Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:26

Üşüyənlərə, ağlayanlara, qorxanlara...


FEYZİYYƏ


Üşüyənlərə, ağlayanlara, qorxanlara...


(Esse-elegiya)


Niyə belə gec gəlmisən, bala, gəl sənə bir nağıl danışım, get yat… Necə, nə? Üşüyürsən?...

Anam deyirdi ki, torpağın üzü soyuq olur. Anam “üzü” demişdi, torpağın altı haqda heç nə danışmamışdı.

Bəlkə də buna görə əvvəllər elə bilirdim, üzü soyuqsa torpağın, altı isti olar, yəqin. Fikirləşirdim ki, gör orada nə qədər insan var, bir-birinin nəfəsinə isinərlər.

Hətta hərdən mənə elə gəlirdi ki, kimisə dəfn etmək üçün qəbir qazılanda ölülər sevinirlər, "nə yaxşı, bir az hava gəldi, sərinlədik" deyirlər.

Amma yox, sən lap donmusan ki, bala, sən torpaqdan üşüyənə oxşamırsan, torpaq soyuğuna bənzəmir bu.

Bilirsənmi, şəkillər, vidolentlər, torpaqdan nədi, buzdan da soyuq, bala!

Göz yaşları ekranı islatmır, rəngli şüşənin o üzündə kimsə ağlayır, amma ekrana toxunursan, əllərin islanmır, elə bil kimsə buzun arxasında ağlayır.

Səni soyuq baxışlar dondurdu, bala, səni şəkillər dondurdu.

Şəkillər dondurmağı sevir - həyatı, həyatın içində insanları, insanların içində arzuları, duyğuları...

Bir baxa bilsəydin o kadrlara, bizim yanımızda oturub.

Kaş görəydin, hansısa serialda hər gün bir sevgili tapan, bircə gün də öz kefindən qalmayan, elə hey aldadıb-aldanan gözəlçələrin halına necə yanırıq!

Səhəri gün bunları işdə, universitetdə, məktəblərdə necə müzakirə edirik, gözəlçələrə necə “can, can ” deyirik, xəyanətkar “aşiq”i dildə necə asıb-kəsirik, gözünü çıxardırıq, boynunu vururuq, ölkədən qovuruq, sən gərək görəydin bunları.

Sənə baxanda isə tum çırtlayırıq, üzümüzü turşudub kanalı dəyişirik. Burda sən olan kadrlara baxa-baxa, ya da heç baxmaq istəmədən, qəşəngcə yeyib-içə bilərik, sağlıqlar deyə, lətifələr danışa, sabahkı planlarımızı qura bilərik.

Sevdiyimizi necə atdığımızdan, neçəsini doladığımızdan, nədən oldu, kimdən gəldi, danışmağa bolluca imkan tapa bilərik. Niyə də yox?

Hara baxsan, dingildəyənləri, kimə baxsan, ağzından min avaz gələnləri görüb ürəyinə salma, bala, vallah, onların da dərdi yaman dərddi.

Sən Allah, pisinə gəlməsin, onlar “dərd əlindən" süzürlər, "dərd"dən oxuyurlar...

Hər gün yüzlərlə toy olur, amma yüzdə bir ailədə sevgi yoxdu, insanlar bir-birindən tələm-tələsik bezirlər – qadınlar kişiləri libaslar, kişilər qadınları maşınlar kimi dəyişməyə vərdişkar olublar.

Sən bilməzsən bu nə boyda bir bəladı, sən hardan biləsən ki, bu, “ağ ölüm”dən də betərdi...

Bu nədir, sən ağlayırsan? Mənim gözəl balam, ağlama, gəl sənə bir nağıl danışım, get yat...

Bax, günlərin bir günü filmlərdə insanlar ağlayanda ekrandan yaşlar süzüləcək, şəkillərdə insanlar danışa, yeriyə biləcək və başları əzilmiş, gözləri oyulmuş insanlar şəkillərdən dillənəcəklər, şəkillərdəki qadınlar “qoy bir üst-başımı düzəldim, məni yenidən çək” deyəcəklər, bir qarı qalxıb, ayağına sarıdığı şalını açıb yenidən bağlayacaq...

Sən isə ananı axtarmaq əvəzinə, sizi necə öldürdüklərini danışacaqsan.

Biz də bütün bunları görəndən sonra, bayaq tüpürüb yerə atdığımız tum qabıqları bir-bir qayıdıb üzümüzə çırpılacaq... çırpılacaq... çırpılacaq...

O an bir əsgərin dodağından axan qan ekrandan süzülüb döşəməmizə damcılayacaq, köynəyimizin ətəyini ağzımızla isladaraq ekranın qabağına cumacağıq, əvvəl bir döşəməyə, bir ekrana, bir də əsgərə baxacaq, sonra da “cəhənnəm olsun döşəmə” deyib, köynəyimizin islaq ucunu o əsgərin dodağına toxunduracağıq, əsgər içini çəkəcək...

Bax, o gün gələrsən yanıma.

Qorxursan, deyəsən, hə?

Qorxma, bala, nədən qorxursan? İndi sənə bir nağıl danışacam, sonra gedib yatarsan...

O gün ki, barmaqlarımızı caynaq kimi uzadıb, ekranda səndən, anandan, nənədən, sizinlə bərabər şəkillərdə olan insanlardan ağzı köpüklənə-köpüklənə, boğazdanyuxarı danışanların hamısını, bircə-bircə, xirtəyindən tutub ordan çıxara və itələyib sən, anan, nənən, baban, bacın olan kadrlara sala biləcəyik, sonra o kadrı yenidən qaytarıb, “indi gedin, danışın” deyə ekrana dürtəcəyik, onlar isə danışmaq əvəzinə arxalarına baxa-baxa qaçıb uzaqlaşacaqlar, amma hara getsələr, hara baxsalar, həlqəsindən çıxmış gözlərinə sən görünəcəksən, hamı hər yerdə səni görəcək...

Bax, onda Vətən ya "Havalanmışlar Ölkəsi"nə dönəcək - hamı çalacaq, oxuyacaq, oynayacaq, hamı şeir, roman yazıb-oxuyacaq, sənsə üşüyəcəksən, qorxacaqsan, ağlayacaqsan, ya da insanlar ordu-ordu axışıb, sən olan kadra dolacaqlar.

Həyəcanla, bir-birini itələyərək keçəcəklər o kadra, biri səni Çingizin əlindən alacaq, gödəkçəsinin yaxasını açaraq, sinəsinə basıb isidəcək, biri cibindən bir şirinquş çıxardıb sənə uzadacaq, biri Çingizin gözünü siləcək, “söyüş söymə, arvad-uşaq baxır, indi biz onlara göstərərik” - deyəcək, o biri “bundan sonra olanları da sən çəkib göstərəcəksən hamıya” - deyə, Çingizə son model bir videokamera verəcək.

Biri nənənin qolundan tutub qaldıracaq, “ay arvad, yaşmağın sürüşüb” deyə ərklə sataşanda o da “noolacaq, ay bala, kimdi mənə baxan, qoca arvadam” - söyləsə də, azacıq allanacaq yanaqları.

Baban uzandığı yerdən qalxıb üstünü çırpacaq, papağını yerdən götürüb, “bunu kim salıb başımdan?” deyə acıqlı-acıqlı ətrafına göz gəzdirəcək.

Ağzından qan axan əsgər sevdiyi qıza “mütləq qayıdacam, gözlə” deyəcək.

Sonra sizi həmin o şəkillərdən, kadrlardan bu tərəfə ötürəcəklər və...

Və şaxtalı havanı dərindən içlərinə çəkib, bağıraraq nəsə deyəcəklər...

Hara isə tələsəcəklər... Onlar bağıranda kimsə məndən "nə dedilər" soruşacaq, “irəli bağırdılar" deyəcəm, "irəliii....”

Bax, o gün gələrsən, kadrın o üzündən çıxıb, düz yanıma gələrsən.

Oturarsan yanımda, o gündən sonra daha heç vaxt sənə nağıl danışmayacağam...

...İndi isə, gecdi... Gəl sənə bir nağıl danışım, get yat...
XS
SM
MD
LG