Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:58

Yusif Səmədoğlu. Simurq quşu


-

Mən də adam öldürmüşəm! - Doğma qızımı öldürmüşəm. Bətnində dörd aylıq uşağıynan...


Yusif Səmədoğlu


SİMURQ QUŞU

Arxasınca qapı örtülən anda elə bil içərisində nəsə qırıldı.

Bir müddət yerinə mıxlanmış kimi dayandı, sonra yan-yörəsinə baxmadan, ağır və üzgün addımlarla kameranın küncünə sarı səndələyərək, üzüqoylu çarpayının üstünə sərildi.

Bu gün səhər batqın və soyuq bir səslə deyilmiş sözlər qulağında uğuldadı:

«Əsgərov Toğrul Xaspolad oğlu... beş il azadlıqdan məhrum edilir...»

Bəli, o günahkardır. Günahkar isə gərək cəzasını çəkə. Çünki cəmiyyətin qanunu belədir. Bir də, onu beş il o qədər qorxutmur. İndi o, özünü yalnız bir şeydən - buradakı pis adamlardan, canilərdən qorumalıdır. Axı hər həbsxanada cani var. Deyirlər ki, bəzən onlar həbsxanada da öz çirkin əməllərindən əl çəkmirlər, aralarına bir fağır düşən kimi öldürürlər. Bir də... Bir də, cani insanı zəhərləyə bilər. O zəhər pis zəhərdir. İlan zəhəri deyil. Onun qətrəsi sənin qanına keçdimi, qurtardı; heç bir şey görə bilməyəcəksən. Günəş artıq səninçün nur saçmayacaq, quşlar oxumayacaq, güllər ətir qoxumayacaq...

O, ciyər dolusu nəfəs aldı. Elə bil kimsə alnına buz qoydu, damarlarında canına yayılan bir sərinlik, bütün bədənində nə isə bir süstlük hiss etdi. Nə qədər zəif düşdüyünü yalnız indi dərk edə bildi.

- Oğul, özünə gəldinmi?

Toğrul gözlərini açdı. Bu nə səsdir?.. Lakin yenə:

- Ay oğul, özünə gəldin, ya yox?

Toğrul yenə gözlərini açmağa məcbur oldu. Deyəsən, kim isə onu çağırırdı. O, yerindən hövlnak qalxdı. Başı gicəlləndi, gözlərinə qaranlıq çökdü. Lakin yavaş-yavaş qaranlıq parçalandı. Toğrul kameranın ortasında əlləri arxasında dayanmış bir qoca gördü. Kameranın o biri küncündə, çarpayının üstündə, üzü divara sarı bir adam uzanmışdı. «Mən burada tək deyiləm?» - deyə Toğrul heyrətlə pıçıldadı.
Qoca bir addım qabağa gəldi.

- Oğul, diyəsən səni qorxutdum?

Toğrul haçandan-haçana özünü toxtadıb dilləndi:

- Xeyr... Ancaq mən elə bilirdim kamerada təkəm...

- İçəri girəndə halın özündə deyildi. Mən sənə fikir verirdim...

Qoca, Toğrulla elə danışırdı ki, elə bil onu çoxdan tanıyır, onunla görüşüb söhbət etməyi çoxdan arzulayırdı. Danışdıqca, nəzərlərini ondan çəkmir, baş barmağını qalın bığlarının üstündə gəzdirir, bəzən qaşlarını çataraq başını bulayırdı.

- Sən özünə tez gəldin, - deyə qoca bir o başa, bir bu başa gedib dayandı, çarpayıda uzanan adamı göstərdi. - Bu bədbəxt oğlu iki gündü canımı boğazıma yığıb. Gah qışqırır, gah arvad tək saçını yolur, gah da, bilmirəm buna neynəmişəm, ağzından gələni mənə deyir. Bu cür damarı boş adam ömrümdə görməmişəm...

Qoca əlini yelləyib nəzərlərini çarpayıdakı məhbusdan çəkdi, ağır addımlarla öz çarpayısına tərəf gedib əyləşdi. Bir müddət susdu. Sonra yastığının altından «Belomor» götürüb, Toğrula təklif etmədən, bir papiros yandırdı, dərindən sümürüb qatı tüstünü ağzından və burnundan buraxa-buraxa xeyli öskürdü. Xırıtılı səslə dilləndi:

- Özüm sənə papiros vermədim. Diyəsən çəkən deyilsən.

- Hardan bildiniz ki, çəkən deyiləm?

- Çənə olsaydın, indiyəcən papirosu papirosa calamışdın. Ağıllı adamsan, bunu çıxardanın atasına min lənət! - Qoca üz-gözünü turşutdu, öskürdü və çarpayıdakı məhbusa baxdı: - Şükür Allaha, yatır.

Çarpayıdakı adam birdən yerindən qalxıb oturdu. Qəzəblə qocaya baxıb, yaşıla çalan xırda gözlərini dolandıra-dolandıra zil və sərt bir səslə qışqırdı:

- Rəhmətliyin oğlu, genə nə başlamısan! Sən gününü görüb, dövranını sürmüsən. Mən cavanam, ölmək istəmirəm! Başa düşürsən, ya yox?! Ölmək istəmirəm!

Qoca fikirli-fikirli papirosunun közərən ucuna baxdı və səsini ucaltmadan, təmkinlə cavab verdi.

- Heç kəs ölmək istəmir. Amma kişi olmaq lazımdır.

Toğrulun ürəyi sancdı. Bunlar niyə ölümdən danışırlar?

Cavan məhbus yenə qışqırdı. Lakin bu dəfə onun səsi kökdən düşmüş sarı simin səsi kimi titrəyirdi:

- Ay-hay!... İndi üçümüz də oturub söhbət eləyirik. Amma sabah məhkəmədə hökmümüzü oxuyacaqlar. Sonra üçümüzü də aparıb qoyacaqlar güllənin ağzına. Onda da ingilislər demişkən, qud bay!

Birdən Toğrula hər şey aydın oldu. Bir söz ildırım sürətilə fikrindən keçdi: canilər!.. Özünü zəhərindən qorumaq istədiyi canilər indi onunlə üzbəüz dayanmışdılar! Demək, bunların ikisi də adam öldürüb. Əlləri qanlıdır. Məni də özlərindən sayırlar... Toğrula elə gəldi ki, bu onu da bu iki nəfərə qatıb güllələyəcəklər. O, var səslə bağırdı:

- Məni güllələməyəcəklər! Mənə beş il iş veriblər.

Araya gərgin sükut çökdü. Toğrulun sözləri elə bil qocanı da, cavan məhbusu da tilsimlədi. Bir müddət heç biri danışmadı. Qoca sönmüş papirosunu barmaqları arasnıda bərk-bərk sıxdı, qaşlarını çatıb ayaqları altına baxdı, fikrə getdi. Sonra başını qaldırmadan dedi:

- Oğul, deməli, sən yaşayacaqsan...

Cavan məhbus yerindən qalxdı. Toğrula yanaşıb, təəccübdən bərəlmiş gözlərini onun üzünə dikdi və pıçıldadı:

- Bura bax, xalaoğlu, zarafatın yeri deyil...

- Yox, nə zarafat!.. Doğrusunu deyirəm.

- Bəs səni biznən bir kameraya niyə salıblar? Aşna, məni dolayan hələ anadan olmayıb, düzünü de!

Toğrul güclə dinə bildi:

- Vallah düz deyirəm, vicdanım haqqı...

- Vicdana-zada and içmə, vicdan burada bitmir! - deyə cavan məhbus səsini bir qədər ucaltdı və Toğrulun pencəyinin yaxasından yapışıb kirpiklərini əsəbiliklə qırpdı. - Düzünü de!

Qoca yerindən qalxıb onlara yanaşdı. Cavan məhbusun çiynindən tutub özünə sarı çəkdi.

- Nə yapışmısan gədənin yaxasından? - Cavan məhbus sorğu-sualını kəsdi. Qocaya çəpəki bir nəzər salıb geri döndü və xırda addımlarla çarpayısına tərəf yönəldi. Oturdu. Titrəyən nazik barmaqlarını büküb yumruqlarına baxdı.

Sonra barmaqlarını açdı. Yenə bükdü, yenə açdı. Nədənsə gülümsündü, qanı qaçmış dodaqları arasından çürük dişləri göründü. Öz-özünə pıçıldadı:

- Beş il. Lap iyirmi il olsun...

O, əlinin dalını çoxdan bəri ülgüc görməyən sifətinə sürtdü; elə bil saqqalının qalınlığını yoxlamaq istədi. Sonra heç bir məna ifadə etməyən gözlərini harayasa uzaqlara zilləyib, dərindən, yanıqlı-yanıqlı içini çəkdi. Yenə pıçıldadı:

- Beş il...

Birdən o, çiyinlərini qısıb yazıq-yazıq dodaqlarını büzdü. Yerindən durdu, əvvəlcə ayaqlarının altına baxdı, sonra arıq bədənini qabağa verib başını silkələdi.

- Mən ölmək istəmirəm! - deyə tükürpədici bir səslə qışqırdı və hönkürtü ilə ağlamağa başladı.

Üzüqoylu çarpayıya yıxıldı. Sağ əli çarpayıdan sallanıb yırğalandı, barmaqlarının uzanmış kirli dırnaqlı iti ucları tıqqıltı ilə döşəməyə dəydi. Qoca, cavan məhbusa baxıb başını buladı:

- Bəli də, - dedi. - İndi səhərəcən ac çaqqal kimi ulayacaq!..

Nədənsə, Toğrulun ürəyi bulandı. O, bir daha cavan məhbusa baxdı, nəzərlərini ondan çəkib daldalı yeriyəcək, çarpayısına uzandı... cavan məhbus ağlayırdı. Sevimli oyuncağını itirmiş balaca bir uşaq kimi içini çəkirdi.

«Oyuncaq», deyə Toğrul fikrindən keçirdi. «Axı niyə məni onlarla bir kameraya salıblar? Sabah mütləq həbsxananın müdiriyyəti ilə danışacağam. Belə qanunsuzluq olmaz! Bəlkə elə sabahacan ikisini də gəlib aparacaqlar? İndi ikisi də nəfəs alır, danışır. Sonra ikisini də... Belə də lazımdır! Ölümə ölüm! Qana qan!..»

Toğrul kürəklərində nə isə bir sızıltı hiss etdi. Qalxıb oturdu, yorğun-yorğun ətrafına boylandı. Həyatında ilk dəfə düşdüyü kameranı diqqətlə nəzərdən keçirdi. Əşyası üç çarpayıdan və bir uzunsov skamyadan ibarət olan bu kameranın hündür, boz tavanı, döşəmənin qəhvəyi taxtaları, döşəmədən xeyli hündürdü, təxminən iki adam boyunda yerləşən ensiz pəncərə, dəmir torun içində ağaran lampa...

Toğrul uzandı. O bütün varlığını bürümüş müdhiş fikiləri özündən qovmağa çalışdı. «Səbirli olmaq lazımdır»... Sonra başını bir azca yana əyib yenə lampaya baxdı. Görəsən, işığı niyə yandırmırlar? Hava qaralıb... Elə bil onun ürəyindən keçən sözləri haradansa eşitdilər. İşıq yandı... Qocanın səsi sükutu pozdu:

- Səkkiz oldu...

Toğrul qalxdı. Ona elə gəldi ki, lampa yanandan sonra şişib böyümüş, dəmir toru parçalamaq istəyir.

Qoca papirosunu tüstülədə-tüstülədə Toğrula yanaşıb onun yanında əyləşdi. Qocanın bu hərəkəti Toğrulun xoşuna gəlmədi. «Bəli də, işə düşmədik», - deyə əsəbiliklə fikrindən keçirdi. Qoca, Toğrulun narazı qaldığını duyurmuş kimi, bir az yana çəkildi, sönmüş papirosunu yandırıb başını aşağı əydi və tüstüsünü dizləri rasından döşəməyə üfürdü, tüstü bir an döşəmənin üstündə burulduqdan sonra qocanın ayaqları altında qeyb oldu.

Qoca xeyli susdu, sonra Toğrulun seziləcək dərəcədə titrəyə qılçalarına ani nəzərə salıb soruşdu:

- Diyəsən, məqdən qorxursan?

Toğrul bu gözlənilməz sualdan özün itirdi. Nə cavab vesin? Desin ki, yox, qorxmur, qoca inanmayacaq. Desin ki, doğrudan da qorxur, bu da heç kişilikdən deyil. Bir də onun yerində kim olsa qocadan qorxmaya bilməz? Axı o canidir? Kimisə öldürüb, kiminsə qanına bais olub, indi onunla yanaşı oturub qəribə-qəribə suallar verir... Bəlkə o da mənə inanmır? Elə bilir ki, mən də caniyəm, məni də güllələyəcəklər? Ağır dəqiqələrdən fikrini dağıtmaq üçün özünə həmsöhbət axtarır?... Yox, mənə inanmasaydı, bayaq o cavan məhbusun üstünə elə qışqırmazdı. Yaxşısı budur ki, qorxunu da ona sezdirmədən ordan-burdan danışım, vaxt keçsin...

Toğrul nəzərlərini ayaqları altından çəkib, qocanın uzanıb qulaqlarını yarıya qədər örtmüş gümüşü saçlarına baxdı. Ona qəribə bir sual verdi:

- Əmi, neçə yaşın var?

Qoca da əvvəlcə danışmadı. Damağında bərk-bərk sıxdığı papirosunu sümürüb, nədənsə gülümsündü.

- Yaşım altmışı ötüb, - dedi.

- Amma çox cavan qalmısan...

- Kənd adamıyam, ay oğul. Bizim kənddə bir nəfər əldən düşmüş qoca tapmazsan. Dağ yeridir.

Bir müddət hər ikisi susdu. Qoca yerindən qalxıb var-gəl elədi, dəmir qapının yanında dayandı. Toğrul onun boydan nə qədər uca olduğunu yalnız indi gördü: qocanın başı, dəmir qapının qurtaracağı ilə təxminən bir bərabərdə idi. Toğrul diqqətlə onu başdan-ayağa süzdü.

Təbiətin qoynunda böyümüş, ömrü boyu dağ yerinin təmiz havasıyla nəfəs aldığından, yaşına görə çox gümrah qalmız bu qocanın enli kürəkləri, gümüşü saçları, geniş alnında bir-birinə qovuşan dərin qırışları, çallaşmağa başlayan qalın qaşları, daim harayasa dikilmiş, lakin bəzən nə isə bir narahatlıqla dolanan, dalğın baxışlarından sonsuz bir kədər oxunan iri qumral gözləri, günün altında yanıb qaralmış sifəti Toğrula nağıllarda oxuduğu nurani qocaları xatırlatdı. Elə bil ki, o, bu dəqiqə bir-birinə sıxılmış ətli dodaqlarını aralayıb, sehrli səslə deyəcəkdi: «Qırx gün, qırx gecə yol gedərsən. Qabağına yarısı qızıl kərpicdən, yarısı da gümüş kərpicdən bir imarət çıxacaq. Sənin axtardığın dünya gözəli həmin imarətdə yaşayır»...

Lakin bu nurani qoca nağıl kitablarının səhifələrində yox, Toğrulun yanında, həbsxanada idi. Toğrul qəlbində və beynində baş qaldırmış narahat duyğuları və fikirləri özündən qovmağa çalışdı. Yenə bir söz ildırım sürətilə fikrindən keçdi: Cani!.. O, gözlərini qocadan ayırıb yerə zillədi. «İnsanın zahirinə inanmaq olmaz!»

Qoca durduğu yerdən tərpənib çarpayısına tərəf getdi. Onun uzunboğaz çəkməli, güclü ayaqları altında döşəmə zarıdı. O, yastığın üstündən boş «Belomor» paçkasını götürüb, qalın qabarlı barmaqları arasında əzərək yerə tulladı, rəngi solmuş qalife şalvarının cibindən təzə paçka çıxardı, tələsmədən açıb papiros yandırdı, dərindən sümürdü, - xırıldaya-xırıldaya hey öskürdü. Gözləri sulandı. Əlinin arxasıyla gözlərini silib, fikirli-fikirli ayaqlarının altına baxdı. Sonra ağır-ağır başını qaldırıb, papirosunu ara vermədən tüstülədə-tüstülədə diqqətli nəzərlərini Toğrulun üzünə dikdi.

- Oğul, - deyə qaşlarını çatdı. - Bilirəm, fikirləqirsən ki, görəcək günlərim varmış, gör gətirib məni kimlərin yanına salıblar. Düz deyirəm, ya yox?

Toğrul cavab vermədi. Bayaqdan bəri hərəkətsiz uzanmış cavan məhbus arxası üstə dönüb, yerindən qalxmadan kinayəli-kinayəli dilləndi:

- Balam, onun bizdən nəyi artıqdı? Necə yəni kimin yanına salıblar? Belə öz can-ciyərlərinin yanına!

Qoca birdən hirsli-hirsli qışqırdı:

- Sən ömrünü burada keçirmisən, axmaq! Heç kəs sənin can-ciyərin deyil!

Cavan məhbus yerindən qalxdı. Gözlərini dolandırıb, qocanın düz üzünə baxdı.

- Bura bax, nə özündən çıxıb xoruzlanırsan?! Bu kişinin yanında elə danışırsan ki, guya dünyada səndən təmizi yoxdur. Belə, bizim qəbrimizi bir yerdə qazacaqlar ey, bir yerdə!
Cavan məhbusun sözləri hədəfə dəydi. Qoca elə bil büzüşdü, papiros tutan barmaqları titrədi. Başını aşağı salıb ah çəkdi.

Toğrul cavan məhbusa baxdı. Nazik çatma qaşları, saralıb zəfəran rəngi almış tərli alnı, ağlamaqdan qan çəkmiş yaşıla çalan gözlərinin altındakı göyümtül ləkələr, saqqallı sifətini lap ölgün göstərən batıq ovurdları miləmil köynəyinin açıq yaxasından qaralan tüklü sinəsi, ağ mərməri andıran qansız dodaqları onu yüz ilin xatirəsinə oxşadırdı.

Danışdıqca, əlini köynəyinin yaxasından soxub - tüklərini didişdirir, qırmızı dilini çıxarıb dodaqlarını isladır, bir-birinə yapışmış uzun kirpiklərini tez-tez qırpırdı.

Nədənsə, Toğrulun qəlbində cavan məhbusa qarşı kin oyandı. Hətta qalxıb onu vurmaq istədi. Lakin özünü saxladı. «Nəyimə lazımdır, ikisi də bir yuvanın quşudur. Lap bir-birini öldürsünlər!»

Cavan məhbus uzanıb üzünü divara sarı çevirdi, içini çəkdi.

Qoca, eynilə bayaqkı vəziyyətdə, dinməz oturmuşdu. İki barmağı arasında papiros aramsız tüstülənirdi. Bir azdan o, ağır-ağır başını qaldırıb, qaşlarını çatdı.

- Oğul, - dedi, sən bizə fikir vermə. Onun da vədəsi çatıb, mənim də... Sabah ikimiz də məhkəmənin qabağında dayanacağıq. - Qoca susdu, ani bir sükutdan sonra cavan məhbusa baxıb kədərli-kədərli davam elədi. - Amma mən onun yol yoldaşı deyiləm... Oğul, sən axırıncı adamsan ki, məni görürsən. Hamıyla halallaşmışam. İstəmirəm ki, sən mənim barəmdə pis fikirdə olasan. Mən də adam öldürmüşəm. Amma o bilirsən neyləyib?

Toğrul başını buladı, yəni «yox, bilmirəm». Qoca sönmüş papirosunu yandırıb dərindən bir qullab vurdu.

- Onca min manatın üstündə bir arvad xeylağı öldürüb. Sonra da özünü verib Tiflisə. Finikulordu, nədi, oradan tutub gətiriblər. Namərd! On mini cibinə qoyanda yəqin heç ruhu da inciməyib. Amma indi gör nə hala düşüb...

Qoca öskürdü. Dumanlı gözlərini dolandırıb davam elədi.

- Oğul, bunları sənə deməknən özümü təmizə çıxarmaq istəmirəm. Mən də adam öldürmüşəm! - Doğma qızımı öldürmüşəm. Bətnində dörd aylıq uşağıynan...
Qocanın səsi elə bil nəyəsə ilişib kəsildi. Toğrulun tükləri biz-biz oldu. Canında bir soyuqluq hiss etdi. Məhkəmədə, anasının yanında oturmuş balaca qızının xəyalı gözləri önündə canlandı.

- Əmi, axı nəyə görə?! Adam da doğma balasına əl qaldırarmı?

Qoca başını buladı.

- Qulaq as, oğul, dərdim böyükdür, - deyə çarpayısında əyləşdi. Nəzərlərini Toğrulun başı üzərindən o tərəfə zilləyib öz hekayətinə başladı:

- Bizim kənddə məni tanımayan adam yoxdu. Kimnən soruşsun ki, Simurq quşunun evi hardadır, nişan verər. Hamı mənə Simurq quşu deyərdi. Bir kərə hələ cavan vaxtımda, həyətdə töylənin böyründə gizlənib atamdan xəlvət papiros çəkirdim. Rəhmətliyin yaman tünd xasiyyəti vardı. Bığıburma vaxtımda da məni yanında papiros çəkməyə qoymurdu. Bir kərə... qırx-qırx beş yaşım olardı, yanında nəsə dedim. Üstümə qışqırdı ki, böyüyən böyük yeri var, kiçiyin də kiçik... Keçən iləcən sağ idi. Mən nə deyəcəkdim? Hə, atamdan xəlvət papiros çəkirdim. Bir də gördüm kəndə haray düşüb. Demə, - qonşumuz Qasım kişinin balaca oğlu quyuya düşübmüş. Quyunun suyu-zadı yoxdu, kor quyuydu. Baxanda adamın başı gicəllənirdi. Zalım oğlu Qasım kişini deyirəm, ağzını da örtmürdü. Əlqərəz, gəldim gördüm evdə ağlaşmadı, arvad-uşaq saçını-birçəyini didir. Biri quyuya qışqırıb uşağı çağırır, biri kəndir sallayır... Uşağın anası da üz-gözünü cırıb çığırır: «ay bala, ay bala!» Cavanlardan ikisini-üçünü yanıma çağırdım, - dedim, gedin uzun bir kəndir gətirin. Gətirdilər... Kəndiri belimə bağladım. Məni quyuya salladılar. - Soyuqdan tir-tir əsirdim. Əlim də yaralanmışdı. Əlqərəz, bir də gördüm qulağımın dibində kimsə zarıyır... Heç gümanım yoxuydu ki, gədəni sağ tapam. Amma canı it canıymış. Uşağı qucağıma aldım. Güc-bəlaynan bizi çəkib çıxartdılar. Sınıqçı gəldi. Gədənin qılçalarının ikisi də qırılmışdı. Üzü-başı qanın içindəydi. Yazın sayıqlayırdı, elə Simurq quşu, Simurq quşu deyirdi. Bir sinədəftər nənəsi vardı. Gecə-güdüz nağıl danışardı... Əlqərəz, dua yazdırar, nə bilim daha neyləyərdilər, uşaq dirçəldi. Yazbaşı yenə hoppanırdı... amma mənim adım elə o vaxtdan Simur quşu qaldı. Elə hara gedirdim, eşidirdim ki, Qasım kişinin oğlunu quyudan çıxaran Simurq quşu gəldi, Simurq quşu getdi...

Qoca sorğulu nəzərlərini Toğrula dikdi, onun diqqətlə qulaq asdığını görüb davam etdi:

- Hə, vaxt gəlib keçdi. Evləndim. Otuz beş yaşım vardı. Amma uşağımız olmurdu. Yaman fikir eləyirdim... Gecəm-gündüzüm yozdu. On ildən sonra axır ki, xudavəndi-aləm bizə bir qız uşağı verdi. Bir ay toy-bayram elədim. Oğul istəyirdim, amma Allah vermədi, elə buna da şükür dedim. Əlqərəz, vaxt gəldi, qız böyüdü. Qohum-əqrəba, tanış-biliş vaxtında mənə deyəndə ki, qızı ver bir Allah bəndəsinə, qulaq asmadım. İstəyənlər də vardı. Onilliyi qurtarmışdı, sovxozda işləyirdi. Neyləyim ki, axırda belimi qırdı... Bizim kəndə bir müəllim gəlmişdi. O da qızı istəyirdi, bir-iki dəfə yanıma adam göndərmişdi. Fikir elədim ki, tanımıram, bilmirəm, atası-anası kimdi, nə yuvanın quşudu. Vermədim... Ara-sıra qulağıma söz çatırdı ki, nə bilim, qızını dünən çayın qırağında müəllimnən görüblər, nə bilim, dünən klubda bir yerdə oturmuşdular. Fikir vermədim, gözəl qıza söz çıxartmaq camaatın köhnə peşəsidi. Amma axırda elin sözü düz çıxdı...
Bir axşam evdə oturmuşdum. Tərs kimi, o günü səhərdən də şırhaşır yağış yağırdı, kəsmək bilmirdi. Mənim də yağışla xoşum yoxdu. Yağış yağanda həmişə ürəyimə qara-qara fikirlər gəlir. Nə isə... çay içirdim, samovar pıqqapıqnan qaynayırdı. Arvadım içəri dirdi. Əlləri qoynunda, gəldi durdu qabağımda. Gördüm bir haldadı ki, xançal vursan, qan çıxmaz. Qardaşı, qaynım xəstəydi, Dedim, bəlkə kişinin başında bir iş var. Soruşdum ki, olmaya Muxtara bir şey olub? Daşdan səs çıxdı, ondan yox. Bir də soruşdum. Genə dinmədi. Gördüm, gözləri dolub, dilini-dodağını çeynəyir. Təpindim ki, evin yıxılmasın, bir desən görək nə olub?! Yazıq birtəhər özünə gəldi. Ay kişi, dedi, Allahdan gizlin deyil, səndən nə gizlin, Aypara boyludu... Aypara qızımın adı idi.
Bircə o yadımdadı ki, yerimdən sıçrayıb qalxdım. Qapının dalından baltanı götürüb özümü yan otağa saldım. Qız yerdə, xalının üstə oturmuşdu. Məni görə kimi əlimdəki baltaya bazıb dəli kimi qışqırdı: «Ay dədə, qurban olum, öldürmə məni!..»
Qoca susdu. Ötən günləri yada salmaq, həyatının qanlı bir səhifəsini yad adama söyləmək üçün onun üçün asan deyildi. Dumanlı gözləri bir neçə dəqiqənin içində sanki işığını itirmişdi. Bənizi də seziləcək dərəcədə ağarmışdı:

Qoca, damağına bir papiros qoydu. Amma bu dəfə yandırmadı. Dizlərini ovuşdurdu. Sonra yanıqlı-yanıqlı köksünü ötürüb, ayaqlarının altına baxdı.

- Məni gəlib aparanda kəndin camaatı küçəyə tökülmüşdü. Uşaqlar dalımca qışqırırdılar: «Simur quşunu aparırlar, Simurq quşunu aparırlar...»

Əvvəlcə məni rayona gətirdilər, ordan da Bakıya. Vəssalam... Oğul, sən yaşayacaqsan, ömrün qabaqdadır. Mən də yaşayırdım, kənddə məni barmaqla göstərirdilər, kolxozda da, qohum-əqraba içində də, heç kəsin qabağında üzüqara olmamışam. Doğmaca balamı öldürdüm. İnsan qanı tökdüm... Bizim kəndin iki qəbiristanlığı var. Ta qədim zamanlardan birində öz əcəliynən ölənləri basdırırlar, o birində də güllə, xançal yarasından ölənləri. Sovet hökuməti qurulandan bu qəbiristanlığın yolunu ot basıb. Heç kəs öz ölüsünü orda basdırmır. Çünki daha güllədən, xançaldan ölən yoxdur. Camaat lap çoxdan başa düşüb ki, qan davası, nəsil davası o zəmanədə qaldı. Amma mən... Bu gözəl zəmanədə qan tökdüm. Doğmaca balamın qanını. Günahım böyükdür, oğul. Bu günahı heç kim mənə bağışlamaz. Məni güllələməsələr də, mən yaşamayacağam. Mən öz hökmünü çoxdan vermişəm. Bax, hökmüm burdadır! - deyə qoca yumruğunu ürəyinin üstünə vurdu.

Sükut çökdü. Bayaqdan yatdığını güman etdikləri cavan məhbus yerindən qalxdı, gözlərini ovuşdurub acı-acı gülümsündü:

- Bura baxın, a kişilər, üzbəüz oturub nə hap-gop basırsınız? Biri deyir, mənə beş il veriblər, o biri deyir adım Simur quşudu. Onda mənə də qulaq asın. Mənim də adım Məlikməmməddi. On sarayım var, yüz qırx doqquz arvadım, bir milyon da pulum. Özü də, məni güllələməyəcəklər. Sabah burdan çıxarıb ministr qoyacaqlar hə, inanırsınız, ya genə danışım?

Cavan məhbus bir anlığa susdu.

- A kişilər, - deyə kirpiklərini qırpa-qırpa təzədən başladı. - Gedin o nömrələri uşaqlara gəlin, mənə yox də! Qoca heç, bu qocaya əvvəldən inanmıram. Bəs sən, xalaoğlu, bayaq nə başlamışdın ki, mənə beş il veriblər, hə? Bəlkə elə bilirsən, belə yalan satanda adam asan ölür? Bala, get o nömrələri bəbəyə gəl, mən ölüm, mənə yox. Üçümüz də öləcəyik, özü də bir gündə! Üç dənə gülləynən. Tuk, tuk, tuk!.. O yaşayacaq, getsin yaşayanların arasına! Mən onu görmək istəmirəm! Çıxsın getsin burdan!

Onun nazik səsi xırp kəsildi. Qoca ondan aralanıb geri qayıtdı. Cavan məhbus bir dəfə də:

- Mən onu görmək istəmirəm! İtilsin cəhənnəmə! - deyə xırıltılı səslə qışqırıb çarpayısına uzandı və yenə ağlamağa başladı.

Daha heç kəs danışmadı. Toğrul da uzandı. Gözlərini boz tavana zilləyib düşünməyə başladı. Doğrudan da, qocanın danışdığı əhvalat düzdürmü? Bəlkə mənim nəzərlərimdə qalxmaq istəyir? Yox, ölüm ayağında hamı səmimi olur. Bir də, belə adamlar heç vaxt yalan danışmırlar. Bəlkə o cani deyil? Yox, doğma balasını öldürən canidən də pisdir! Bəs belə isə, onu bu cavan məhbusan ayıran nədir?

Toğrul bu suala cavab tapmadı. Bərk yorulmuşdu. Özü jə bilmədən dərin yuxuya getdi...
Səhər, kameranın pəncərəsindən içəri süzülən şüa Toğrulun üzünə düşdü. O, gözlərini açdı. Beş ilin bir günü getmişdi. Saat neçədir? Neçə olur-olsun, nə mənası var! Bir az da yatmaq olar... Toğrul gözlərini yumdu. Lakin yata bilmədi. Kim isə qulağının dibində yanışlı-yanıqlı zarıyırdı. Kimdir? Hə, hə, o iki nəfər... Axı o tək deyil, canilərlə bir yerdədir.

Toğrul yerindən qalxdı. Gözlərini ovuşdurub ətrafına baxdı. Qoca öz çarpayısında oturub fikrə getmişdi. Cavan məhbus isə arxası üstə uzanıb hey zarıyırdı. Onun başı sarıqlı idi. Solğun yanağında laxtalanmış qan ləkəsi vardı. Toğrul qocadan soruşdu:

- Buna nə olub?

- Heç oğul, fikir vermə.

Birdən cavan məhbus dirsəklənib başını yastıqdan qaldırdı.

- Vurub başımı yarıb, hələ bir deyir də ki, fikir vermə!

Toğrul pəncərənin altına gəldi. İçəri axan şüanın içindəki saysız hesabsız toz dənələrinin rəqsinə baxdı. «Cani!» Ölüm ayağında da qan tökməsə rahat olmaz. Görəsən, nəyin üstündə sözləri düşüb, vuruşublar... Bəlkə bıçaqları var?» Ona elə gəldi ki, bir qədər də belə dayansa, canilərdən biri onu arxadan vuracaq. Tez geri döndü. Qoca papiros çəkirdi, cavan məhbus isə əvvəlki kimi zarıyırdı. Toğrul ona yanaşdı.

- Bərk ağrıyır?

Cavan məhbus gözlərini açıb bir müddət mat-mat Toğrula baxdı: Toğruldan, onun başı üzərində dayanıb bu sözləri deməsini heç gözləmirdi. O, ağarmış dodaqlarını güclə aralayaraq dedi:

- Yox, ağrımır.

Toğrul dönüb öz çarpayısına tərəf getdi. Daha nə qoca danışdı, nə cavan məhbus, nə də
Toğrul.

Bir azdan onların ikisini də gəlib apardılar. Cavan məhbus getmək istəmirdi. Hönkür-hönkür ağlayır, qışqırırdı. Onu güclə apardılar. Qoca isə özü getdi. Gedəndə də Toğrula «Salamat qal», - dedi.

Onların arxasınca qapı bağlanan kimi Toğrul özündə nə isə bir boşluq hiss etdi. Uzun-uzadı qocanın çarpayısına baxdı. Sonra döşəmənin üstündə ağaran əzilmiş «Belomor» paçkası gözünə sataşdı. Durub əyildi, paçkanı götürüb bir müddət əlində saxladı. Fikirli-fikirli qocanın yastığına baxdı. Bütün varlığını bürümüş anlaşılmaz hissdən ürəyi şiddətlə döyüşməyə başladı. O, əzik paçkanı yerə tullayıb çarpayısına uzandı...

Xeyli keçdi. Ona yemək gətirdilər. Yedi. Sonra yatmaq istədi. Lakin yenə gözünə yuxu getmədi.

Axşamüstü kameranın qapısı açıldı. Gələn növbətçi idi. O, içəri girən kimi Toğrula
baxdı:

- Səni sabah başqa kameraya keçirəcəklər, - dedi.

- Niyə ki? - deyə Toğrul soruşdu.

- Səni səhvən bu kameraya salıblar... Yaxşı qurtarmısan...

- Bağışlayın, başa düşmürəm. Nədən yaxşı qurtarmışam?

- Necə yəni nədən? Xəbərin yoxdur?

- Xeyr... Ancaq səhər açılanda gördüm ki, cavan başını sarıyıb sifəti də qanın içindədi.

- Bəs qoca sənə əhvalatı danışmayıb?

-Xeyir.

Qəribə işdir. Gecə o başı sarıqlı cavan səni boğmaq istəyirmiq. Qoca da görüb, onu möhkəmcə əzişdirib. Bircə dəqiqə gec ayılsaydı, onda...
Toğrul bir an heyrətdən danışa bilmədi. Sonra soruşdu:

- Axı o niyə məni öldürmək istəyirmiş? Mən ona neyləmişəm? Növbətçi çiyinlərini qısdı.

- Bilmirəm, - dedi, - onu get psixoloqlardan soruş.

O, bir daha Toğrulu süzüb dedi:

- Sabah səni başqa kameraya keçirəcəklər.

O getdi.

Toğrul tək qaldı. Ayaqlarını sürüyə-sürüyə, birtəhər özünü çarpayısına saldı. Bir müddət heç bir şey edə bilmədi. Ürəyinin şiddətli döyüntüsünə qulaq verdi. Bir həkimin vaxtilə ona dediyi sözləri yadına düşdü. «Ürəyinizdə nevroz var». Nevroz? Görəsən, nevroz ağır xəstəlikdirmi? Yox, nevroxdan hələ heç kəs ölməyib. O isə bu gecə ola bilərdi. - Demək, qoca məni ölümdən xilas edib? Niyə? - Toğrul boğazından yapışdı. - Məgər onun barmaqları bax beləcə, mənim boğazımdan yapışanda, qoca gözlərini yuma bilməzdimi? Onun nə işinə, Toğrul yaşayacaq, ya öləcək. Ancaq gözlərini yummayıb, yerindən qalxıb mənim qatilimlə vuruşub. Məni ölümdən qurtarıb...»

Toğrulun yaşarmış gözlərinə duman çökdü. Sonra yavaş-yavaş duman çəkildi. Toğrul ağsaçlı ocanın xəyalını gördü.

Yerindən qalxıb qocanın çarpayısına yanaşdı. Diqqətlə yastığa baxdı. Yastığın üstündə bir-birinə ilişmiş üç-dörd dənə tük vardı. Toğrul son dərəcə üsulla bir hərəkətlə tükləri götürdü. Barmaqları arasında tutaraq pıçıldadı:

- Biri vardı, biri yoxdu, bir Simurq quşu vardı...
XS
SM
MD
LG