Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Əlabbasın romanında... çaparaqlıq, pafos, qarışıq cümlələr


Elnarə Akimova
Elnarə Akimova
Tənqidçi Elnarə Akimova bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Akimova


"QARAQOVAQ ÇÖLLƏRİ”: NƏSRİN FƏZASINDAN BAXARKƏN

İyirmi ildən çoxdur ki, xalqla, millətlə, dövlətçiliyimizlə bahəm ədəbiyyatımızın özü də bir növ tarixi sınaq, imtahan qarşısındadır.

Bir dəfə qeyd elədiyim kimi, müharibənin qanlı-qadalı günlərindən kifayət qədər zaman fasiləsi ötsə də, mövzunun təsvirində nəsrimizdə bir boşluq var və yazılan hər bir əsər bu boşluğu doldurmaq yönündə bir addımdır.

Bilmirəm, müharibə mövzusunun layiqli təsvirini nisbətən yaşlı, yazı prosesində müəyyən təcrübə, bilik qazanmış yazıçılardan ummağa haqqımız var deyim, yoxsa məsələyə yaşın, təcrübənin deyil, sadəcə istedad prizmasından yanaşmağı daha məqbul hesab edərək içimizdəki ağrını böyük Sözə çevirəcək ədəbiyyatı gözləmə mövqeyi tutum.

Çünki növbəti müzakirə predmetinə çevrilmiş bu əsər -Əlabbasın “Qaraqovaq çölləri” romanı məni həm yazı təcrübəsi və biliyin labüdlüyünün, həm də aradan keçən vaxt kəsiminin yazıçının daha dərin qatlara enişi üçün zəruriliyi qənaətində xəyali-inkisarə uğratdı.

“Qaraqovaq çölləri” müharibə gerçəkliyinə, sosial-siyasi ziddiyyətlərə sərt tənqidi münasibət sərgiləyən əsərdir.

Roman realist boyalarla qələmə alınmış, cəmiyyətin ictimai-sosial naqisliyinə qarşı yönəlmişdir.

Müəllif təsvir elədiyi döyüşçü, vətənpərvər bir insanın düşüncə selinin qabağına bütöv bir məkanın - Qaraqovaqdakı cəmiyyət həyatını, oradakı müharibə gerçəklərinin fəsadlarını, mənəvi-psixoloji-sosial görüntülərini çıxarır.

Əsərdəki əsas qayə - qəhrəmanın əsirlikdə olan bacısını azad etmək çabası, bu yolda üzləşdiyi maneələr, kolliziyalar insanın mənəvi-iradi gücünün hara qədər – hansı həddədək dayanıqlı olmasını göstərir.

Doğma kəndlərində vəziyyətin ağır olduğunu eşidib əsgərlikdə olduğu Xabarovsk vilayətindən qaçan Əfsun kəndə gələn kimi bacısı Əfruzun ermənilər tərəfindən əsir aparıldığını eşidir və bundan sonra yalnız bacısını əsirlikdən necə qurtarmağın yolları haqqında düşünür.

Əfsun əsərə birbaşa bu qayədə daxil olur və bütün əsər boyu, haçalanmış, dağınıq görünən kompozisiya daxilində belə qayəsinə sadiq görünür.

Nə Zülfü kişinin təhriki ilə onun şəhərdə yaşamağa təhrik edilməsi, nə də Mehri ilə evlənməsi Əfsunu öz məqsədindən ayıra bilmir.

Amma məlum olur ki, bu məqsədin realizəsində başlıca əngəl heç də düşmən tərəf yox, elə burda, qəhrəmanın öz vətənində üzləşdiyi uçurumlardır.

Üç il Qarabağ döyüşlərində iştirak edib qayıtdıqdan sonra Əfsunu doğma rayonunun hərbi komissarlığında müxtəlif adlarla ittiham edirlər.

Əsir bacısı ilə dəyişmək məqsədilə düşmən tərəfdən dil (əsir) tutub gətirdiyinə görə həbs edirlər. Ailə qurub yaşaması üçün ev tikmək istəyəndə bir parça torpağı vermirlər.

Müəllif Əfsun kimilərlə cəmiyyət arasında dərin ziddiyyət olduğunu göstərməyə çalışır.

Roman boyu qəhrəman bu mühitlə, onun amansız qanunları ilə mübarizə aparır, Don Kixot yel dəyirmanları ilə vuruşduğu sayaq.

“Qaraqovaq çölləri” romanı müharibə mövzusunda yazılanlar sırasında təqdim olunsa da, daha çox sosial problematik kəskinliyə yönəlmiş əsər kimi yadda qalır.

Amma nəsr havasında yox, daha çox açıq publisistik notlar, işarələrdə.

Bu ümumiyyətlə, bizim müharibə mövzusunda yazılan nəsr əsərlərinin xarakterik çalarıdır.

Son vaxtlar müharibə mövzusunu işıqlandırmağı təqib qılan nəsr əsəri adı altında daha çox milli-sosial-siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək təqib qılınır və başlanğıcını bu məqamdan götürərək müharibə gerşəklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar.

Bir qədər bundan öncə müzakirəyə çıxardılan Aqil Abbasın “Dolu” romanı da eynən bu qata həssas idi, qəhrəmanın-Komandirin cəmiyyətlə toqquşma, münaqişə məqamlarını müharibə insanının, iştirakçısının böhranı-dekadansı kimi alırdı.

O yerdə ki, uğrunda vuruşduğun idealların çökdüyü məqam gəlir, dərin insan böhranı başlanır, sonuc da bəllidir-intihar...

“Dünyanın ən varlı şəhəri”nin qəhrəmanı Komandir kimi “Qaraqovaq çölləri”nin sərgərdanı Əfsunun da həbsxanada, hakim önündə söylədiyi çıxış nitqi yanıb külə dönmüş arzu, ümid şölələrinin müharibə oyunçularının simasına yaxılan üz qarasıdır:

“Ömür yolumu alın yazısından da çox sizin mənfur hökmünüz dəyişdi,-axır ki, özünə yığılıb az-maz dinclik tapanda deyitdi o,-mənimçün yaşamaq Əfruzdan sonra onsuz da puç və uydurma bir şey idi. İndisə mənasını həmişəlik itirdi. O da mənə dərs oldu ki, əgər cəbhədən qayıdan hər bir kəsin son aqibəti bu imişsə, çətin ki, indən belə hansısa ağıllı bu vətən üçün canından keçə. (s.35)”

Bu nəyə işarədir, nəşət tapdığı zəmin, mündəricə hardan, nədən qaynaqlanır?!

Belə çıxırmı ki, biz bir də özümüz özümüzlə müharibə aparırıq, silahı bir də öz “mənfur sima”mıza, içimizdəki biganəlik, laqeydlik bəlalarına qarşı çeviririk və...atəş açırıq.

“...heç bir müqavimətə məhəl qoymadan ağır texnikanı tank kimi rayon prokurorluğunun lap qənşərinə sürüb kabinənin üstə qalxandan sonra hamının, axır-axırda tanıdığı Əfsun əlindəki qumbaranı binadan hay-harayla çıxıb başını siçovul təki hara gəldi soxmağa can atanların arxasınca necə tullayıb deyirmiş:

- Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qaniçənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə yeksan elədiyiniz evimin əvəzi!...(s.200)”

“Qaraqovaq çölləri”ndə erməni obrazı, düşmən tərəf periferiyanı təşkil edir.

Dominant hədəfdə yenə bizik-bu bizim döyüşən əsgərimiz, başına ermənilər tərəfindən pul qoyulan qəhrəman döyüşçümüz, bu da onu vətənində sərgərdana, yararsız insana döndərən, yaşaması üçün bir “koma qaralamağı” çox görən naqis qanunlarımız.

Bu sırada erməni və azərbaycanlı xisləti yanaşıdır, hətta üz-üzə duranda ikinci xətt daha sərt, radikal yanaşmanın təsiri (təsviri) altdadır: “...görəsən, nə olmuşdu, niyə qarşıdan, düşmən tərəfdən açılacaq atəşdən elə qorxmurdu ki, öz ordu bölmələri səmtdən açılacaq qəfil güllədən o qədər ürpənirdi? Namərdlik, ehtiyat, ya gözün qorxmağı? (60)”. Müəllif iki millət münasibətini nifrət-kin, qisas-intiqam sırasında yox, daha çox natural görkəmdə- bir qədər nostalji: ”Ara, biz belə olmamışıq axı? ...Bu gün Uzda da Azərbaycanın çörəyini yeyirəm mən. Deyirsən, bunu da unudum? (s.100-101)”, bir qədər gizli ictimai-siyasi: “İt uşağı qarışdırdı aranı (s.130); it uşağı bizi duşman elədi (s.100)”, bir qədər də loyal qatda təqdim edir: “Niyə başa düşmək istəmirsiniz, onun günahı yoxdu, dərdi sizinkindən də artıqdı. O da siz çəkəni çəkir!(s.103-104)”; “Ona düşmən deməyə mənim dilim gəlmir.(s.107)”.

Yazıçı Əfsunun simasında müharibə insanının obrazını yaratmağa calışmışdır və təəssüf ki, bu kontekstdə qələmə alınmış müharibə mövzulu əsərlərdən seçilməyə müvəffəq olmayıb, əksinə onlarla tanış, oxşar məqamlarla kəsişmişdir də.

Burada da qəhrəman döyüş yolu keçmiş, müharibə acısını dadmış, arxasında vətən, ailə dərdi buraxmış şəxsdir.

Burada da qəhrəmanın içində bir yurd ağrısı, kənd sevgisi, onu atıb getmək qorxusu var, burada da şəhər özgə, yad, qərib ab-havanın daşıyıcısı, “hər addımı şeytan-şüğulla dolu” məkan kimi təqdim olunur.

Və nəhayət, insan-cəmiyyət antoqonizmi, yarıtmaz cəmiyyət qanunları və onun ucbatından əzilən, torpaq üçün ölümə hazır vətən oğullarımızın doğma yurdda intiharla nəticələnən fəci taleyi.

Bu cür lokal problematika və mündəricə ilə müharibə mövzusunun dərkində uzun yol keçmiş nəsr yaddaşımıza yeni bir nəsnə əlavə etmək olarmı?

Təbii, bu konfliktlər realdır, gerçək cəmiyyət qanunlarından nəşət edir, amma müəllif bütün bu hadisələrin bir növ zahiri şəklini çəkir, müharibə yaddaşının sərt dramatizmi və fəlsəfi psixologizmi əsərdə hiss olunmur.

Halbuki, mövzunu qlobal yanaşma müstəvisində çözməyə çalışıb, millətin dərdlərindən, ailə-məişət problematikasından çıxış edib də qlobal məsələlərə çıxmaq, onları bəşəri məzmuna sığdırmaq olardı.

“Qaraqovaq çölləri” əsəri başdan-başa patriotik notlarla, tribun xarakterli çıxışlarla süslənib. Müəllifin təhkiyəsi, qəhrəmanın nitqi, düşüncələri, Zülfü müəllimin çıxışları, atası Qüdsi müəllimin məktubu oxşar məzmun və ahəngi sərgiləyir. Eyni üslüb, eyni məzmun, eyni pafos.

Əsərdəki tərbiyəvi xəttin icrası intellektual, milli ziyalı obrazlarına həvalə olunub, daha çox onların simasında təqdim olunur. Əfsun, bütün əsər boyu qəhrəmanın yanında olub onunla eyni mövqeni və əqidəni bölüşən Zülfü müəllim, Sidqi müəllim, Səfurə müəllimə, əsərdə tez-tez adı hallandırılan Əfsunun həkim olan bacısı Əfruz, atası Qüdsi müəllim, hətta Uz kəndindən əsir tutub gətirdiyi idman müəllimi Arşak-bütöv bir müəllimlər pleyadası... Bu obrazları birləşdirən ümumi bir xətt onların zəmənədən şikayətləri, sosial, mənəvi təzadlara kəskin münasibətləri, müharibəyə nifrətləridir.

Yazıçının üslübunda nəql ahəngi əsərdəki təsvir çalarını üstələyir. Hadisələrin psixoloji məna siqlətini artırmaq üçün müəllif nəql etməkdən daha çox təsvirə üstünlük verməli idi.

Yazıçı süjeti əsas qayə ətrafinda saxlamağa müvəffəq olsa da lazımlı, lazımsız eyni məzmunlu düşüncələri yerləşdirməklə, xüsusilə əsərin qəhrəmanı Əfsunla Zülfü müəllimin eyni lad üzərində köklənən dialoqlarına hadisələrin ümumi nisbətində daha çox yer ayırmaqla romandakı ölçü hissini itirir:

“Hayıf ki, bu, həqiqətdi: vaxt gələcək, qəlbində vətən sevgisi qalanları ona-buna nümunə kimi göstərəcəklər. Bu günün naqis tərbiyəsi bizləri gətirib bura çıxardı. Vətən kəlməsi bu gün yalnız mənən zəngin olanların dilində böyük anlamda işlədilir. Qoy onlar da olsun on min nəfər. Əksəriyyət isə, sənin sözün olmasın, vətən deyəndə dörd divarının arasından başqa, heç nə düşünmür.(s.54)”

Yazıçı Əlabbas
Yazıçı Əlabbas
Bütün əsər boyu tez-tez təkrarlanan, oxucunu oxşar patetik nitqlərlə yoran bu sıra-düşüncə sırası bir çox məqamlarda romanda istənilən səviyyəni vermir.

Əsərdə bir çaparaqlıq var. Qəhrəmanın sərhədi yarıb əsir tutub gətirməsi, qardaşı İmdadın dəlixanaya salınması, daha sonra Əfsunun onun dalınca şəhərə gedib orda tutularaq geri gətirilməsi müəllif təhkiyəsində sanki birnəfəsə deyilib qurtarır.

Bəlkə elə bu ildrım sürətinin yaratdığı effekt(sizliyin)in nəticəsidir ki, bu proseslər oxucuya heç bir sirayətedici təsir bağışlamır, çünki təsvir olunmur, eləcə süni şəkildə əsərə yerləşdirilir.

Əfsun bacısı Əfruzun əsir aparılmasını Dəli Veysəldən, qardaşı İmdadın dəlixanaya salınmasını isə Dəli Veysəlin oğlundan eşidir. Qəhrəmanın içindəki psixoloji, mənəvi təlatümlərin əsasları hərəkət, hadisələrin təbii inkişaf prosesi zəminində açılsaydı, müəyyən estetik təsir yaratmağa müvəffəq olardı. Eləcə də, tez-tez əsərə müdaxilə edən, özünün və obrazlarının yerinə meydana atılıb fikirlər söyləyən müəllif təhkiyəsi sayəsində əsər bədii cəhətdən uğursuzluğa məruz qalır.

Romanın dili də rəvan deyil, qeyri-səlis ifadələr, təsvirlər, qarışıq cümlələr və s. Məsələn, sayını istənilən qədər artıra biləcəyimiz nümunələrdən birinə diqqət edək: “ Dediklərinin üstünə qardaşını gətirməyin qarşısını kəsən şeyin əsla qızın güman etdikləri olmadığını da gələndən sonra Mehri başa düşdü ki, İmdadı görmək üçün Bakıya od-alov kimi can atan oğlan niyə son vaxtlar ondan söz düşəndə hər dəfə ağzını elə sürüyür”(s.195).

Obrazlar bir-biri ilə rəsmi üslubda danışırlar. Məsələn, atasının əsgərlikdə olan Əsfuna yazdığı məktuba diqqət edək:

“Nə vaxt bu sərsən psixologiyadan, feodal təfəkküründən qurtulacağıq? Nə vaxt adamlar başqalarının diktəsi ilə yox, öz ağıl və düşüncəsi ilə, müstəqil halda hərəkət edəcək?(s.18)”; yaxud həbs olunmuş Əfsuna Səfurə müəllimənin dar macalda söylədiyi cümlələr əlamətdar tədbir nitqləri təəssüratı doğurur: “Sən bütün ağrı və məşəqqətlərə, çətinlik və əzablara içindəki sonsuz vətən sevgisi və dönməz inadınla qalib gəlmisən. Hər bir yaşıdın bu cür fədakarlıq göstərsəydi, nə dünya qarşısında xar olar, nə də əsirlikdə bir başıyaylıqlımız qalardı. Sənin kimilərin qiymətini o-bu yox, zaman özü verəcək! Arxayın ol, mənim balam!... O əllərə qandal yox, öpüş yaraşır(s.114)”. Uzun illərin yazıçısının dilimizin bədiilik imkanlarından yararlana bilməməsi doğrudan da təəssüf doğurur.

Əfsunun faciəsi, yaşadığı hisslər ailə çərçivəsində, ictimai-sosial məcrada müəyyən qədər təbii boyalarla əks olunmuş, bununla bağlı əsaslı detallar göstərilmişsə də (bacısının əsir götürülməsi, qardaşının dəlixanaya salınması, bir parça torpağa sahiblənə bilməməsi) ziddiyyətin əks qütbləri haqqında eyni fikri demək olmur. Əsərdə əks qütbün dolğun inikasını, şərhini görmürük. Bu məqamları ehtiva eləyən lövhələr ümumi və bəsit olduğundan əsərdə sosial-mənəvi təhlilini tapmır, sadəcə obrazların və müəllifin nitqində əsərə daxil olurlar.

Əslində, mən əsərdəki həqiqət duyğusunu, reallıq hissini alqışlayıram, sadəcə janrın öz tələbləri, ədəbiyyatın- qanunları, ritmi, iqlimi ilə birgə öz gerçəkliyi var. Bunu isə yalnız hisslərin və həqiqətlərin çılpaq ifadəsi hesabına ehtiva etmək olmaz.
XS
SM
MD
LG