Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:57

Mehman Musabəyli "Mükəmməl büdrəyiş" (Mini-triller)


Yəqin maraqlanırsınız ki, mən bu şeytanla necə tanış olmuşam.

Bir yay axşamı, bir çayxana masasının arxası idi. Beş nəfər idik – mən, arxitektor və üç xoruzdöyüşdürən.

Vaxtımı saat-saat arxada qoyaraq onlara Şeytanın məğzini və məkrli məqsədini açıqlayırdım.

Onların məlumatsızlığı, yaxud bu barədə məntiqsiz bilikləri məni qızışdırdıqca, mən daha da canfəşan olur, daha artıq təmənnasız tər tökürdüm.

Özüm məruz qaldığım dolayı təhqirlərdən ən yaxşılarını seçib Şeytanın ünvanına göndərirdim.

Bu arada beş nəfərdən yalnız birinin (o, vaxtilə təcrübəli, indi artıq təqaüdə çıxmış xoruzbaz idi) söhbətdə iştirak etməməsi məni get-gedə şübhəyə salırdı.

O isə istehzalı baxışlarla yalnız çayxananın qapısına baxır, özünü elə göstərirdi ki, guya heç vaxt Şeytan oyunlarının qurbanı olmamışdı və indi də bu söhbətləri eşitmirdi.

- Yalnız fahişələr və satqınlar işğala məruz qalmırlar, - dediyimi eşidən arxitektor əliylə bığını və mırıq dişlərini örtüb için-için güldü, qalanları isə ya hansısa bir hiylədən özlərini eşitməzliyə vurdular, ya da zavallılar sadəcə bunu dərk eləmədilər.

Mənə çox demişdilər ki, ətrafımız Şeytan casuslarıyla doludur, ancaq hələ birinə də olsa rast gəlməmişdim.

Bu adamın susması isə iki səbəbdən ola bilərdi: ya o, Şeytan casusu idi, ya da məni casus hesab edirdi.

Bu tapıntıdan sonra onun vəziyyətini başa düşdüm. Söhbəti qurtarmaq ən yaxşı çıxış yolu oldu.
Üç həmkarı masa arxasında qoyub, arxitektorla çıxdıq.

Şəhərə qaranlıq çökmüşdü, lakin bu qaranlığa meydan oxuyan zəif elektrik çıraqları bizim çayxananın girəcəyini və balaca həyəti işıqlandırırdı.

Qara bir avtomobilin yanında dayanmış şəxs diqqətimi cəlb etdi. Onu bu günəcən bu həndəvərdə görməmişdim.

Tək idi, yəqin ki, burularda heç bir tanışı da yox idi. Görkəmi adi olduqca da qəribə idi, yaxud da mənə belə gəlirdi. Xoş niyyətdən əsər-əlamət olmayan gözləri kimisə axtarırdı.

O saat susqun xoruzbazın bayaq iki dəqiqəliyə çayxananı tərk etməsi yadıma düşdü. Yəqin həmin bu Şeytan güdükçüsüylə əlaqə yaratmaqçün çıxmışdı.

Qorxumu gizlədib arxitektordan ayrıldım və getdikcə zülmətə bürünən səki ilə evimiz səmtə baş aldım.

Asta-asta gedirdim, əks səmtə yollanmış arxitektorun ağarmış sifəti hələ gözüm önündə idi, lakin arxadan heç bir bağırtı səsi gəlmədi.

Bu boyda yolu tək gedəcəyimi anlayanda özümə gəldim və sandım ki, sürətlə getsəm yarım saata evdə ola bilərəm.

Amma bu yarım saat… ah, bu yarım saat… cəhənnəm əbədiyyətinə tən gəldi. Əgər məni vahiməyə gətirən hiss və fikirlərimi təsvir etsəm, sizə gülməli və cəfəng görünər.

Fəqət, o hissləri yaşamayan bilməz ki, faktlarımın məhz reallıqdan kənar olması qorxumun əsası idi. Ən azı heç kimə deyə bilməzsən ki, səni Şeytan güdür, gülərlər.

Qərəz, yolun yarıdan çoxunu necə qət etdiyimdən xəbərim olmadı, qarşıdan isə ucqar, dolanbac döngələrin zülməti gəlirdi. Küçələr qəribə tərzdə kimsəsizləşmişdi. Göydə aydan heç bir dilim də qalmamışdı ki, tənhalığımı unudum.

İki yüz addım qabaqda qəfildən yanan faraların şüası düz gözlərimə zilləndi, özümü kənardan gördüm: mənə elə gəldi ki, maşının içində oturanlar beynimi də, ruhumu bulandıran qorxunu da çox aydın görürlər.

Mühərrik işə düşdü, maşın ağır-ağır mənə tərəf gəlməyə başladı, sanki içində oturanlar mənimçün qurulmuş ali planın incəliklərini həll edir, gizli-ilahi kitablardakı adımın üstündən xətt çəkirdilər.

Mən şax gedirdim. Əsas o idi ki, onlara əhəmiyyət verməyim və büdrəməyim.

Qara maşın elə həmin təmkinlə də yanımdan keçdi. Çox yəqin ki, qarşıdakı döngədən bir də çıxacaqdı.

Həmin döngəyə çatdım. Əfsus, indi qulağıma heç maşın səsi də dəymirdi. Sükut mənə nə isə deyirdi, mən isə onu heç eşitmək belə istəmirdim. Evimizə lap az qalmışdı.

Şüurumda evdəkilərin obraz və tənələri oyanmağa başlayırdı, mən yenidən gerçəkliyə doğulurdum və budur, darvazamızı gördüm, sonra da mənə tərəf şütüyən bayaqkı maşını.

Başımı dik tutub yolun ortasına çıxdım, düz maşının üstünə yeriməyə başladım. Ona üç addım qalmış kimsə məni kənara dartdı, baxdım, Şeytan idi və onda anladım ki, Şeytan çox yaxşı bilir, insanı nə vaxt yoldan çıxartmaq lazımdır ki, zavallını maşın vurmasın.

Ona təşəkkürümü bildirib evə dəvət etdim. O isə mənə bir kağız parçası uzadıb, mənimlə ünsiyyətdən yetərincə məmnun olacağını bildirdi və evə çıxmaqdan qəti imtina etdi.

Yəqin o da danlaq və tənələrdən bezmişdi deyə mənimlə getməyə qorxurdu…
XS
SM
MD
LG