Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:54

11 partiya Ramil Səfərova görə Avropa Parlamentinə müraciət etdi


Ramil Səfərov
Ramil Səfərov
-
Azərbaycanın 11 siyasi partiyası Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinə müraciət qəbul edib.

Sənəddə Avropa Parlamentinin Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı qəbul etdiyi qətnamənin qeyri-obyektiv olduğu bildirilir.

Qeyd edilir ki, həmin qətnamə Ermənistan və erməni lobbisinin maraqlarına xidmət edir.

Bəyanatda Ramil Səfərovu erməni həmkarını öldürməyə vadar edən səbəblər sadalanır. Eyni zamanda, onun əfvinin qanuna zidd olmadığı vurğulanır.

Sənəd bu sözlərlə bitir:

«Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildiririk. Bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik».

Müraciəti Yeni Azərbaycan, Ana Vətən, Ədalət, Böyük Quruluş, Müsavat, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf, Azərbaycan Sosial Rifah, Xalq partiyaları və s. qurumlar imzalayıb.

Müraciətin hazırlanması haqda təklif Yeni Azərbaycan Partiyasından gəlib.

Bu sənəd son illərdə Azərbaycanda iqtidar və müxalifət partiyalarının birgə imzaladığı ilk sənəddir.

Sentyabrın 13-də Avropa Parlamenti Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirən qətnamə qəbul edib. Həmin sənəddə deyilir ki, Ramil Səfərovun azad edilməsi Ermənistanla Azərbaycan arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər.

Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabiti Gurgen Margaryan'ı öldürüb. Buna görə də bu ölkədə ömürlük həbsə məhkum edilmişdi.

O, 2012-ci il avqustun 31-də Azərbaycana təhvil verilib, elə həmin gün də prezident İlham Əliyev tərəfindən əfv edilərək azadlığa buraxılıb. Macarıstanın və Azərbaycan prezidentinin qərarları bir sıra dairələrdə, xüsusilə də Ermənistanda kəskin etirazlarla qarşılandı.
XS
SM
MD
LG