verirdi və damla bu hissin ümid olduğunu bilməsə də, onu duyub hiss edirdi.

Dünya onu yaxşı qarşılamamışdı, qorumamışdı, ən başlıcasısa ondan heç nə soruşmamışdı, onun taleyini gəldiyi yerdəkilər bura göndərməklə həll edib buranın qanunlarına, bu qorxunc üfunətdə belə halından məmnun görünən kütlənin alışıb adət etdiklərinə uyğun olaraq və bir də indiyə qədər bu dünyaya gəlmiş bütün saf, tərtəmiz, bu kütləyə qarışıb onu qanunları ilə yaşamaq istəməyən damlaları gözləyən aqibətinə uyğunlaşdırılmışdı.

Onu nə gözləyirdi, bundan sonra nə baş verəcəkdi, içində qarşısı alınmaz bir arzu baş qaldırdı, burdan xilas olmaq, uzaqlaşmaq, dünyanın başqa bir ucuna getmək, azad yaşamaq.

Kütləni bu qədər kölə edib amansız və hissiyyatsız etmiş nəsə, kimsə varsa, ona üsyan etmək istədi, üfunətdən, çirkli borudan özünü qorumaq və yenidən xoşbəxt olmaq...

Bunlar nə qədər gözəl idi, ona inanılmaz görünsə də bütün bunlar üçün savaşmağa dəyərdi...

Ən azı bu su kütləsinə dönməmək üçün...

Dikəldi, daha da sürətlə üzüb kütləni yarıb irəli keçdi, əslində irəlidə də onu nə gözləjəyini bilmirdi, amma indi tək arzusu burdan xilas olmaq idi. Boru getdikcə genişlənməyə başladı, üfunət azalırdı və birdən işıq göründü...

O ümmansız sulara qarışdı, üzdü-üzdü, əldən düşənə qədər üzdü... Ümmansız suların tərtəmiz yerinə çatıb dayandı...

Başı üzərində mavi səma və mavi sular... Eynən o parıltılı qədəh kimi tərtəmiz, parlaq, ümmansızlıq...

Xoşbəxt, azad və onu əzən o kütlədən uzaq idi... Rəqs edib təmizlənmək üçün ümmansızlığa baş vurdu və bu maviliyin təmizliyini damla təmizliyinə qatıb qürurunun bütün fərəhini yaşadı.

İndi dünya gözəl idi...

O amansız kütlə uzaq idi, onu əzən yox idi... Və o qorxmurdu...

Damla ümmansızlıqda xoşbəxt idi, onu heç nə, heç kim rahatsız etmirdi, saatlarla mavi səmaya baxıb ordakı tərtəmiz ömrü, bura gələnə qədər hər şeyin nə qədər gözəl olduğunu düşünüb oralar üçün darıxsa da halından məmnun idi.

Həhayət ki, düşdüyü yerdəki natəmizlikdən qurtula bilmişdi, ora, ordakılara, o amansız, hissiyyatsız kütləyə dönməmişdi, kütlənin boyun əydiklərinə boyun əyməmişdi.

Damla üzüb azadlığının nəşəsini yaşayırdı, yenə tərtəmiz idi, ilk doğulduğu, bir insan acısından yaranıb onun gözünə dolub axdığı gündəki qədər tərtəmiz idi, sonra isindiyi günəşin qucağında bir xəyal kimi gəldiyi yüksəkliyə qalxmışdı, göz yaşı təmizliyinə xələl gətirməmiş o ucalıqdan bir gün bu dünyaya atılmaq qərarı verilmişdi.

İndisə bu ümmansızlıqda mavi səmanın təmizliyinə sığınıb yaşayırdı.

Gecə düşürdü, amma daha qorxmurdu qaranlıqdan, səhər yenə mavi səmayla görüşəcəkdi.

Onu irəlidə nə gözlədiyini düşünmürdü, o özünü azad, xoşbəxt hiss edirdi. Və bir də tərtəmiz...

Amma o gecə təkcə gecə qaranlığı ilə qaranlıq deyildi, mavi səmanın köksü qaralmışdı və ordan yerə damlanı məhv edib su kütləsinə qatıb ona tabe etmək istəyən kütlənin parçaları yağırdı.

Qapqara, natəmiz, amansız, daş kimi hissiyyatsız idilər.

Damla qorunmağa çalışdı, sonra mübarizə aparmaq üçün çarpışdı, yorulub əldən düşmüşdü, ümmansız sular təlatümə gətirilmişdi, sanki o qədəh kimi çevriləcəkdi...

Damla bunu xatırlayıb o borudakı üfunəti, dəhşəti təkrar yaşayırmış kimi sanki təmizliyini təkrar itirəcəyindən qorxub ümmansız suların qoynunda tək olsa da, təslim olmamaq qərarına gəldi.

Ümidsiz idi, göydən daş yağırdı, dünya qarışmışdı və indi yəqin bilirdi ki, indiyə qədər kütləyə qarışmayıb tabe olmayanlar kimi onu da əzəcəklər, amma azadlığını, təmizliyini itirmək istəmirdi.

Damla doğulmuşdu və kimsə onu o su kütləsinə qatıb onların içində məhv edə bilməzdi.

Üzünü kütləyə tutub azadlığın nə olduğunu, onları bu hala gətirənlərin natəmizliyini anlatmaq istədi, amma boğulub sıxılmağa başladı.

Dünya qarışmışdı, su kütləsi onu harasa aparırdı, amma damla azadlığın və xoşbəxtliyin nə olduğunu bilirdi və bu kütləyə qarışıb yaşamaq istəmirdi.

Mübarizəyə qalxdı, əldən düşmüşdü, burda qalibiyyət yox idi, çünki kütlə onu dinləmirdi, azadlığın nə olduğunu bilmirdi, onu kütləyə çevirənlər hər şeyini əlindən almışdılar.

Damla su kütləsinə dəhşətlə baxdı, ümidi qalmadı, dönüb ümmansız suların sahilindəki uca qayalara baxdı.

Son gücünü topladı, sahilə can atdı, üzdü, üzdü, qaraya qatıb özünü qayalara çırpdı.

Kütlə sakitləşdi və məmnunluqla geri çəkildi.

...Damla ölmüşdü…
XS
SM
MD
LG