Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Tərəkəmə çölünün kitabı


Nərmin Kamal bu məqaləsi ilə yazıçı Kəramət Böyükçölün "Çöl" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


TƏRƏKƏMƏ ÇÖLÜNÜN KİTABI

Qədim Çin rəssamlığından gələn, bugünkü tərtibatlarda da yaşayan bir ənənə var.

İki rəsmi böyük bir ağ kağıza aralarında üç-dörd barmaq məsafə qoymaqla paralel yapışdırırlar.

Rəsmlərin birində ayrı təsvir olur, birində ayrı; məsələn, birində quzusuyla gəzən qız, o birində tənha ağac.

Bəzən bu rəsmlər eyni mövzuda çəkilmiş olur; birində nar, birində alma da ola bilir, birində bahar mənzərəsi, o birində payız mənzərəsi də.

“Çöl” romanının girişində iki gənc dost bir il altı ay on səkkiz günlük bir-birilə sağollaşır, hərəsi öz romanını yazmağa yollanır.

Sonda görüşüb bu romanları bir-birlərinə oxuyurlar və onları üst-üstə qoyub ümumi bir başlıq, “Çöl” adı altında, bir kitabda nəşr etməyə yollanırlar; kitabın əvvəlində

"Məqsəd keçmiş şərqli həyatıyla bugünkü Avropa həyatını bir Azərbaycan kəndinin üzərində ixtilafa salmaqdır, amma tərəfləri təmsil edən obrazlar yumşaq desəm, mütənasib seçilməyib. Avropanı Hollandiyanın cinsi oyuncaqlarıyla simvollaşdıran bir mətn qapıya qoyulan “mən qonşuya keçmişəm, beş dəqiqəyə gəlirəm” qeydinin mətni kimi keçicidir, qısırdır".
Kəramətin birinci yazıçısının romanı, kitabın axırında qırx səhifə isə Kəramətin ikinci yazıçısının romanıdır.

Bu quruluş mənə iki rəsm əsərini ümumi bir ağ çərçivədə təqdim etmək üsulunun mətn versiyası kimi çox xoş görünür və kitabın ilk səhifələrindən birinci yazıçının “Bizə tərəkəmə deyirlər. Yayda yaylağa, payızda Mil-Muğan düzündə yerləşən “Şirinqum” adlanan qışlağa köçürük. ...Qum təpələrinin yaxınlığında babamgilin ferması var...” cümlələrilə başlayan romanını oxumağa başlayıram. Amma...

Üç çay

...oxuduqca qarşıya üç çay çıxır. Bu üç çay – üç əngəldir. Əgər bu çayları keçə bildinsə, bu əsəri sevəcəksən. Nədir bu üç çay?

Birincisi, “şəhər” çayıdır. Çoxlu-çoxlu “əniklərimiz, qaşqa atlarımız”, “sürünü xamdan çıxaranda”, “nə yemisən, əliqulular kəndinin quşəppəyindən”, uşaqların qoyun qığı ilə qığmərə oynaması, “hər qoyun qığlamır”, “qoyunun poxunu dama-dama riyaziyyat dəftəri kimi dama-dama kəsib qucağımızda çölə daşıyırıq”, “yulğun çıtığından samovar qaynatdırır”, “qoyunların hürkməsi xoşuma gəlir”, qoyun doğanda quzunun yatdığı pərdədən suluq adlı yemək bişirilməsi, inəyə anası ölmüş başqa buzovu öz balası kimi qəbul etdirməyin metodları, ferma söhbətləri bir-birini əvəz edir; müəllif bu həyatı necə məhəbbətlə təsvir edirsə, şəhərli oxucunu bu söz-söhbət o qədər çox itələyir.

Məsələn, yüzminlərlə adam kimi, mən də Azərbaycan kəndinə ilk dəfə 23-24 yaşım olanda getmişəm, onda da bir gün qonaq qalıb qayıtmışam.

Bu təsvirlər mənə və ölkənin, dünyanın statistik hücumla şəhərləşən insanlarına çox yabançıdır.

Üstəlik, bu, adi kəndlilərin həyatı deyil, güzəranı heyvandarlıq olan tərəkəmələrin həyatıdır.

“Tərəkəmə” sözünü ilk dəfə 9-10 yaşlarımda eşitmişəm; harasa gedirdim, tələsik bir ütüsüz paltar geyinib qapıdan çıxdım, anam paltarımın qırışlarına baxıb dedi: “Tərəkəməsən?”

“Tərəkəmə” sözü milyonlarla insan üçün “atüstü həyat”, “sivilizasiyadan uzaq”, “ibtidai həyat” sözlərinin başqa adıdır; belə həyat tərzi getdikcə mürəkkəbləşən, sivilləşən müasir insanda ikrah doğurur.

Bitib-tükənməyən qoyun, inək, alaçıq, ferma əhvalatlarını, hətta inək iyi verən südü sevməyən, orada böyümüş cavanların vəhşi - proqnozlaşdırılmaz passionarisindən qorxan qızı, kəndlinin ləhcəsinə, avamlığına gülən oğlu, “kənd təsərrüfatı ölkəsinin kənd təsərrüfatı ədəbiyyatı”, “bu ibtidai əhvalatlar təkcə sizin özünüzə doğmadır deyə, ədəbiyyata gətirmək yetər” – düşünən ziyalısı olan əl-ayağı təmiz şəhərlini elə öz çayı da aparacaq, bu kitabı sevə bilməyəcək.

Bu ehtimal böyükdür.

Müəllif çoban çöllərinə belə bir bucaqdan yanaşır:

“Çöllərin genişliyi təfəkkürün böyüklüyüdür.”

Bu yanaşmanın tam əksi olaraq, “Əli və Nino”da belə bir müqayisə var: “İnsanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır.

Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöldə isti külək və qızmar qum insanları sərxoş edir.

Çöl dünyası sadə və problemsiz bir dünyadır. Meşə isə suallarla doludur.

Çöl sual vermir və heç nə vəd etmir. Ruhun atəşi, qığılcımı meşədən gəlir.

Çöl adamı, yəni gördüyüm və təsəvvür etdiyim çöl adamı yalnız bir hissə və bir həqiqətə malikdir: bu iki şeydir onun daxilində olan. Meşə adamı isə çoxtərəflidir.

Təəsübkeşlər çöldən gəlirlər, yaradıcılar isə meşədən. Şərq ilə Qərb arasında əsas fərq elə budur.”

Başqa sözlə, meşədə hər addım insandan oyaqlıq istəyir.

Qarşındakı ağacın arxasında nə olduğu bəlli deyil, sən ayıq olmalısan, sən onu tapmalısan, ona qarşı savaşmalısan.

Meşə insana mübarizə əzmi tərbiyə edir. Görünən çöllərsə bələdçi istəmir.

Təhlükə olsa, zatən onu milyonlarla addım uzaqda olanda görəcəksən, odur ki, arxayınsan. Günəş başına od ələyir, sən xumarlanır, passivləşir və yatırsan.

Beləcə, səhifələrində qoyun-quzu, dəvə, inək, çobanlar, maldarlığın sirlərini danışan babaları görüb özünü tapa bilməyən şəhərli çayı keçə bilmir.

Amma bu “şəhər” çayından keçməyin bir qayığı var:

Müasir mədəni insan – şəhərli deyil, fərqli mədəniyyətləri tanımaq, başqa yerlərdə başqa insanların necə yaşadığını, xoşbəxtliyə necə can atdığını öyrənən, fərqli insanların güzəranına sevgilə yanaşan insandır.

Bu çayı keçəndən sonra qarşıya çıxan ikinci çay – “dramatik süjet” çayıdır.

Siz pul verib qalın bir roman almısınız, özünüzü uzun bir tarixçənin ənginliklərinə vurmağa hazırlaşırsınız, sobanın yanında yer edib oxumağa başlayırsınız.

İndicə sizi romanın əvvəlindən sonuna aparacaq uzun qalın bir kəndirdən yapışacaqsınız, kəndir sizi bir yerdən götürüb uzun səyahətdən sonra başqa bir nöqtəyə çatdıracaq.

Amma bunun əvəzində nə görürsünüz? Yapışacağınız belə bir dramatik hekayət kəndiri yoxdur.

Əvəzində qısa-qısa iplər var; budur, bir tərəkəmə uşağı babasının babasının babasının çiy qoyun quyruğunu yeməsindən danışır, bununla siz bir ipdən yapışırsınız, kabab əhvalatı bitir və yapışdığınız ip də sizi yerə qoyur.

Sonra “bir dəfə babamın babası qızmış bir nəri yıxıb” – deyə növbəti əhvalata başlayır, - daha bir ipdən yapışırsınız, babanın ağıl işlədərək çuxasını dəvənin altında qoyub özünün sivişib çıxmasıyla əhvalat bitir, o ip də sizi yerə qoyur.

Sonra babanın öz babası haqda növbəti hadisəni danışmağa başlamasıyla siz daha bir ipdən yapışırsınız, əhvalat bir neçə cümləyə bitir və ip sizi yenə yerə qoyur.

Səhifələr beləcə, babanın özü, babanın atası, babanın babası haqda əhvalatdan əhvalata, xatirədən xatirəyə keçməklə ötür.

Əhvalatların biri “babam danışır, ona da öz babası danışırmış”, biri “babam danışır, ona da atası danışırmış”, biri “ bir dəfə”, biri “babam canlı tarixdir... çoxdan, lap çoxdan babam danşırdı ki”, biri bir qoyunun qırxılması qədər vaxt keçincə bunu danışım - kimi keçidlə başlanır.

Beləcə, kiçik-kiçik iplər bir-birinə düyünlənir, toxunur.

Bu bir-birindən asılı olmayan müstəqil əhvalatlar babanın xarakterini açmağa xidmət edir.

Burada bir neçə qısa sevgi əhvalatı ipi var.

Məsələn, babanın nəvəsi – təhkiyəçi fermadakı Narın adlı bir qızı sevir, Narının əlinə onu sevdiyini yazır, Narınsa hərf bilmir, oxuya bilmir, nəvə nənənin onları evləndirməkdən danışacağını gözləyir, amma nənə bu barədə danışmır, nəvə böyüyür, Bakıya oxumağa gedir, sevgi əhvalatı “kaş burdakı qızlar Narın olaydı” nidası ilə bitib qurtarır; - bir neçə səhifə davam edən Narın əhvalatı da, Narının əkiz bacısı Xanıma əsgərlikdən gələn sevgi məktubu və Xanımın anasının yazdırdığı cavab, nəticədə oğlanın əsgərlikdən qaçması da sizin üçün o kəndir ola bilmir.

Bu əhvalatlar bu surətlərin xarakterini, məsələlərə yanaşma tərzlərini çox gözəl açır, açıb göstərir ki, bu tərəflərdə adamlar necə yaşayırlar, nə düşünürlər, necə sevirlər, necə mühakimə yürüdürlər, nəticədə yazıçı məqsədinə çatır, axı məqsəd çöl adamlarının həyatını, unudulmaqda olan tərəkəmə həyat təcrübəsini göstərməkdir, buna nail olur, - amma siz axtardığınız vahid dramatik süjet kəndiri yoxdur.

Bu çaydan da keçməlisiniz. Bu cür əhvalatlar hörgüsünü görüb “Bu roman deyil”, hadisəçilik, əhvalatçılıqdır - deyib kitabı atmağa tələsməməlisiniz.

Zira, çobanların, tərəkəmələrin həyatının ən dramatik süjeti, ən dramatik qəhrəmanı Koroğludur.

Kəramət Böyükçöl
Yüzillər keçsə də, hələ də onların heç biri ədəbi qəhrəmanlıq məsələsində “Koroğlu”nun qabağına keçmir.

“Koroğlu” onların həyatında olduğu kimi, bu kitabda da ən dramatik adam, hadisə, süjetdir. Beləliklə, ikinci çayı keçəndən sonra qarşınıza üçüncü çay çıxır.

Üçüncü çay “Koroğlu” çayıdır. “Çöbanlar Koroğluya çox inanırlar”.

Həftədə bir dəfə məktəbli nəvəni hörmət-izzətlə çağırırlar ki, onlara “Koroğlu” dastanından oxusun. Əvəzində dastanın hər qoluna görə, oğlana bir qoyun bağışlayırlar.

Uşaq dastanı oxuyub bitirir, amma çobanların Koroğlu ehtiyacı bitmir.

Odur ki, kəndlilər “Koroğlu”nun davamını uydurmağa başlayırlar.

İlk dəfə baş çoban Həsənağa dastanın davamını danışmaqla özünü və özgələri ovudur; budur, Koroğluyla Bruslinin görüşündən danışır, “Koroğlu nərə çəkir, Brusli pişik kimi miyoldayır”...

Gopçu çobanların dililə Koroğlunun gah Səddam Hüseynlə görüşməsi, ordan Fransaya, ordan da Amerikaya gedib “Puşa deyəjəm, ə, utanıb ölmürsən, özgə torpaqlarına göz tikirsən” söyləyəcəyini deməsi, “Koroğlunun Amerikaya səfəri” fəslində Züleyxa arvadın dilindən “Koroğlu Rusiyanın baş biləni ilə görüşüb”, “Koroğlu Puşla öpüşüb qucaqlaşıb” – kimi iki uyğunsuzun uyğunlaşdırılması texnikasından irəli gələn əhvalatlar üçüncü çayda ilişənlərin əsas səbəbidir.

Çünki bütün bunlar bu çayı keçə bilməyənlərə bayağı görünür, avam kəndlilərin dünya siyasəti haqda fantaziyaları, bu fantaziyalarda “Buşun, Putinin, ermənilərinin baş biləninin” Koroğludan qorxması sizi lap hövsələdən çıxarır, bunlar sizə çoban arvadlarının sarsaq söhbətləri kimi lazımsız görünür, nə sağlam mühakimə, nə yumor, nə absurdsevər zövqünüzü ödəmir, “bu nə şit söhbətlərdi” deyib çayda qalırsınız.

Amma bu çayı da keçməlisiniz.

Fəlsəfədə belə bir məsələ var. Səsli söz və yazılı söz.

Bu mövzuya ən məşhur misal Sokrat misalıdır. Sokrat yeganə filosof idi ki, öz fəlsəfəsini yazmır, danışırdı; onu dinləyənlər onun ölümündən sonra müxtəlif təlimlər yaratdılar.

Bu təlimlərdən bəziləri bir-birinə tamamilə zidd idi, buna baxmayaraq, onların hamısı, hətta bir-birinə zidd olanlar da eyni bir adamın - Sokratın söylədiklərinə əsaslandıqlarını bəyan edirdilər.

Sokratın sözü yaddaşlarda şifahi qaldığına görə, səsli söz - canlı söz idi, o yana, bu yana rişə atır, cürbəcür hallara salınır, özü ilə sərbəst davranılmasına izn verirdi.

Sokrat cürbəcür təlimlərin və fantaziyaların qəhrəmanı idi.

Hesab olunur ki, onun sözü məhz şifahi olduğuna görə, bu, onun təsirliliyini artırıb.

Hər dinləyən Sokratı bir cür qavrayıb, səs beyinlərdə cürbəcür əks olunub.

Bu, həm də şifahi qəhrəmanların yazılı qəhrəmanlardan güclü olmasının səbəblərindəndir.

Əgər Koroğlu yazılı ədəbiyyatın qəhrəman olsaydı və əgər kəndlilər Koroğlunu özləri birbaşa kitabdan oxusaydılar, ona bu qədər qol-qana verməz, şişirtməzdilər.

Amma onlar bu dastanı şifahi – səslə eşidirlər, oxunun cavabı yazı olduğu kimi, eşidilən sözün də cavabı deyilən sözdür.

Üstəlik, tərəkəmələrdə şifahi ədəbiyyat xüsusən qüvvətli və yayğındır.

Beləcə, Koroğlunu interpretasiya etmək imkanları sonsuzlaşır, Koroğlunun indi harada olması, nə etməsi haqda müxtəlif fərziyyələr dolaşır.

Tərəkəmələrdən danışıb onların bu sözbazlığından, fərziyyəbazlığından danışmamaq düz olmazdı, Koroğlu söhbətləri burada müəllif üçün oxuculara hansısa (məsələn, yumoristik) zövq bəxş etməkdən çox tərəkəmələri bədii tədqiq etmək, açmaq vasitəsi kimi zəruri olub.

Ortaya çıxan avamlıq faciəvidir. Burada kəndlilərin “Koroğlu”dan başqa ümidi yoxdur.


"Mövzuca bu əsərin Qərb ədəbiyyatındakı qardaşı Forrest Karterin “Kiçik ağacın təhsili” (“The Education of Little Tree”) romanıdır".
Onun igidlikləri haqda fərziyyələr mürəkkəb dünya siyasətini tərəkəmə üçün izah edir, necə ki, uydurduğu miflər qədim insana qədim dünyanın başçıxmazlarını izah edirdi.

Amma “Koroğlu” axırda onlara xəyanət edir, fərziyyələrdə “Koroğlu” tədricən qəhrəmandan pis adama, xilaskardan satqına çevrilir:

“Koroğlu rusların lap böyüyünə deyir, Saşa, Giziroğlu Mustafa bəyə deyərəm, sizə şeşpər qayırmağın sirlərini öyrədər. Siz də zavodunuzda onu geniş istifadə eləyib satarsınız Ermənistana, Ermənistan da atar Azərbaycana”.

Sonra da “Koroğlu Nigarı boşayıb gedib Rusiyanın böyüklərindən birinin dul baldızını alır”.

Babalar və nənələr

Mövzuca bu əsərin Qərb ədəbiyyatındakı qardaşı Forrest Karterin “Kiçik ağacın təhsili” (“The Education of Little Tree”) romanıdır.

Karter Kiçik ağac adlı balaca oğlanı – əslində öz uşaqlığını təsvir edir; təbiəti çox yaxşı bilən babasıyla nənəsinin yanında keçirdiyi uşaqlığının çöl, dağ, meşə xatirələrini, əhvalatlarını yazır.

“Çöl”ün qəhrəmanları bu gün ekzotik toplum, azlıq – tərəkəmələr olduğu kimi, “Kiçik ağacın təhsili” romanının qəhrəmanları bu gün azlıq olan qırmızıdərililər - hindulardır.

Hər iki əsərdə təbiət qoynunda keçən həyat - kiçik əhvalatlar, xatirələr vasitəsilə hörülüb.

Hər iki əsər ideyaca itirilmiş dəyərlərə sayğı, onların həyatda, ən azı yadda saxlanmasına çağırış kimi qiymətləndirilir.

Hər iki əsərdə baba fiquru əsas yer tutur. Hər iki əsərdə baba təbiəti dərindən bilir, bildiklərini nəvəyə öyrətməyə, ənənələri yaşatmağa çalışır.

(Baba: “Bunları da öyrən. Gələcək nəsllər bunu bilsinlər. Bu da bir elmdir” s. 104)

Amma “Çöl”dən fərqli olaraq, “Kiçik ağacın təhsili”ndə nənə avam, ibtidai təsvir olunmur, Karterin əsərində baba təbiəti bildiyi kimi, nənə də insan ruhunun şamanıdır.

Nənə də ağıllı qəhrəmandır, nəvəyə insanın iki cür ağlından, canın növlərindən danışır...

“Çöl”də isə qadın həmişə avamdır, kəsikdir, baba həmişə nənədən əlli pillə yüksəkdədir.

Kəramət Böyükçöl
“Kiçik ağacın təhsili”ndə beş yaşından on yaşına qədər babasıyla nənəsinin yanında təbiətdə böyüyən uşaq onlardan sevgini, səmimiyyəti, həssaslığı, təbiətin sirlərini, o xalqın ənənələrini öyrənir, onların ardınca həsrət çəkir, “Çöl”də eyni yaş dövründə olan uşaq eyni şeyləri öyrənir, amma təkcə babasından, babalarından. Sonda babasının ölümünü “Çöllərin əlifbası öldü” deyə, sonsuz kədərlə anır.

Söz və ifadələr

Kitab boyu kənd təsərrüfatına aid onlarla sözə, dialektə rast gələndə mənə elə gəldi ki, pis bildiyim bir xarici dildə kitab oxuyuram, cümlələrin yarısını başa düşürəm, xeylisi isə anlaşılmazdır.

Bu gün internetdə tərəkəmə mədəniyyətinə dair onlarla sayt, bloq, elmi mənbə və s. (məsələn, terekemem.tr.gg) var, tərəkəmə dilindən, mədəniyyətindən xatırlanıb əlavə olunan hər bir söz o saytlarda çox böyük sevinc reaksiyaları doğurur.

Elə isə bu əsər türk mədəni mozaikasıyla maraqlananlar üçün çox qiymətli arxivdir.

Babanın, nənənin, fermadakı qohum-əqrəbanın məişət əhvalatlarının içinə düşəndə ortaya çıxa biləcək “Heç öz qohum-əqrəbamın məişət əhvalatlarını xoşlamıram, özgəsinin məişət əhvalatları nəyimə lazımdı” – düşüncəsinə qarşı burada xoş bədii ifadələr var: “Saatın 11-in 12-ə tərəf yıxıldığı vaxt olardı”, “indi çöllərin quzu vaxtıdır. Atam getdi kəndə. Elə bil yanımdan kənd köçüb getdi”.

İkinci yazıçının romanı

İkinci yazıçının romanında 500 yaşı olan qoca çinar yıxılır, bunun ardınca kəndlilərin sifətləri izaholunmaz şəkildə yaşıllaşır, Yetər arvad Hollandiyadan cinsi oyuncaqlar gətirib kəndin arvadlarına, kişilərinə satır, kənddə cinsi azğınlıq başlanır, nənə nəvəni zorlayır, kənd məişətinin üfunəti kəskinləşir, dəhşətli tufan qopur, kəndi sarılıq bürüyür...

Kəndi başına götürüb gedən bu fəlakət içində Şeyx Əzim adlı bir kişi Göyçəyin yuxusuna girib deyir ki, mən o yıxılan çinarı yüzillər bundan əvvəl əkən kişiyəm, “kəndiniz niyə dağıldı bilirsənmi”, “kəndinizi çinar yıxdı, çinarın ruhu tutdu sizi”, “çinar Yetərin Avropadan gətirdiklərini süpürüb aparmaq istəyirdi”.

Göyçək yuxudan oyanıb dəli kimi yüyürür, kəndin başına gələnlərin “babalarımızı görmüş” çinarın yıxılmasına görə olduğunu, çinarı isə “O”nun yıxdığını bağırır.

Bir də soruşurlar, çinarı kim yıxdı? Göyçək yalnız bunu bağırır: “O”.

Bu hissədə də ilk baxışdan kənd ağbirçəklərinə, hörmətli-izzətli adamlara, mollaya, meşəbəyinə, ona-buna kinayə olsa da, əslində heç bir kinayə yoxdur.

Keçmişin, keçmiş adət-ənənənin, keçmiş düzənin nişanəsi olan Ağacın yıxılmasıyla bütün bəlaların başlanmasına dəfələrlə eyham vurulmasının mənası açıq-aşkardır:

Ay kəndlilər, ay camaat, çinarın - keçmişin, əcdadların altından çəkilməyin, yoxsa başınıza dəhşətli bəlalar gələr!

Keçmişin, əcdadların ədəbiyyatdakı və fəlsəfədəki rəmzi həmişə Ağac olub (Həyat Ağacı, Dünya Ağacı, Nəsil Ağacı...), burada da çinardır.

Avropanın rəmzinin isə Hollandiyadan gətirilən cinsi oyuncaqlar olması adi şərqlinin qüsurlu düşüncəsidir.

Məqsəd keçmiş şərqli həyatıyla bugünkü Avropa həyatını bir Azərbaycan kəndinin üzərində ixtilafa salmaqdır, amma tərəfləri təmsil edən obrazlar yumşaq desəm, mütənasib seçilməyib.

Avropanı Hollandiyanın cinsi oyuncaqlarıyla simvollaşdıran bir mətn qapıya qoyulan “mən qonşuya keçmişəm, beş dəqiqəyə gəlirəm” qeydinin mətni kimi keçicidir, qısırdır.

İki gənc yazıçı 1 il altı ay on səkkiz günün əvvəlində bir-birlərinə demişdilər ki, ötən əsrin sahillərində qalmış həyatdan imtina edib bugünkü həyatın nəfəsini və xışıltılarını qələmə almalıyıq (6-cı səhifə). 1 il altı ay on səkkiz günün sonunda isə qərarın tam əksini etmiş oldular.

Bugünkü həyatın nəfəsi və xışıltılarından imtina edib ötən əsrin sahillərində qalmış həyat üçün həsrəti qələmə aldılar.

Burada bugünkü həyat (simvolu da cinsi azğınlıq və cinsi oyuncaqlar) - keçmiş həyatla baş-başa gətirilib uduzdurulmaq üçün vasitədir.

Hər iki romandan çıxan konsepsiya - keçmiş həsrəti olsa da, birinci halda (romanda) bu, əsl ədəbiyyatdır, ikinci halda isə yarıideoloji ədəbiyyatdır.

Birinci roman şəhərdə oxuyan oğlanın “çöllərin ilk oxu kitabı” olan babasının ölümünə ağlamasıyla bitir, ikinci romanın sonunda kəndlilər azğınlaşıb “avropalaşdıqlarına” görə əcdadların ruhu onları cəzalandırır.

Təcrübə göstərir ki, ədəbiyyat metafizikaya qarşı ironiyanı, transendentə qarşı immanenti (bir şeyin və ya hadisənin öz təbiətinə xas olan adi, daxili cəhətləri) qoyanda əsl ədəbiyyat olur.

Birinci romanın dəyərli cəhəti – məhz immanentlikdir. İkinci mətn isə transendent (qabaqcadan qarşıya qoyulmuş niyyətlə, daha doğrusu, qəsdlə) bir mənaya xidmət göstərməyə cəhd edib – qabaqcadan iki obrazı Azərbaycan kəndi üstündə görüşdürüb böyüklüyü onlardan birinə vermək niyyəti, birini yaxşı, birini pis çıxarıb cəzalandırmaq qəsdi güdərək yazılıb.

İkinci yazıçının romanına dair boynuna heç bir cavabdehlik götürməyən, “mənlik deyil, dostum yazıb” jesti edən təhkiyəçinin özü də deyəsən, bunu duymamış deyil.

***

Gənc yazıçılar, onların bədii duyumu, romanları haqda ümumi hökm çıxarmaq olmaz. “Çöl”ün dəyərli cəhətləri çoxdur.

Bu cəhətlər onu oxuyanlara məlumdur. Yuxarıda yalnız “Çöl”ü oxumayanlara bələdçilik etdim.

Həmçinin oxu
Kəramət Böyükçöl "Çöl" (Romandan parça)
XS
SM
MD
LG