Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Trump-Anar sövdələşməsi ABŞ-a necə bir təhlükə yarada bilər?


Anar Məmmədov (Öndə)
Anar Məmmədov (Öndə)

“The Newsweek” məcmuəsi özünün dediyi kimi, namizəd kampaniyası tozanağında yaddan çıxmış bir sualı yada salıb: Əgər Donald Trump prezident seçilərsə, onun özü və ailəsi bütün dünya boyunca xəlvəti maliyyə şəbəkəsi olan Trump Organization şirkəti ilə bütün əlaqələrini kəsəcəkmi?

“Və yaxud da Trump, Amerika tarixində biznes maraqları Birləşmiş Ştatların təhlükəsizliyini daim hədələyən ən ziddiyyətli prezident olmaq yolunu seçəcək?” – deyə sual edilir məqalədə.

Atasının Bakı biznesində İvanka Trump da iştirak edir
Atasının Bakı biznesində İvanka Trump da iştirak edir

“The Newsweek” yazır ki, bütün kampaniya boyunca, Trump ailəsinin bank hesablarına milyonlarla dollar gətirən biznes yaddan çıxıb. Bu da qeyd olunur ki, onun biznes partnyorları, investorları ictimaiyyətin nəzərindən kənarda qalıblar, halbuki Trump prezident olsa, elə bu adamlar daha da varlanacaqlar.

“The Newsweek” iddia edir ki, Trump Organization şirkətinin biznes fəaliyyətini araşdırıb və bu zaman onun qlobal maliyyəçilər, xarici siyasətçilər və hətta kriminallarla dərin bağları üzə çıxıb, hərçənd Trump şirkətinin kriminal fəaliyyəti ilə bağlı sübutlar yoxdur.

Məqalədə deyilir ki, Trump Ağ Evə köçdükdən sonra da öz şirkətindən mənfəət götürməkdə davam etsə, onun demək olar, hər bir xarici siyasət qərarı “ciddi maraqlar toqquşması və etik bataqlıqlar” yaradacaq.

Bu da qeyd olunur ki, Trump Organization şirkəti bu mənada “Bill, Hillary & Chelsea Clinton” Fondundan köklü şəkildə fərqlənir, çünki ABŞ-da xeyriyyə cəmiyyətlərinin bütün maliyyə fəaliyyəti sentinədək audit edilir.

Cənab Trump-a gəlincə isə, onun bank hesablarına axan milyonlarla dolların böyük bir qismi, bir çoxu ziddiyyətli və hətta qanunsuz əməllərlə bağlı olan maliyyəçi və inşaatçılarla sövdələşmələrdən gəlir.

Binalara yapışdırılan ad

“The Newsweek” yazır ki, hətta Trump və onun ailəsi, prezidentlik müddətində bu şirkətləəlaqələrini dondurub yenidən həmin biznesə qayıdışlarının mümkünlüyünü açıq saxlamaqla da maraqlar toqquşması yarada bilər.

Məqalədə bildirilir ki, Trump-ın sövdələşmələrdə olduğu xarici şirkətlərin əksəriyyəti həmin şirkətlərin mənsub olduğu ölkələrin hökumətlərinin nəzarəti altındadır.

Bu isə o deməkdir ki, bir prezident kimi Trump-ın siyasətinə təsir etmək istəyən xarici hökumətlər Trump şirkəti ilə sövdələşmə quraraq birbaşa Ağ Evdəki ailəni mənfəətləndirə bilər.

...bu sövdələşmə ləğv olunmasa, Anar Məmmədov tezliklə Trump-a milyonlarla dollar ödəmək imkanında olacaq

Məqalədə deyilir ki, məhz bu səbəbdən də Trump ailəsinin öz biznesi ilə əlaqəsini birdəfəlik kəsməməsi Amerikanın xarici siyasətini rüşvət imkanına açıq buraxacaq.

Qeyd edilir ki, hazırda Trump şirkəti ilə bağları olan 500-dək biznes subyekti var.

“Adamların əksəriyyəti inanır ki, Trump çox uğurlu inşaatçı, teleulduz və uğursuz kazino sahibidir. Lakin onun son onillikdəki əsas biznesi tamam başqa xarakterdə olub” – yazır “The Newsweek”.

Bu da vurğulanır ki, Trump özünün teleulduz kimi məşhurluğundan biznesini irəlilətmçək üçün faydalanıb, lakin onun ənənəvi biznesi 2007-ci ildən sonra bir az başqa forma alıb.

Həmin vaxtdan bəri Trump öz otellərini və ofislərini tikməkdənsə, xarici ölkələrdəki tikinti şirkətlərinə öz adının yeni tikililərə “yapışdırılması hüququnu” satmaqla məşğul olub.

Məqalədə deyilir ki, Trump və onun oğlu Donald Rusiya, Ukrayna, Vyetnam, Tayland və başqa ölkələrdə biznes perspektivləri barədə planlar cızıb.

Trump, Doğan, Erdoğan...

“The Newsweek” yazır ki, Trump artıq müsəlman dünyasında bir çox maraq toqquşmalarına malikdir. Vəziyyəti həm də onun bir sıra anti-müsəlman bəyanatları daha da mürəkkəb edir.

2008-ci ildə Trump öz brendinin satışına dair Türkiyənin Doğan Qrupu ilə saziş imzalamışdı. Bu sazişə əsasən onun adını İstanbuldakı iki göydələnə yapışdırmışdılar.

Türkiyə milyarderi Aydın Doğan
Türkiyə milyarderi Aydın Doğan

Məcmuə xatırladır ki, 2012-ci ildə həmin göydələnlərin lentkəsmə mərasiminə Trump-ın özü gəlmiş, qüdrətli Doğan qrupu isə onun prezident Recep Tayyip Erdoğanla görüşünü təşkil etmişdi.

İndi isə Doğan ailəsi Türkiyədə gözdən düşüb və hətta qrupun başçısı Aydın Doğana qarşı cinayət işi qaldırılıb.

O mart ayında yanacaq qaçaqmalçılığı ilə bağlı ittihamla üzləşib və onu 24 ilədək həbsxana cəzası gözləyə bilər.

Bir sıra maliyyəçilər bildirirlər ki, Trump-ın biznes əlaqələri Panama sənədləri kimi tanınan məlumatlar mətbuata sızandan sonra daha da qəlizləşib.

Məqalədə deyilir ki, Doğanların gözdən düşməsi ilə eyni vaxtda, Erdoğan ötən iyunda “anti-İslam Trump-ın” adını əks etdirən lövhələrin İstanbuldakı kompleksdən götürülməsinə çağırıb.

Məcmuə yazır ki, bu hələ Trump-ın biznes maraqlarının yüngülcə toqquşmasıdır. Lakin nəzərə alınmalıdır ki, Türkiyə ABŞ-ın ən böyük müsəlman müttəfiqidir.

Məqalə müəllifinin fikrincə, “kim qarantiya verə bilər ki, çılğınlığı ilə tanınan Trump bu müttəfiqliyə zərbə vurmayacaq”.

Anar Məmmədov ABŞ-a təhlükə kimi

“The Newsweek”in məqaləsində deyilir ki, maraqlar toqquşması barədə narahatlıq doğuran başqa bir sövdələşmə, Dövlət Departamentinin rəsmi hesabatına görə “korrupsiya və siyasətlə bir-birinə bağlı elitaların yırtıcı davaranışları vücuduna hopmuş” Azərbaycana aiddir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov

Bu da qeyd edilir ki, Trump-ın maliyyə hesabatlarına görə o, OT Marks Baku LLC və DT Marks Baku Manaaina Member Corp adlı iki biznes vahidinin prezidentidir.

“The Newsweek” yazır ki, bu sövdələşmə üzrə Trump-ın partnyoru ölkənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan Garant Holding şirkətidir.

Məqalədə bildirilir ki, Amerikanın 2010-cu ildə ictimaiyyətə açılmış diplomatik hesabatlarına görə Birləşmiş Ştatlar Ziya Məmmədovun İran hərbiyyəsi üçün çirkli pulları yumasına dair şübhələr yaradan sənədlərə malikdir.

“The Newsweek” yazır ki, bu fakt Trump-ın biznes maraqlarının milli təhlükəsizliklə toqquşduğunu bir daha nümayiş etdirir.

Məqalədə deyilir ki, bu sövdələşmə ləğv olunmasa, Anar Məmmədov tezliklə Trump-a milyonlarla dollar ödəmək imkanında olacaq.

“Əgər Amerika kəşfiyyatı…onun partyorunun atasının İran hərbiyyəsinin pullarını yumaqla İrana kömək göstərdiyi nəticəsinə gələrsə, Trump-ın İran və Azərbaycana dair xarici siyasət qərarları Birləşmiş Ştatların milli təhlükəsizliyinə əsaslanacaq, yaxud Donald Trump-ın şəxsi maliyyə təhlükəsizliyinə?” - deyilir məqalədə.

“Hələ indiyədək Amerika prezidentliyinə heç bir namizədin Amerikanın müttəfiqləri və düşmənləri ilə bu qədər çox bağları olmayıb və əvvəllər heç vaxt biznes Birləşmiş Ştatlara belə bir təhlükə yaratmayıb. Əgər Donald Trump bu seçkidə qalib gəlsə və onun şirkəti dərhal bağlanmasa və ya bu şirkətin Trump ailəsi ilə əlaqəsi həmişəlik kəsilməsə, onda Amerika Biləşmiş Ştatlarının xarici siyasəti də satışa çıxarıla bilər” – yazır “The Newsweek” .

XS
SM
MD
LG