Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:00

Balaş Azəroğlu. "Ənzəliyə payız gəlib", "Sığışmaz"


ƏNZƏLİYƏ PAYIZ GƏLİB


Ənzəliyə payız gəlib,
Hava soyuq, hava ağır.
Gecələrə yağış yağır,
Gündüzlərə yağış yağır.
Dağa yağır, düzə yağır,
Sısqa yağış elə bil ki,
Vallah, qəlbimizə yağır.
Sıxılmışıq bir komanın bucağına,
Bir talışın ocağına.
İstəyirəm bulud keçə,
Gülə günəş.
Çiçəklərin göz yaşını
Silə günəş.
Deyirəm: - Kərim sür maşıni,
Körpü üstə apar bizi.
Qoy dənizi seyr eləsin əmim qızı.
Göy sularda yırğalanan o ağ gəmi
Gümüş pullu balıq kimi
Sabah üzüb gedər burdan,
Ortalığa düşər hicran.
O ayırar sizi məndən,
Məni sizdən.
Əlim çatmaz,
Ünüm yetməz,
Günlər keçər ay il olar,
Sizi görmək bir də mənə
Müşkül olar...
Ənzəliyə payız gələr,
Yağış yağar,
Ancaq onu biz görmərik.
Allah bilir,
Əmi qızı bəlkə bir də görüşmədik...

Ənzəli şəhəri, sentyabr 1993-cü il



SIĞIŞMAZ

Xəbərin yox sevgilim,
Bir dünyadır nisgilim.
Həsrətli ayım-ilim
Bil hesaba sığışmaz.

Aramızda dəniz var,
Nə yol, nə də iz var.
Ürəyimdə çox söz var,
Bir kitaba sığışmaz.

Gözəlliyə qox nicab,
Üzünə salma niqab.
Üzündəki iztirab
O niqaba sığışmaz.

İçimdə yanar ahım,
Sənsən arxam, pənahım.
O qədərdir günahım
Min savaba sığışmaz.

Cəhənnəm nə, behişt nə,
Vallah gəlməz eynimə.
Atəş geysəm əynimə
Bu əzaba sığışmaz.

Mən aciz, Fələk zalım,
Dərbədərdir xəyalım.
Zəmanədə sualım
Min cavaba sığışmaz.

1994
XS
SM
MD
LG