Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Hicablı şagirdlərin valideynləri məktəblərə çağırılıblar


«Hicabın bağlanması o deməkdir ki, artıq bu məktəbli forması deyil»
«Hicabın bağlanması o deməkdir ki, artıq bu məktəbli forması deyil»
«Bu günə kimi bütün hicablı şagirdləri dərsə buraxırdıq. Dünəndən məktəbin direktoru göstəriş verib ki, Təhsil Nazirliyi hicablı şagirdlərin dərslərə buraxılmasına icazə vermir».

Bu sözlərlə Bakıdakı 53 saylı orta məktəbin qapıçısı noyabrın 23-də hicablı şagirdləri qarşılayıb.

Təhsil naziri Misir Mərdanov noyabrın 22-də jurnalistlərə açıqlamasında bildirib ki, bütün təhsil müəssisələrində müəllimlər və şagirdlər dərslərdə hicabla iştirak edə bilməzlər.

Təhsil Nazirliyi bir neçə ildir ki, bütün şagirdlərin dərslərə məktəbli formasında gəlməsi ilə bağlı göstəriş verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, bütün məktəblərin rəhbərliyi bu göstərişə əməl etməlidir:

«HƏR BİR VALİDEYN, HƏR BİR ŞAGİRD ÇALIŞMALIDIR Kİ, BİZİM QAYDALARA RİAYƏT ETSİN»

«Hicabın bağlanması o deməkdir ki, artıq bu məktəbli forması deyil. Təhsil Nazirliyi bütün məktəblərin məktəbli formasına keçməsi ilə bağlı göstəriş verib. Məktəb rəhbərliyi çalışmalıdır ki, bu göstərişə əməl etsinlər, qanunlar çərçivəsində həyata keçirsinlər.

Biz heç vaxt hicaba qadağa qoymuruq, Kim necə istəyirsə, hansı geyimdə görünmək istəyirsə ondan da istifadə edə bilər. Ancaq söhbət məktəbdən gedirsə, hər bir valideyn, hər bir şagird çalışmalıdır ki, bizim qaydalara riayət etsin və dərslərə məktəbli formasında gəlsin».

Təhsil nazirinin açıqlamasından dərhal sonra hicablı şagirdlərin valideynləri məktəblərə çağırılıblar. 53 saylı məktəbin hicablı şagirdlərindən biri AzadlıqRadiosuna bunları dedi:

«HEÇ VAXT BAŞIMIZIN ÖRTÜYÜNÜ AÇMAYACAĞIQ»

«Nazirliyin qəti qərarıdır, daha dərslərə başı bağlı gəlmək olmaz»
- Məktəbin direktoru özü bizə dedi ki, məktəbə artıq başı bağlı gəlmək olmaz. Nazirliyin qəti qərarıdır, daha dərslərə başı bağlı gəlmək olmaz.

- Bəs, qoymasalar nə edəcəksiniz?

- Heç vaxt başımızın örtüyünü açmayacağıq.

Həmin məktəbin direktoru ilə görüşə çağrılmış valideynlərdən biri isə görüşdən əvvəl dedi ki, uşağının hicabını açmağa razı olmaz.

«Mən bu saat məktəbə gedirəm. Mənim qızım 8-ci sinifdə oxuyur. Dərsə buraxmayıblar. İndi məni çağırıblar. Gedim görüm nə məsələdir? Deyiblər ki, hətta məktəbdən xaric olunmağa kimi tədbirlər görüləcək. Hər kəsin öz həyat tərzi, öz seçimi var. Mənim övladımın təhsil hüququ var. Əgər mən Allah rizası üçün başımı örtürəmsə, kiminsə tələbi ilə aça bilmərəm ki...».

Valideynlərin məktəbin direktoru ilə görüşü bir saatdan çox davam etdi. Gərgin keçən görüşü əsəbi tərk edənlər də oldu.

53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova isə bildirdi ki, nazirin əmri yerinə yetirilməlidir:

BƏZİLƏRİ BUNA ETİRAZ ETSƏLƏR DƏ, BƏZİLƏRİ MƏNİ ANLADILAR

- Məktəb rəhbəri kimi Təhsil naziri Misir Mərdanov cənablarının əmrini yerinə yetirməliyik ki, şagirdlərimiz dərslərə tam məktəbli formalarında gəlsinlər. Yəni, bu məktəb formaları haqda sərəncamda qızların baş örtüyü ilə dərslərdə iştirakı göstərilməyib. Həmin hicablı şagirdlərin valideynlərini məktəbə dəvət etdim və bildirdim ki, sizin uşaqlarınız dərslərə tam məktəbli formalarında gəlmirlər. Onların bəziləri buna etiraz etsələr də, bəziləri məni anladılar.

İlqar İbrahimoğlu
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAAM) noyabrın 23-də apardığı monitorinqin nəticələrinə görə, orta məktəblərin 95 faizində hicablı şagirdlərin dərslərə buraxılması ilə bağlı hər hansı bir problem aşkarlanmayıb.

Lakin əksər məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmayacaqları bildirilib. Mərkəzin rəhbəri İlqar İbrahimoğlu deyir ki, hicablı şagirdlərin dərslərə buraxılmayacağı təqdirdə bütün hüquqi tədbirlər həyata keçiriləcək:

«HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT EDƏCƏYİK»

- Qanunlarda və Konstitusiyada şagirdlərin dərslərdə baş örtüyü ilə iştirak etməməsi ilə bağlı heç bir norma yoxdur. Lakin bu problem yaşanır və biz hüquq- mühafizə orqanlarına müraciət edəcəyik və məsələnin həllinə çalışacağıq.

Ali məktəblərdə isə vəziyyət fərqlidir. Bakı Dövlət Universitetinin qarşısında söhbətləşdiyimiz hicablı tələbələr onlara hələlik hər hansı bir tapşırıq verilmədiyini bildirdilər. Lakin əksəriyyəti dedi ki, universitet və ya hicab seçimi qarşısında qalacaqları təqdirdə hicabı seçəcəklər.

Azərbaycan Müəllimlər İnstitutu oktyabr ayından hicablı tələbələrin dərslərdə iştirakına qadağa qoyub. Bu qadağandan sonra tələbələrdən bəziləri hicabdan imtina etməli olub.
XS
SM
MD
LG