Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

Nardaran işi: 'Polisi gözümün qabağında öz polis yoldaşı vurdu'


►Avqustun 4-də keçirilən məhkəmə iclasında 4 nəfər dindirilib.

"Polislərdən birini mənim gözümün qabağında elə öz maskalı polis yoldaşlarından biri vurdu. O biri də qışqırdı ki, "zalım balası, sən neylədin, öldü ki bu!..". Tez qucaqlarına alıb, gəldikləri mebel maşınlarından birinə aparıb qoydular".

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov belə deyib.

Avqustun 4-dəki məhkəmə iclasında 5 nəfər dindirilib. Onlardan biri - Rasim Cəbrayılov ifadəsində göstərib ki, günorta namazı vaxtı təxminən 70-80 nəfər qara maskalı evə hücum çəkib:

"Bir qismi evi mühasirəyə almışdı, qalanı da həyətə girən kimi atəş açmağa başladı. Bəziləri rezin güllələr idi, bəziləri də döyüş güllələri. Mən həmin vaxt mətbəxdə İmam Hüseyn ehsanına çay hazırlayır, stəkanları yuyurdum. Mənim özümə 14 rezin güllə vurulub. Əllərimi qandallayıb apararkən, polislərdən biri gözümün qabağında yaralandı. Elə öz polis yoldaşının atdığı güllədən...".

Buna da bax: Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri

"Mən o cür vəhşiliyi ancaq efirdə görmüşəm"

Nardarana gedən marşrut avtobusunda konduktor işləmiş Rasim Cəbrayılov deyir ki, əməliyyatçılar izi itirmək üçün iki mebel maşını gətirmişdilər. Həbs elədikləri adamları da həmin maşınlardan birinə yığıblar:

"İnsanları zibil kimi maşının içinə tullayırdılar. Bizim tərəfdən ölənlərin cəsədləri də həmin maşında idi. Həmin gün maşında və ondan sonra edilən vəhşilikləri ancaq efirlərdə görmüşəm. Maşının içində yaralıların, cəsədlərin üstündə 45 ölçülü ayaqqabılarla elə gəzirdilər ki, elə bil ayaqlarının altındakı adamlar yox, kartof-soğandı. Silahın qundağı ilə hamının, harasından gəldi, vurur, təpikləyirdilər. Avtomatın qundağıyla qaşımın üstünü partlatdılar. Mən hələ söyüşləri və təhqirləri demirəm. Fərahimi maşının içində döyə-döyə öldürdülər. Erməni əsgərinə banana qədər verirlər, bizə isə zülm elədilər".

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də işgəncələrə məruz qaldığını deyən Rasim Cəbrayılov onların heç birində silah olmadığını vurğulayıb:

"Bizdə heç kibrit çöpü də olmayıb."Bondotdel"də ayrı-ayrı torbalara silah qoyub, üstünü möhürləyib, adlarımızı yazmışdılar ki, guya, bizdən çıxıb. İttihamda yazılanların hamısı yalandır".

O, istintaq ifadələrinə təzyiq altında imza atğına və onları təsdiqləmədiyinə diqqət çəkdi:

"Gecə saat 3-də - hamının yatan vaxtında bizi qaldırıb 5-ci mərtəbədə "dubinka" ilə döyüb, toka verirdilər. "Bandotdel"də yaramı tikmir, amma deyirdilər ki, "başını yastığa qoyma, qan keçməsin". Məni Nardarana çəkilişə apardılar. Çəkilişdə məni məcbur elədilər deyim ki, "Taleh Bağırzadə evin içində bizə atəş açmağı əmr edib". Mən bunu işgəncələr altında söyləmişəm".

Tale Bağırzadə
Tale Bağırzadə

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri

Bir ay sonra öz ayağı ilə gedib, tutulub

Başqa bir təqsirləndirilən - Zakir Mustafayev Nardaran əməliyyatından təxminən bir ay sonra həbs olunub. Polis idarəsinə özü, həm də könüllü gedib:

"Əməliyyat olan gün mən də ehsan süfrəsinə getmişdim. Taleh Bağırzadəni qandallayandan sonra qışqırdılar ki, "əməliyyat bitdi, çıxışa". Mənim və daha bir neçə nəfərin əllərini polietilenlə bağlayıb yerə uzatmışdılar. Onlar çıxıb gedəndən sonra qadınlar gəlib əllərimi açdılar. Çöldə maşınım dayanmışdı, onun şüşələrini sındırmışdılar. Həm özüm halsız idim, həm də maşın o vəziyyətdə idi deyə, avtomobili orada qoyub getdim. İki gün sonra maşının dalınca gəlmək istəyəndə, postdan buraxmadılar ki, Nardaran sakini deyilsən. Dekabrın 22-də maşınıma görə Sabunçu Rayon Polis İdarəsinə getdim. Həmin gün səhər saat 11-dən axşam 8-dək gözlədim. Axşam rəisin yanına apardılar məni, o da başladı təhqir eləməyə. Mənə dedi ki, "gəl görüm ə, bandit, silahlar hardadır?". Çaşıb qaldım ki, nə silah? Başladılar döyməyə, toka verdilər, əməliyyatçıların otağına aparıb stula qandalladılar. Məndən Hacı Talehin çevriliş hazırladığı, silah payladığı barədə ifadə istədilər, imtina etdim. Düşünmək üçün səhərə qədər vaxt verdilər".

“Kaş Allahın bir möcüzəsi olaydı...”

Zakir Mustafayevin sözlərinə görə, ertəsi gün də belə ifadə verməyə razılaşmayanda onu döyüb, ardınca da aparıb "bandotdel"ə təhvil veriblər. Orada işgəncələrə məruz qaldığını deyən Mustafayev qeyd edib ki, ailəsiylə təhdid ediləndən sonra tələb olunan ifadəni imzalamağa, əməliyyat çəkilişinə razılaşmağa məcbur qalıb:

"Kaş Allahın bir möcüzəsi olaydı, bizə orada edilənləri burada sizə göstərə biləydik. Məni Maştağaya apardılar, hasarın dibinə qumbara və silah qoydular. Dedilər ki, get, oradan çıxar. Mən də elədim, bunu çəkdilər".

Zakir Mustafayevin fikrincə, baş verənlər hakimiyyət daxilindəki hansısa xəyanətkar qruplaşmanın işidir.

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

"Cibimdəki 30 qəpiyi qumbara ilə səhv salıblar"

Təqsirləndirilən Aqil İsmayılov da ittihamın qondarmalığından, işgəncələrdən danışıb:

"Biz kimlərinsə fərziyyəsi ilə tutulmuşuq. Hadisə günü nə xəbərdarlıq elədilər, nə havaya atəş açdılar. Birbaşa insanları vurdular. Mebel maşının içində rəhmətlik Fərahimi o qədər vurmuşdular ki, "dubinka" əyilmişdi. Onu döyə-döyə vəhşicəsinə qətlə yetirdilər. Üstümüzə silah çəkib dedilər ki, sizi öldürəcəyik. Hamımız kəlmeyi-şəhadətimizi söylədik. Sonra "bandotdel"in həyətində hərənin üstünə 5-6 adam tökülüşmüşdü. Tək məni 3 nəfər döyürdü".

Aqil İsmayılov deyir ki, həbs zamanı cibində 30 qəpik pul olub, amma ittihamda yazılıb ki, cibindən qumbara tapılıb:

"Bunlar 30 qəpiyi "limonka" ilə səhv salıblar. Mən heç bilmirəm ki, “limonka” necə olur. Necə oldu ki, hamımızın sol cibindən kitabça, sağ cibimizdən də qumbara çıxdı? Ölən 6 nəfərin qanı "bandotdel"in üzərindədi. Bu anaların göz yaşı, gec-tez, onların axırına çıxacaq".

Vəkil qovuldu?

Aqil İsmayılov dövlət hesabına təyin olunan vəkil Səfər Hüseynovdan narazılıq edib:

"Vəkildən soruşuram ki, 120-ci maddə nədir? Mənə izah eləmir".

Səfər Hüseynovun onu müdafiə eləmədiyini, işgəncələrə göz yumduğunu deyən Aqil İsmayılov məhkəmədə ondan imtina edib. Buna görə də iclasda qalmaqal yaranıb, çünki vəkil Aqil İsmayılovun yalan danışdığını bildirib: "Yalan danışırsan, adamın vicdanı olar".

"Vicdansız sənsən ki, bu cür hərəkətlər eləyirsən", - təqsirləndirilən şəxslər hamılıqla ona etiraz edərək, zaldan çıxarılmasını istəyiblər.

Qalmaqaldan sonra vəkil zaldan çıxıb.

“Bizi narahat edən vəkil vicdansızlığıdır”

Taleh Bağırzadə bu məsələ haqqında qısa çıxış edib:

"Bizi narahat edən odur ki, Vəkillər Kollegiyası vicdanlı vəkilləri cəzalandırır, onları kollegiyadan çıxarır. Amma sifariş icra edən bu cür vəkillər iş başındadır. Yəni bizi narahat edən vəkil vicdansızlığıdır, bunların vəkil adı altında çirkabla məşğul olmalarıdır".

Təqsirləndirilən şəxslərdən Ramin Yarıyev də dindirilib. O, həbs olunarkən yetkinlik yaşına çatmayıbmış.

"Mənə 7 rezin güllə dəyib. Qurana əl basıram ki, Abbas mənə nə silah, nə qumbara, nə də bıçaq verib. Ağzımı cırmışdılar, alt və üst dişlərimi sındırmışdılar. Dodağıma elə "bandotdel"in həyətindəcə dörd tikiş qoydular. Bizə həyətdə zülm eləyəndə ətraf binalardakılar eyvandan görürdülər. Dekabrın 30-da məni Kürdəxanı təcridxanasına köçürdülər. Yanvarın 1-də ilk dəfə evlə əlaqə saxlaya bildim. Ailəmə demişdilər ki, ayağımı kəsiblər. Anam ancaq məni məhkəmədə görərkən inandı ki, ayağım kəsilməyib", - bunu isə təqsirləndirilən Əli Nuriyev ifadəsində deyib.

Məhkəmə avqustun 10-da davam edəcək. Qeyd edək ki, təqsirləndirilən şəxslərin istintaq zamanı qəddar işgəncələrə məruz qalmaları, polis əməkdaşlarının öz həmkarlarını öldürmələri, evlərinə silahın əməliyyatçılar tərəfindən qoyulması kimi məhkəmədə səsləndirdikləri ittihamlara hələlik prokurorlardan hər hansı reaksiyası səslənməyib. Hakim və prokurorlar hələlik təqsirləndirilən şəxslərin çıxışlarına müdaxilə etmirlər.

XS
SM
MD
LG