Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:19

Polis: 'Bir əlində bıçaq, birində beşbarmaq, sağ cibində qumbara, sol cibində kitabça vardı'


"Nardaran işi" üzrə məhkəmədə üzləşmə
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Nardaran işi" üzrə məhkəmədə üzləşmə

"Sən ya işini itirməməkdən ötrü, ya da başqa nəyəsə görə məni şərləyib bədbəxt elədin, övladımı atasız qoydun. Mən isə sənə Allahdan uzun ömür istəyirəm, yaşayasan, həmişə də öz balalarına baxanda mənim də balamı xatırlayasan".

Bunu "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərdən Bəhruz Əsgərov məhkəmədə polis əməkdaşı Kənan Heybətova deyib.

Buna da bax: Nardaranda qarşıdurma, ölən və yaralılar var - [video, fotolar]

Heybətov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdı və 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda iştirak edib. O, sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ifadə verib. Bildirib ki, əməliyyat zamanı Bəhruz Əsgərovu o zərərsizləşdirib. Polisin iddiasına görə, saxlanılarkən Bəhruzun əlində beşbarmaq olub, həmçinin cibindən qumbara tapılıb.

“MƏNDƏN NƏ ÇIXIB, GƏTİR, GÖSTƏR”

"Sən məni şərləyib bədbəxt elədin, övladımı atasız qoydun. Mən isə sənə Allahdan uzun ömür istəyirəm, yaşayasan, həmişə də öz balalarına baxanda mənim də balamı xatırlayasan".

Bəhruz Əsgərov isə polisin dediklərinin doğru olmadığını, onu ilk dəfə "bandotdel"də gördüyünü bildirib: "Mənə dedilər ki, bir nəfər gəlib üzünə duracaq. Bu gəldi, orada gördüm".

Bəhruz Əsgərov Nardaran əməliyyatı zamanı yaralanıb: "Mənim əlimdə, cibimdə heç nə olmayıb. Müstəntiqə dedim ki, “məndən nə çıxıb, gətir göstər”. Dedi ki, “səndə beşbarmaq, qumbara olub ki, görmək də istəyirsən?” Bunlar basqın edəndə mən təslim oldum, əllərimi qaldırdım. Buna baxmayaraq, mənə 10-a yaxın rezin güllə, ayağımdan bir dənə də "boevoy" güllə vurdular. Əməliyyat bitəndə bunlar yaralıları atıb getmişdilər. Məni kənd camaatı Nardarandakı tibb məntəqəsinə çatdırdı, oradan da Sabunçu xəstəxanasına apardılar. Sabunçu xəstəxanasında da polislər məni vurmaq istəyirdilər. Səhlab Bağırov qoymadı, dedi ki, “camaat görür”.

Kənan Heybətov isə deyir ki, yaralıları, o cümlədən Bəhruz Əsgərovu xəstəxanaya onların çağırdığı təcili yardım çatdırıb.

Buna da bax:​ Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

“ƏMƏLİYYATDIR, HƏR ŞEY OLA BİLƏR”

"Bunlar basqın edəndə mən təslim oldum, əllərimi qaldırdım. Buna baxmayaraq, mənə 10-a yaxın rezin güllə, ayağımdan bir dənə də "boevoy" güllə vurdular".

"Mən zindandan, şəhadətdən qorxmuram. Əgər nə vaxtsa səhvini başa düşsən, mənə xəbər göndər, səni bağışlayaram. Allah səni hidayət eləsin...", Bəhruz Əsgərov vurğulayıb.

Əsgərova güllə arxadan dəyib, bu barədə ekspert rəyi də var. Amma polis deyir ki, hadisə vaxtı Bəhruzla üzbəüz olub, onu zərərsizləşdirmək üçün güllə atmaq məcburiyyətində qalıb. Vəkil Yalçın İmanov Kənan Heybətovdan bu ziddiyyətə aydınlıq gətirməsini istəyib: “Siz Bəhruzla qarşı-qarşıya dayanmısınız. Belə çıxır ki, sizinlə qarşı tərəfdə olan polislər də siz olan tərəfə atəş açıb?”

"Normal ölkədə mən çoxdan evimdə olmalıydım. Əgər bu hadisə demokratik ölkədə olsaydı, məndən üzr istəyərdilər".

Bu ziddiyyətlə bağlı Kənan Heybətovun cavabı belə olub: “Bu əməliyyatdır, hər şey ola bilər. Ola bilər ki, yaxınlıqdakı polislər atəş açıb. Məndə rezin güllə olmayıb”.

Vəkil xatırladıb ki, iş materiallarına görə, rezin güllə atan silahlar, ancaq əməliyyat zamanı dünyasını dəyişmiş polislərdə olub.

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

“MƏNDƏN ÜZR İSTƏYƏRDİLƏR”

Kənan Heybətov dindirilərkən təqsirləndirilən şəxslərdən İbrahim Xudaverdiyev onun dediklərinə münasibət bildirib: “Bizə “terrorçu” deyirlər, amma terrorçu biz yox, bizə bu zülmü edənlər, sonra da gəlib burada yalan danışanlardır. Onların etdikləri elə vətənə xəyanətdi. Normal ölkədə mən çoxdan evimdə olmalıydım. Əgər bu hadisə demokratik ölkədə olsaydı, məndən üzr istəyərdilər. Ona görə imkanı olanların hamısı qaçıb bu ölkədən gedir”.

"Öldürülən polislərin anası bizə dua edir, çünki yaxşı bilirlər ki, bizlik heç nə yoxdur”.

Təqsirləndirilən Taleh Bağırov da polislərin yalan danışdığını deyir: “Azərbaycan hakimiyyəti Nardaran hadisələriylə xalqa qarşı cinayət törədib, özünə qarşı da cinayət işi açıb. Öldürülən polislərin anası bizə dua edir, çünki yaxşı bilirlər ki, bizlik heç nə yoxdur”.

Buna da bax:​ Polis: 'İçəridən səslər gəlirdi ki, atəşi dayandırmayın'

“BİR ƏLİNDƏ BIÇAQ, BİR ƏLİNDƏ BEŞBARMAQ”

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin başqa bir əməkdaşı Nadir Novruzov dindirilib. O deyir ki, əməliyyat zamanı Abbas Quliyevi zərərsizləşdirib: "Bir əlində bıçaq, bir əlində beşbarmaq, sağ cibində qumbara, sol cibində Taleh Bağırovun çağırış kitabçası vardı".

"Bir əlində bıçaq, bir əlində beşbarmaq, sağ cibində qumbara, sol cibində Taleh Bağırovun çağırış kitabçası vardı".

Vəkil Yalçın İmanov xatırladıb ki, ekspertiza rəyinə görə, Abbasın üzərində başın partlaması, sınıqlar kimi ciddi xəsarətlər olub. Polis bildirib ki, o, heç kimə işgəncə verməyib, ola bilsin, Abbas Quliyev zərərsizləşdirilərkən yıxılıb və həmin vaxt xəsarət alıb.

Abbas Quliyev isə bildirib ki, saxlanılıb Nardarandan “bandotdel”ə aparılarkən maşında avtomatın qundağı ilə başına vurublar və xəsarət də ondan yaranıb.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Buna da bax:​ 'İlham Əliyev bu cür idarəçiliklə ölkəni tənəzzülə aparır...'

'Mənə dedilər, bir nəfər gəlib üzünə duracaq. Bu gəldi...'

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax:

XS
SM
MD
LG