Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Generalın məktubu yayılıb: 'Məni öldürmək istəyirlər...'


Akif Çovdarov
Akif Çovdarov

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Akif Çovdarov aclıq aksiyasına başlayıb.

Bu barədə onun vəkili Kamandar Nəsibov oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Vəkil: “Çovdarov aclıq aksiyasına başlayıb”

Vəkilin sözlərinə görə, passiv hərəkətlərlə Akif Çovdarovun ölümünə nail olmaq istəyirlər. Elə A. Çovdarovun özü də bu fikirdədir və bu barədə məktub yazıb. Müdafiəçi onun məktubunu da təqdim edib. A. Çovdarov yazır ki, həkim-kardioloq Natəvan Babayeva oktyabrın 22-də Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar hissəsinə gəlib və onun tam sağlam olması haqqında rəy verib. Generalın sözlərinə görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi bu həkimə icazə vermir ki, ona müalicə təyinatı yazsın.

Buna da bax:​ 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

A.Çovdarovun məktubu

"Altı aydır ki, məni "Degasin" dərmanı qəbul etməyə məcbur edirlər. Həmin dərmanı qəbul edəndən sonra ürəyim daha da zəifləyir, səhhətim pisləşir. Halbuki dərmanın təyinatında onun 20 gündən artıq qəbuluna icazə verilmir. Bunu Natəvan Babayeva da təsdiqlədi. Xəstəlik tarixçəmdə isə bu dərmanı qəbul etməyim göstərilməyib. Əgər bu dərmanın qəbulundan ölsəm, belə çıxacaq ki, onu özbaşına qəbul eləmişəm... Oktyabrın 22-dən 23-nə keçən gecə səhhətim kəskin pisləşib və növbətçi həkimdən Natəvan Babayevanın mənə tövsiyə etdiyi "Algikey" dərmanını vurmağı xahiş etdim. Növbətçi həkim tibb-sanitar hissəsində bu dərmanın olmadığını bildirdi. Mən təcili yardım çağrılmasını istədim. Növbətçi tibb-sanitar hissəsinin rəisi ilə əlaqə saxladı və o, təcili yardıma ehtiyac olmadığını, oradakı dərmanlarla keçinməli olduğumu bildirdi. Təcili yardım səhəri gün də gəlmədi. Oktyabrın 24-dək mənə tibbi yardım göstərməyə heç cəhd olunmayıb. Ürək xəstəsi kimi, hər gün açıq havada olmalıyam. Amma həbs olunandan bəri bir dəfə də açıq havada gəzməyimə imkan verilməyib. Bütün bunlar məni kimlərinsə sifarişi ilə öldürməyə çalışdıqlarını sübut edir.

Odur ki, qeyd etdiyim qanunsuzluqlara etiraz olaraq, həmçinin həyatım təhlükədə olduğu üçün mən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Bakı İstintaq Təcridxanasının həkimləri tərəfindən müayinə və müalicə olunmaqdan imtina edirəm. Yalnız öz vəsaitimiz hesabına ailə üzvlərim tərəfindən müəyyən edilmiş həkimlər tərəfindən müayinə olunmağa razılıq verirəm. Həmçinin Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəhbərliyi tərəfindən "müalicə" yolu ilə öldürüləcəyimdən əmin olduğum üçün buna etiraz olaraq, dərman, qida və su qəbul etməkdən imtina edib, oktyabrın 25-dən aclıq elan edirəm".

Buna da bax:​ ​MTN-in agenturasına ayrılan milyonlar

“Hakimlər niyə cəzalandırılmır?”

Bəzi media orqanlarının Akif Çovdarova qarşı kampaniya apardığını deyən vəkil ittiham aktının yayılmasına da etirazını bildirib: "İstintaq orqanı ittiham aktında, əsasən, təqsirləndirilən şəxsin əleyhinə olanları yazır. İttiham aktının hər səhifəsinin arxasında 3-4 cild sənəd var. Dindirmə protokollarında çox şey var, amma istintaq orqanı özü istədiyini ittiham aktına yazıb".

Kamandar Nəsibov Akif Çovdarov və digərlərinin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən də söz açıb. Vəkilin fikrincə, zərərçəkmişlərin sayı 60-a yaxın olsa da, bu işdən gerçək zərərçəkmişlər 2-3 nəfərdir: "Həmin adamların 50-60 faizi dələduzluğa görə məhkum olunan və ya barəsində cinayət təqibi gedən adamlardır. İş materiallarında elə zərərçəkmiş ərizələri var ki, heç “A4” vərəqi əyilməyib. Bu da göstərir ki, o işlərin əksəriyyəti məqsədli şəkildə quraşdırılıb. Bizdə məlumat var ki, zərərçəkmişlərin bir qisminə hədə-qorxu gəlib, müəyyən vədlər verərək, bu işə cəlb ediblər. Rusiyada yaşayan adamla telefonla danışıb, onu zərərçəkmiş kimi tanıyıblar. Kim deyə bilər ki, telefonun o başında danışan həmin bu şəxsdir? Tağı Əhmədov kimilər cinayət məsuliyyətindən azad olmaq üçün ərizə veriblər.

16-17 nəfər yalnız mənəvi ziyana görə zərərçəkmişlərdir. Bu nə deməkdir? “Nardaran işi”ndə bu praktikanın təməlini qoyub, bu işdə də davam etdiriblər".

Buna da bax:​ 'MTN generalı'nın işi: Zərərçəkmişlərin biri müğənnidir...

Vəkilin sözlərinə görə, bəzilərini çağırıb, telefon danışıqlarına gizli qulaq asıldığı barədə məlumat verərək, onları zərərçəkmiş kimi tanıyıblar: "Qulaqasma məhkəmə qərarı əsasında olub, bunu demirlər. Qanunsuz hərəkət kimi qiymətləndirirsənsə, onda hakim də cəzalandırılmalıdır. Qərarı o verib".

“Ölümündən bir saat əvvəl evindən yemək-içmək istəyib”

Mətbuat konfransında məlum olub ki, A. Çovdarov istintaq təcridxanasında dünyasını dəyişmiş MTN Antiterror Mərkəzi rəisinin müavini İlqar Əliyevin intiharı barədə vəkilinə maraqlı məlumatlar verib: "İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyüb asırdı? Bundan başqa, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib bu adam. Yaxud Orxana (MTN-in həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib".

Buna da bax:​ MTN generalı ilə bağlı yeni faktlar üzə çıxıb

"Akif Çovdarov danışsa, dövlətçiliyə xələl gələ bilər"

Akif Çovdarova agentura xərclərinin mənimsənilməsi ilə bağlı verilmiş ittihama toxunan Kamandar Nəsibovun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti məhkəməyə mülki iddia ilə üz tutaraq, mənimsənildiyi iddia olunan məbləği tələb edir. Mülki iddia 2 milyon 917 min 200 manatdır və bu vəsaitin Akif Çovdarov, eləcə də onunla birlikdə mühakimə olunan Akif Əliyev və Səlim Məmmədovdan alınıb DTX-nin bank hesabına köçürülməsi tələb edilir.

"Akif Çovdarov bu epizod üzrə danışmır, hesab edir ki, danışsa, dedikləri dövlətçiliyə xələl gətirə bilər. İş materiallarında o pulların alınması ilə bağlı Akif Çovdarovun nazirə raportu var. Agentlərin gerçək kimliyini Akif Çovdarov və nazir bilir. İndi istintaq nə istəyir? Akif Çovdarov o adamların kimliyini açıb ortaya qoysun? Bu ittihamı irəli sürən Azərbaycan dövlətçiliyinə son qoymaq istəyən şəxslərdir", - müdafiəçi belə deyib.

XS
SM
MD
LG