Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

Çingiz Əlioğlu. Dağlar


Bir səs yuvarladım dərə dibinə
Diksinib oyandı yuxudan dağlar.
Yığdı ayıları kaha cibinə
Qartalı qoynundan ürküdən dağlar.

Bu görüş nə şirin, nə xoş görüşdü,
Zirvədə dodağım qarla öpüşdü.
Qəlbə işıq düşdü, gözə nur düşdü
Silkinib çıxanda kürkündən dağlar.

Havanla dərmanlı, davalıyam mən,
Səndən ayrılalı havalıyam mən,
Kimə əmanətəm, həvaləyəm mən...
Yanına dönmüşəm sürgündən, dağlar...

1986
XS
SM
MD
LG