Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Azərbaycanda siqaretin sürətlə bahalaşmasının səbəbləri...


Arxiv fotosu: Hindistanda siqaret əleyhinə reklam baneri
Arxiv fotosu: Hindistanda siqaret əleyhinə reklam baneri

-
Ötən il dekabrın 21-i Azərbaycanda devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşdı. Halbuki, manat dollar qarşısında Azərbaycan Milli Bankının müəyyən etdiyi məzənnəyə görə, cəmi 47 faiz dəyərdən düşmüşdü. Üst-üstə Azərbaycanda siqaretlərin qiyməti son bir ildə 80 faizdən çox bahalaşıb. Bu vəziyyət ilk andaca insanda belə bir sual doğurur. Bəs görəsən, Azərbaycanda tütün istehsal edilmir?

Statistik rəqəmlər son dövrlər Azərbaycanda tütün istehsalının ildən-ilə azaldığını, bu sahədə idxalın artdığınıgöstərir. Üstəlik yerli siqaretlərin də istehsalı dayanmağa başlayıb.

2013-cü ildə Azərbaycanda 3 min 265 ton tütün istehsal edilib. Bu, 2012-ci illə müqayisədə 900 ton azalma demək idi. Tütün istehsalında azalma sonrakı illərdə də davam edib. Hər il təqribən 20-30 faizdən çox azalma olub.

İNSANLARIN ƏLİ NİYƏ TÜTÜN ƏKMƏKDƏN SOYUYUB?

Bu, heç də ölkədə tütünə tələbatın azalması ilə bağlı deyil.
Balakən rayon Qazma kənd sakini Əbdürrəhman Məmmədov da yaxın illərə qədər tütün əkib. İki ildir tütünçülüyün, necə deyərlər, daşını atıb:

«Üç il əvvəl tütün əkmişdim. 3 min 500 manat ziyana düşdüm. Daha əkmək istəmirdim. Bir nəfər dedi ki, mən pul verim, ək, məhsulu satıb borcunu qaytararsan. Həmin ildə məhsul yaxşı olmadı. Elə bil ki, borcuma işlədim. Tütünə xəstəlik düşdü, həm də bizim kənddə suvarma üçün şərait yoxdur. İndi bizim tərəflərdə daha heç kim tütün əkmir. Mən əkəndə bəzi insanlar həvəsə düşmüşdü, mənim batdığımı görüb, onların da göz qorxdu».

Tütün fabriki
Tütün fabriki

DAD MONOPOLİYA ƏLİNDƏN...

Ancaq qonşu Zaqatala rayonunun Üçüncü Tala kəndində hələ də bəzi fermerlər tütünçülüklə məşğuldurlar. Kənd sakinlərindən Mustafa Ağayev deyir ki, bu sahədə monopoliya olmasa, daha çox insan tütünçülüklə məşğul olar. Mustafa Ağayev deyir ki, şitilləri kəndli fermerlərə «Inter Tobacco» MMC verir. Məhsulu da elə onlar alır:

«Qiyməti də bu şirkət müəyyən edir. Əla növ yaşıl tütünün 1 kiloqramını 18 qəpiyə, ən aşağı sortu isə 8 qəpiyə götürürlər. 1 ton yaşıl tütündən 180-200 kiloqram quru tütün çıxır».

Mustafa Ağayev deyir ki, tütün 5 dəfə yığılır. Birinci və sonuncu yığımda məhsuldarlıq o qədər də yüksək olmur. Ancaq ortalama 50-55 sentner məhsul götürmək olur...

TÜTÜNÜN XƏRCLƏRİ

Mustafa Ağayev tütünün xərclərini isə belə sadalayır:

Tütün
Tütün

«Bizim kənddə 1 hektar yeri təqribən 200-250 manata icarəyə götürmək mümkündür. Sahə iki dəfə şumlanmalıdır. Şuma da ümumilikdə 100-120 manat pul gedir. Sonra mala işləri gəlir. Buna da ümumilikdə 60 manat pul lazımdır. Sonra əkin başlayır. Tütünü əllə də əkdirən var, traktorla da. Buna da təqribən 80-100 manat pulun çıxır. Daha sonra sahə iki-üç dəfə kultivasiya edilir. Beləcə 100-150 manatda belə gedir. Ancaq xərclər hələ də davam edir. Sahə alaq otlarından təmizlənməlidir. Günəmuzd iş axtaran qadınlar var ki, günü 10 manata bu işləri görür. Tütündə çalışmaq da insan orqanizminə ziyandır. Təqribən 80-100 manat da bu işlərə gedir. Üstəlik, sahəyə verilən gübrələrin də xərcləri var. Haradasa buna da 40 manat xərc gedir. Bir də suvarma və yığım xərcləri var. Bir hektar sahədə tütün becərməyə 1200-1500 manat pul gedir».

Mustafa Ağayev deyir ki, kəndlilərin ilkin vəsaitləri olsa, monopolistlərdən asılı vəziyyətə düşməzlər. Onun deməsinə görə, əvvəllər bölgədə tütün alışı ilə bir neçə qurum məşğul olub. Onda kəndli fermerlərin həm seçim imkanı olub, həm də qiyməti qaldıra biliblər.

Üçüncü Tala kəndinin söhbət etdiyimiz daha bir neçə sakini də deyirdi ki, onların bu işdən əllərini məhz monopolistlər soyudublar. Tütün becərmək, tütün sahələrində çalışmaq həm çətin, həm də insan səhhətinə ziyan olsa da, ailələrinin dolanışığı üçün buna da hazırdırlar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin:

Araq almaq istəyirsən? Plastik kartını ver!

Dollarla krediti olanlara hüquqşünas və iqtisadçı məsləhəti

XS
SM
MD
LG