Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:03

İlyas İsmayılov: «Azərbaycanda göstərişlər yox, qanunlar işləməlidir»


İlyas İsmayılov
İlyas İsmayılov

-

Ədalət Partiyasının sədri, deputatlığa keçmiş namizəd İlyas İsmayılov parlament seçkilərində saxtakarlıqların baş verdiyi iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayır.

İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Mərkəzi Seçki Komissiyası həmin dairədən bitərəf namizəd Ülviyyə Ağayevanı qalib elan etdi.

İlyas İsmayılov Azadlıq Radiosuna deyib ki, onların dairəsində seçki ədalətli keçirilməyib:

- 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində böyük saxtakarlıqlar oldu. Faktiki yerli hakimiyyət orqanları qanunu yox, Prezident Administrasiyasından verilən sifarişi əsas götürdülər. Siz məni yox, yerlərdə seçiciləri danışdırın. Görün onlar nə deyir.

Mən bununla bağlı prezident İlham Əliyevə də müraciət etmişəm. Həmin müraciətdə də qeyd edirdim ki, bundan əvvəl həmin dairədən iki dəfə deputat seçilmişəm. Bu müddətdə mütəmadi seçicilərlə görüşlər keçirmişəm. Onların problemləri, qayğıları ilə maraqlanmışam. Respublika səviyyəli və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində hər üç rayonun kəndlərində məktəblər tikilməsinə kömək etmişəm. Əhalinin suvarma və içməli su tələbatını ödəmək məqsədilə artezian quyularının qazılmasına, imkansız ailələrə ünvanlı sosial yardımlar verilməsinə köməklik göstərmişəm. Lakin çox təəssüf edirəm ki, yerli icra orqanları kütləvi saxtakarlıqlar etdilər. Mən prezidentə müraciətimdə belə də yazmışdım: «Şəxsi maraqlara əsaslanan, qeyri-qanuni yuxarıdan gəlmə göstərişləri müticəsinə, xalqın iradəsini zorlamaqla yerinə yetirən məmurlar ordusu mövcud hakimiyyət və xalqın gələcək taleyi üçün də olduqca böyük təhlükədir». Bu məsələ ilə bağlı DSK-ya, MSK-ya, Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə də şikayət ərizələri verdim. Amma heç bir nəticəsi olmadı. Azərbaycanda heç bir məhkəmə şikayətimi təmin etmədi. Ona görə də, Avropa Məhkəməsinə şikayət hazırlayıram.

- İlyas bəy, sizdən əvvəl də Azərbaycandan parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə şikayətlər göndərilib. Hətta bu şikayətlərin bir çoxu ilə bağlı Azərbaycan dövləti cərimələnib. Ancaq MSK kimi qalib elan etmişdi, parlamentdə də 5 il o şəxs oturdu. Necə hesab edirsiniz, bu şikayətlə hüquqlarınız tam bərpa olunacaqmı?

- Söhbət təkcə mənim hüquqlarımın bərpasından getmir. Mən istəyirəm ki, Azərbaycanda məsələlər göstərişlə yox, qanunlar çərçivəsində öz həllini tapsın. Mənim deputat olub-olmamam o qədər də önəmli deyil.

- İlyas bəy, siz 10 il deputat olmusunuz. Azərbaycanın baş prokuroru, Ədliyyə naziri işləmisiniz. Yeri gəlmişkən, İnzibat Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə necə baxırsınız?

- Mən cərimələrin bu qədər artırılmasının əleyhinəyəm. Düşünürəm ki, qanunvericilik fəaliyyəti hüquqi dövlət konsepsiyası əsasında olmalıdır. Cərimələri artırmaqla yox, icazə metodu ilə məsələlər tənzimlənməlidir. İçkili vəziyyətdə avtomobil idarə etməyə görə cərimənin artırılmasını düzgün sayıram. Ancaq avtomobili yoxla, yanğın söndürmə cihazı olmadığına görə adama 50 manat cərimə yaz, bu, düzgün deyil.

- İlyas bəy, cərimələri Sizcə, belə artırmaqda məqsəd nədir?

- Həm insanları qorxutmaq istəyirlər, həm də bununla büdcəni doldurmaq istəyirlər. Ancaq xalqın vəziyyəti çox ağırdır?

- Sizcə, əhali bu cərimələri ödəyə biləcəkmi?

- İnanmıram. Ölkədə gündə bir neçə ağır intihar hadisəsi olur. Həm yaşlı, həm cavan, həm qadın, həm də uşaq intihara əl atır. Kimi borcuna görə, kimi də başqa problemlərə görə. Bu cərimələr vəziyyəti bir qədər də ağırlaşdıra bilər.

XS
SM
MD
LG