Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Zümrüd Yağmur "Allah qayıdır?!" (Yeni romandan bir parça)


Yazıçı Zümrüd Yağmurun yenicə çapdan çıxmış "Allah qayıdır?!" romanından bir parça


...Şəhərin üzərindən əsən külək aləmi başına götürmüşdü, elə bil indicə qiyamət qopacaqdı.

Xəzri elə qəzəblə əsirdi ki, sanki öz halında sükunət tapmış şəhərin altını üstünə çevirəcəkdi, ancaq öz istəyinə nail olmayıb yeni ucaldılmış göydələnlərə toxunub kükrəyir və necə gəldi, yan yörəsi satılıb tikilmiş dar küçələrdə dolanıb hikkə ilə uğuldayır, susmağa vərdiş etmiş şəhər sakinlərinin əvəzindən haray çəkirdi.

Ancaq qorxudan susmağa vərdiş etmiş adamlar küləyin onların əvəzindən çəkdiyi bu harayın mənasını anlamayıb uğultudan gileyləndikcə xəzri daha da qeyzlənib təmizlənməyən şəhərin toz dumanını sovuraraq onların başına ələyirdi.

Neçə gün idi ki, onsuz da canı boğaza yığılmış adamların əsəblərini daşdıracaq son damla olacağı ümidi ilə əsib, onları da özü kimi kükrədəcəyinə ümid edir, ancaq “sabitliyi” seçmiş adamların ona qarşı çevrilmiş lənətindən başqa heç nə əldə edə bilmirdi.

Əslində bu şəhərdə qiyamət çoxdan başlamışdı.

İnsanlar da sorğu-sualsız cəhənnəmə göndərilmişdi, kimsə də özünü bu cəhhənəmdən qurtarmaq üçün nə cəhd edirdi, nə də biri bura haqsız göndərildiyini dilə gətirirdi.

Hamı razılaşıb oturmuşdu.

Azacıq narazılığını bildirənlər isə “cin- ifritlərin” hüzuruna göndərilirdi.

Teymur da indi ifritlərin caynağına keçmişdi, səhərin gözü açılandan işıq pulu yığanlar naqil kəsən maşınla qapını kəsdirmişdilər, iki aydan bəri verə bilmədiyi borca görə işığını kəsəcəklərdi.

Teymur başını itirmişdi, bir tərəfdən arvadının tənəsi, bir tərəfdən də işıq pulu yığan adam zəhləsini tökürdü, əlindən xəta da çıxa bilməzdi, tutub aparsaydılar nə olacaqdı, onda qızının, arvadının halı lap pisləşərdi, elə buna görə susub bir dil tapmağa çalışırdı, amma deyəsən gələnlərin insanlığı çoxdan ölmüşdü.

- Ay kişi, qaçmıram ki, burdayam də, verəcəyəm, indi bayram qabağıdır, niyə işıqsız qoyursan məni, insanlıq insana gəlib də... Nə olacaq, vermirəm demirəm ki, bayramdır axı, bir insafınız olsun...

Hərdən məhəlləyə “yuxarılardan” yoxlama gələrkən rəisinin yanında yumağa dönüb ora-bura qaçan adam Teymurun sözünü ağzında qoyub “verməlisən” dedi və Teymur anladı kı, daha dil tökməyin mənası yoxdur.

Gələn adam Teymurun düşdüyü aciz vəziyyətdə ağzından çıxan bu amirənə hökmlə rəisin qarşısında az qala hər gün ona hiss etdirilən aşağılığının qisasını alırmış kimi indi də özündən aşağı hesab etdiyinə şərt qoymağın ləzzətini çıxarırdı.

Teymur daha danışmadı, qarşısındakının üzündəki daş kimi donuqluğa, gözlərindəki buz kimi soyuqluğa baxıb demək istədiyi sözləri boğazında düyünləyib susdu.

Öz halı ilə barışıb kənara çəkildi.

Gələnlər çıxıb işığı kəsdilər, Teymur da bayram günü işıqsız qalan ailəsinin üzünə baxmaqdan utana-utana evə girdi.

Arvadının qarşısında onsuz da heç vaxt “güclü ər” ola bilməmişdi, ola da bilməzdi, həmişə sındırılıb aşağılanmışdı, işıq pulunu toplamağa gələndən tutmuş, bir şey almaq üçün cibindəki pulları saymasına qədər hər şey onun ailə başçısı statusunu çoxdan zədələmişdi və Teymur bunun fərqində idi.

Hiss etdikləri artıq çiyinlərinə oturmuşdu və yaşadığı Qəsəbədə demək olar ki, bütün kişilərin eyniləşib bir-birinə oxşamasından bilirdi ki, yoxsulluq hamını əzilməkdə, aşağılanmaqda bərabərləşdirib.

Bir də bütün bunların nisgili vardı ki, Teymur ürəyinin dərinliklərində kədərin onu bu yerlərdən tez alıb götürəcəyini hiss edirdi.

Tək nigarançılıqı qızından idi və indi də nigaran-nigaran ona baxan qızının gözlərindəki kədərə, bir az yığılıb aşağı sallanmış sısqa çiyinlərinə baxıb bir şey də yemədən işi olmasa da evdən çıxdı.

Teymurun dədə-babası atçılıqla məşğul olmuşdu, o da fayton işlədirdi, dəniz kənarı parkda fayton sürüb qazandığının yarısını Bulvar idarəsinə rüşvət verib yarısı ilə də bir təfər dolanırdı, amma parkda istirahət edənlərin bəxtinə günəş doğanda onun bəxtinə qar yağmışdı.

Təzəcə təmir etdikləri parka qatar gətirmişdilər, hansısa zəngin məmurun idi, faytonlar da daha parka buraxılmadı, o da atını, faytonunu hələ satmasa da, daha pul qazana bilmədiyindən günü- güzaranı qaraya dönmüşdü.

Hara gedəcəyini bilmədən evdən çıxanda da qanı elə qara idi ki, heç kimi görmək istəmirdi, ancaq onlardan bir az aralıda kirayədə yaşayan Azərin evinə çatanda dayandı. Həyətə boylandı, Azər gözə dəymirdi.

Sakitlik idi, amma Teymurun ürəyi elə şişmişdi ki, kiminləsə danışmasa ürəyi partlardı, ona görə də keçib gedə bilmədi.

Dəmir, paslı darvazanı itələyib həyətə keçdi, Azəri səslədi, səsə Azərin arvadı Zərifə çıxdı.

Zərifə Teymura görə mərd qadın idi, ərinin qədrini, yolunu bilirdi, olanlarla, yəni ərinin yoxsulluğu ilə barışırdı, təkcə barışmırdı, elə onun kimi də cəsarətli idi, sözünü deməkdən çəkinmirdi, kimsəyə də əyilmirdi, yaltaqlanmırdı.

Eynən əri kimi və Teymur hər dəfəsində Zərifəni görəndə Azərin yoxsul olduğunu bilsə də ona qibtə edirdi.

O nə özü Azər idi, nə də arvadı Zərifə kimi idi...

Zərifə Teymurun gəldiyini deyən kimi Azər qapıda göründü.

Salamlaşıb onu içəri dəvət etdi, Teymur etiraz edib elə həyətdəcə durdu.

- İşığı kəsdilər, alçaqlar, bayramı işıqsız qaldıq, başımı itirmişəm, verə bilməyəcəyəm də, - Teymur dərddən doğurdan başını itirmişdi.

- Bizimkini də kəsdilər.

- Bəs nə edəcəksən, necə olacaq? - səsindəki çarəsizlik Azərin içini göynəltsə də susub çiyinlərini çəkdi, sakit idi, ya da belə görünmək istəyirdi, Teymura aydın olmadı.

Azər bir müddət beləcə ona baxdı və ancaq indi hiss etdi ki, Teymur ürəyini boşaltmağa, daha doğrusu ondan ümidverici bir söz eşitməyə gəlib, istədi nəsə desin, amma sözlər boğazında ilişdi.

Deməyə bir söz yoxdu, o da hər gün televiziyalarda danışanlardan deyildi ki, inkişaf olduğundan danışıb ac olan camaatı dolasın.

Sübut etməyə çalışsın ki, siz əslində yaxşı yaşayırsınız, amma nadan olduğunuza görə bunu anlamırsınız.

Sonra biri daha da sərsəmləməkdə irəli gedib danışdığı, dediyi rəqəmləri hardan götürdüyünü bir bəndənin bilmədiyi halda desin ki, ölkəmiz dünyanın ən inkişaf etmiş ölkəsidir.

Susdu, camaat onsuz da o qədər yalan eşitmişdi ki, doymuş məhlul kimi idi, daha nə deyirdinsə reaksiya alınmırdı ki, alınmırdı.

Nə yalanlara inanan vardı, nə də bu yalanları danışanları qınayan, kimsə televiziyalarda danışanlara qulaq asıb özünü də yormurdu.

Hamı özünü vermişdi qonşu ölkədə çəkilən, zənginlərin həyatında baş verən hadisələrlə dolu seriallara baxmağa, kişilər də gecə evdə ya seriala baxırdı, ya da yerli kanallarda verilən “şou-biznes” aləmindəki qalmaqallara...

Yalandansa bu yaxşı idi, çünki yalana qulaq asanda ya gərək buna özünü inandırasan, ya da durub dava edəsən ki, niyə məni dolayırsınız, yəni mən bilmirəm ki, adam yerinə qoyulmuram, adam kimi də yaşamıram.

Bu sözləri deyən kişilərin sayı barmaqla sayılırdı, gedənlər getmiş, qalanlarsa özünü inanmış kimi göstərib susurdu.

Azər susanlardan olmasa da indi Teymura deyəcək bir sözü olmadığından deyil, dediklərindən tez doyub bezəcək Teymurun üzündəkiləri, soruşduğuna peşimanmış kimi durub ona baxacağını görmək istəmədiyindən susurdu. Amma deyəsən işıqsız qalması Teymurun cəsarətini artırmışdı, ona görə kim gəldi söyüb aləmi bir-birinə qatdı.

Azər pillələri enib Teymurla yanaşı əyləşdi, istədi bir dəfə də onunla qoşulub etiraz mitinqinə, piketə getməyən Teymura tənə etsin, indi ayağına bərk basıldığına görə belə danışdığını, söydüklərindən biri indi gəlib qarşısında dayansa ildırım sürəti ilə dəyişıb gələnə duaçı, arxasınça qarğış edənə çevriləcəyini söyləsin, amma susdu...

Əvvəllər olsaydı deyərdi, amma son illər susmağı öyrənmişdi.

Bir neçə il öncə bundan əzab çəkirdi, səbrli olmaq əsəbləri bahasına başa gəlirdi, indisə yox, hətta onun sakitliyini biganəliyə yozan Teymurun üzündəki ifadədən bunu hiss etsə də, halını pozmadı.

O daha sevə bilmədiyi insanların azadlığını yenə arzulayırdı, hörmət edə bilmədiyi adamların köləlikdən, təəbəlikdən çıxmasını istəyirdi, amma daha bu istəklərin heç birində sevgi yoxdu, sentimentallıq, idealistlik yoxdu.

Daha azad olmasını istədiyi adamların ona dəstək olub arxasınca gedəcəyinə də inanmırdı...

Evləndiyindən, Allahın xeyir işə dəstək olmadığını öyrənəndən bəri onunla ruhi bağlantısı zəifləsə də əmin idi ki, haqq deyə bir şey var.

Ancaq Allah haqqından bir parça bu adamlara, krallıq qurulmuş bu ölkəyə göndərmək üçün ən azından bəhanə tapmalı idi.

O “bəhanə” yoxdu, “ağzıma halva deməklə də şirin olmadığı kimi” camaatın da evdə oturub onları yalanları ilə dolayanları söyməsi, nifrət etməsi ilə bir şey olmurdu.

Elə buna görə də Allah nəzərlərini buralardan çəkmişdi, adamlar da ümidlərini Allahdan...

Beləcə rabitə, əlaqə kəsilmişdi...

Kraldan qorxanlar Allahdan qorxanlardan çox idi, namaz qılıb oruc tutanlar da dindar olanlardan...

Məhərrəmlik ayında məscidə gedən çox idi, amma imam Hüseyn kimi haqq uğrunda savaşan yox idi...

Teymur gedəndən sonra Azər qalxıb bir xeyli evdə yubandı, arvadı ilə danışanda dinçəlirdi, hər şeyini paylaşırdı, beyni, əzaları dinçəldikcə də bir az yüngülləşib işə gedirdi.

Qəzetdə işləyirdi, adamlara nəsə çatdırmaq istəyirdi, hər gün, fasiləsiz yazırdı, amma camaata demək istədiklərini kimsəyə çatdıra bilmirdi, çünki eşitmək, bilmək istəyən yoxdu.

Elə özləri deyib, özləri də eşidirdi, ya da özləri yazıb özləri də oxuyurdu.

Dəyirman daşı kimi elə bir yerdə fırlanırdılar. Üyüdülən də öz ömürləri idi.

Həmçinin oxu
Zümrüd Yağmurun yeni romanı çap olundu
Zümrüd Yağmurla yeni romanı haqda müsahibə
XS
SM
MD
LG