Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:45

Balaş Azəroğlu. "Ulu tanrı", "Bahara nə qaldı"


ULU TANRI


Bir bəndənəm bu dünyaya gələli,
Ulu Tanrım, bu bəndənə həyan ol.
Səndən başqa yox kimsəyə ümidim,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Bu dünyanın gərdişinə dolandım,
Nə dedilər doğru bildim, inandım.
Bu həyatın yollarında talandım,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Fələk mənlə düz gəlmədi, kəs oldu,
Arzularım, ümidlərim heç oldu.
Taleyimə yazanlar pozuldu,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Xəbərim yox mənsiz qalan elimdən,
Nə edim ki, heç nə gəlməz əlimdən.
Bir an belə adın düşməz dilimdən,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Bir çinaram, əyilmərəm yelə mən,
Sinə gərrəm tufana mən, selə mən.
Hər an bunu gətirərəm dilə mən,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Həyan olsan arzularım çin olar,
Gözlərimdə bütün dünya durular.
Ürəyimdə neçə-neçə arzum var,
Ulu Tanrım, bu bəndənə həyan ol.

Dilimdədir, Tanrı sözü, haq sözü,
Hər çətini asan edər haqq ozü.
Qismət ola bir də görəm Təbrizi,
Ulu Tanrım, bu bəndənə həyan ol,
Səndən dilək diləyənə həyan ol.

2001


BAHARA NƏ QALDI


Payız qapımızı döysə də dostum,
Bahara nə qaldı? Bircə qış ömrü.
Payızın dərdini çəkmə, bilirsən –
Gəlib keçəcəkdir qar-yağış ömrü.

Ağarmış saçıma sən baxma belə,
Yazda çıçəklənər armud ağacı.
Bilirsən təbiət öz əllərilə
Başıma qoymuşdur bir gümüş tacı.

Yazda qar altında bənövşə çıxar,
Qəlbimdə bənövşə havası vardır.
Saçımın qəlbimlə fərqini axtar,
Qış ilə baharın davası vardır...

Payız gəlib keçsə, qış da keçəcək,
Təzə don geyəcək çəmən də, düz də.
Demə, qapımızı şaxta döyəcək,
Qarşıda bahardır, baharı gözlə.

Bölmə ömrümüzü fəsillərə sən,
Bir fəsil ötdümü gələcək biri.
Düşün nə vermisən bu illərə sən,
Sənə nə vermişdi ömrün illəri.

2001
XS
SM
MD
LG