Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:03

Tanınmış vəkillər Vəkillər Kollegiyasının hədəfində


Elçin Namazov
Elçin Namazov
«RƏYDƏ YALNIZ HAKİMİN QƏRARINA İSTİNAD EDİBLƏR»

«Belə çıxır ki, sən bu Kollegiyanın üzvü olan vəkilə inamsızlıq göstərirsən və hətta qərəzçilik edirsən».

Vəkillər Kollegiyasının (VK) üzvü, vəkil Elçin Namazov Kollegiyanın İntizam Komissiyasının sentyabrın 14-də onun barəsində çıxardığı rəydən narazıdır.

Komissiya rəy çıxarıb ki, vəkil Nəsimi rayon Məhkəməsində 2 aprel aksiyasına görə həbs olunanların işi ilə bağlı avqustun 27-də keçirilən iclasda etik qaydaları pozub. Komissiya bu rəyi həmin məhkəmə iclası zamanı hakim Şahin Abdullayevin vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına göndərdiyi qərar əsasında çıxarıb. Hakim qərarında göstərib ki, vəkil məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozub. Elçin Namazov müsavatçı Rüfət Hacıbəylinin hüquqlarını müdafiə edirdi. Hakim onu məhkəmə prosesindən uzaqlaşdırıb.

Vəkil isə İntizam Komissiyasının iclasında vəsatət qaldıraraq 27 avqustda həmin məhkəmə iclasında iştirak etmiş həmkarlarının dindirilməsini istəyib.

Elçin Namazov: «Hakim deyir ki, mən etik-davranış qaydalarına zidd qanunsuzluqlar etmişəm. Mən də deyirəm etməmişəm. Deyirəm cinayət işinin materialını oxuyun, prosesdə iştirak edən müdafiəçiləri dindirin, aydınlaşdırın özünüz üçün. Deyirlər hər şey aydındır. Ancaq mən yenə də görürəm ki, hakimin verdiyi qərarda nə göstərilibsə, ona istinad ediblər».

Elçin Namazov hesab edir ki, onun vəkillik fəaliyyətinə xitam vermək istəyirlər. Bu da onu siyasi xarakterli məhkəmə proseslərindən uzaqlaşdırmaq məqsədi güdür.

Aslan İsmayılov
«MƏNƏ QARŞI BİR MÜŞTƏRİDƏN İSTİFADƏ EDİRLƏR»

VK-nın İntizam Komissiyası eyni gündə vəkil Aslan İsmayılov barəsində də rəy çıxarıb. Həmin rəyə görə, vəkil ona müraciət etmiş müştəri ilə kobud rəftar edib və onu ofisdən qovub.

Aslan İsmayılov da Komissiyanın rəyindən narazıdır. Deyir ki, bir müddət əvvəl bir nəfər evinin əlindən alındığını deyərək Aslan İsmayılovun rəhbəri olduğu «Viza» hüquq firması ilə müqavilə bağlayıb. Vəkil deyir ki, araşdırma zamanı həmin müştərinin özünün dələduz olduğu üzə çıxıb və firma ilə müştəri arasında narazılıq yaranıb. Həmin müştəri də Vəkillər Kollegiyasına şikayət edib ki, «Viza»ya 500 manat pul ödəyib, amma firma müqaviləyə əməl etməyib, lazımi işləri görməyib, müştəridən aldığı pulu geri qaytarmayıb. Ərizə Vəkillər Kollegiyasında əvvəllər də araşdırılıb və vəkilin hərəkətində səhv tutulmayıb:

Aslan İsmayılov: «İndi mənə elan elədilər ki, sənədləşmə düz keçirilib, ancaq sən həmin adama qarşı kobud davranıb onu qovmusan».

Aslan İsmayılov deyir ki, məsələsinin İntizam Komissiyasına çıxarılmasında başqa məqsəd var:

«Mən bundan təqribən 10 gün əvvəl Ramiz Mehtiyevi, Ramil Usubovu və Zakir Qaralovu məhkəməyə vermişəm. Zülfüqarlı qardaşlarının zavodlarının əlindən alınması ilə bağlı. Bunun arxasında duran da həmin ərizələrdir. Və dərhal bu ərizəni çıxardıblar ortaya».

RƏY SİRDİR?

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə İntizam Komissiyası tərəfindən çıxarılmış rəylərlə bağlı bunları deyib:

Xalid Bağırov
«Vəkillik fəaliyyəti ilə bağlı bizə daxil olan bütün məlumatlar vəkillik sirri təşkil edir və bizim onu yaymağa ixtiyarımız yoxdur».

PEŞƏ FƏALİYYƏTİ İLƏ BAĞLI TƏZYİQ

Elçin Namazovla bağlı rəy Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilib və rəylə bağlı qərar sentyabrın 16-da çıxarılacaq. Aslan İsmayılovla bağlı rəy isə hələ Rəyasət Heyətinə göndərilməyib.

Vəkillər hesab edirlər ki, Vəkillər Kollegiyasının rəhbərliyi onlara peşə fəaliyyətləri ilə bağlı təzyiqlər edir.

Bu ilin əvvəlində Vəkillər Kollegiyası adı siyasi məhkəmə prosesləri ilə yanaşı çəkilən vəkil Osman Kazımovun da Kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesinin sonuna yaxın Kollegiya öz qərarını ləğv etmişdi. Əsasən müxalifətçilərin məhkəmə işlərinə çıxan vəkil Xalid Bağırovun isə vəkillik fəaliyyətinə Vəkillər Kollegiyası tərəfindən 1 illik məhdudiyyət qoyulub. Bununla bağlı qərar avqustun 24-də çıxsa da, vəkilə sentyabrın 14-də təqdim olunub. Qərar Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciəti əsasında çıxarılıb. Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, qərardan narazıdır və məhkəməyə müraciət etmək fikrindədir.

Mövzu İşdən sonra verlişində müzakirə edilib:

XS
SM
MD
LG