Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:03

Cəlil Məmmədquluzadə. Atlar dayandı


Şәhәr dağın tәpәsindә qurulubdur. Evdә oturanda hәr yana göz gәzdirib görürsәn ki, dağ, daş, dәrәlәr vә çaylar--hamısı sәndәn aşağıdadır.

Dağların hәrәsi bir rәng çalır; çünki bunların elәsi var ki, meşәlәrlә örtülübdür. Amma dağların әksәri lütdürlәr vә bu lütlüyün hüsnü meşәli dağlardan da artıqdır; bunun sәbәbi budur ki, dağların hәrәsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rәng çalır. Әlәlxüsus gün dağlara düşәndә, günün şәfәqi dağların gah bu tәrәfini şölәlәndirib o tәrәfinә qara kölgә salır, gah da әksinә.

Axşam vaxtları Xansaray şәhәrinin mәğrib tәrәfi behiştin bir guşәsini yada salır. Yevropanın Şveytsariyasını görәnlәr, buranı Şveytsariyaya oxşadırlar. Türkiyәnin Qәmәr göy yaylağını görәnlәr, buranı oraya oxşadırlar. Üfa şәhәrinin Cin yaylaqlarını görәnlәr Xansarayın zöhr [1] vaxtı mәğrib tәrәf mәnzәrәsini oraya oxşadırlar. Mәn dә Qafqaz yolunun landşaft görünüşlәrini görәn bir allah bәndәsi bunu cürәtlә deyirәm ki, Xansaray şәhәrinin şam vaxtı mәğrif tәrәf seyrәngahı o qәdәr ki, insana ürәk şadlığı verir,--az bir qeyri yerlәrdә bu sәadәt әlә düşә bilәr.

[1] Günorta.

Yay zamanı, günortadan iki-üç saat keçәndәn sonra gün batan sәmtindә açılmış "Çanaqqala" çayxanasının sağ vә sol tәrәfi seyr edәn cavanlarla dolmağa başlayır. Bir az bundan aşağı şose yolunun әtrafı camaatla dolu olur. Bunlar yol ilә ötüb gedәn arabalara, atlılara, fayton vә avtomobillәrә tamaşa edirlәr.

Şose yolunun dolayları әn uzaqdan görsәnir. Budur, dağın dalından bir fayton gәlir. Ancaq on dәqiqәdәn sonra haman fayton yavıqlaşıb bizim qabağımızdan keçәcәk.

Budur, uzaqdan bir avtomobil görsәnir; gah dolayın döngәlәrindә gizlәnib yox olur, gah döngәdәn çıxıb yavıqlaşır.

Odur, atlılar dәstә-dәstә, ya tәk-tәk uzaqdan görsәnirlәr. Bir qeyrilәri dә şәhәrdәn çıxıb aşağı tәrәfә çapırlar; bunlar hamısı cövlan edirlәr.

Amma axşam vaxtları Xansaray şәhәrinin girәcәyindә, "Çanaqqala" çayxanasının qabağında, görkәmli vә tamaşa etmәli bir şey varsa, o da aşağıdan--yuxarı şәhәrә varid olan avtomobillәrin, faytonların vә yaxud atlıların tamaşasıdır.

Bax, bir avtomobil gәlir. Görәk bu qabağımızdan necә baş yuxarı qalxacaq. Buğ vә maşın icad edәnin anası ölsün! Bir dәqiqәdә fırıldadı vә pufladı, qalxdı getdi....

Budur, aşağıdan bir neçә atlı çapa-çapa gәlir. Gәrәk bunların atları necә çapacaq vә görәk yorulub duranı olacaq, ya xeyr, çapıb keçәcәklәr.

Axşam vaxtları şәhәrin "Çanaqqala" adlanan sәmtindә yolun әtrafı, sağ vә sol tәrәfi әhali ilә dolu olur. Kişilәr, övrәtlәr, uşaqlar. Vә әlәlxüsus övrәtlәr: çarşaflı övrәtlәr, çardaqlı övrәtlәr, üzüörtülü övrәtlәr, üzüaçıq övrәtlәr.... Cahıllar, ortabab, balaca qızlar, mәktәb qızları vә mәktәb oğlanları qarışqa kimi qaynaşırlar. Buraya cәm olmaqdan mәqsәd--aşağıdan başyuxarı gәlәn atlılar, fayton vә avtomobillәrә tamaşa etmәkdir.

Budur, aşağıdan üçüncü dolayıdan başyuxarı iki atlı çapışır. Görәk bunların hansı qabaqlayacaq? Aha! Ya allah, ya allah!... Hı, ay qoçaq kәhәr at, hı!... Maşallah, maşallah!... Әdә, qoyma!... Aha! Yox, balam, qara at kәhәr atı qabaqladı.

Urra! Urra! Hay-küy, qışqırıq, üşkürük, qırrrr....

Budur, iki fayton gәlir; ikisi dә zınqırovlu. Bunlar axırıncı dolayını qalxandan sonra atlarını qunutladılar vә o qәdәr yazıq heyvanların sağrısına çırpdılar ki, atlar dördayaq çapıb aradan çıxdılar vә çanlarını qurtardılar; yoxsa әhyana, әgәr bunların biri dayanıb dursaydı, daha oğul-uşağın vә nәinki tәk bircә oğul-uşağın, bәlkә yekә kişilәrin vә hәtta arvad-uşağın, şuşalıların qabağında, onların fışqırıq vә üşkürәklәrinin vә "ğır-ğır"larının qabağında neçә batman tәr axıdacaq idilәr.

Doktor Qәbzibәylә birlikdә, Xansaray yaylaqlarında mәn dә çox vaxtlar keçirmişәm. Bir neçә il bundan qabaq hәtta onunla İlmatan dağlarına da getdik vә oralarda doktorla qәribә yerlәr gәzdik, qәribә sulara, növ-növ mәdәn sularına rast gәldik.

Amma çox vaxtlar Xansaray şәhәrinin özündә qalmışıq vә qaldıqda da hәmişә qәsdәn qonşu olmuşuq vә bu qonşuluqdan mәn ki, hәmişә mәmnun olmuşam; doktor da, zәnn edirәm, narazı qalmamış olsun gәrәk.

Әvvәlәn, doktor özü çox gözәl müsahibdir. Çalan, cağıran, oynayıb-gülәn, qonaq sevәn vә dostluqda xeyli sәdaqәtli. İkinci dә budur ki, doktorluqda özü mahir bir hәkimdir vә evimizin içindә nә qәdәr ki, azarlı ittifaq düşübdür. Qәbzibәyin dövlәtindәn, hәkimә vә dәrmana xәrcimiz çıxmayıbdır vә azar da dәf olub gedibdir.

Vә lakin axır vaxtlarda, demәk olar ki, Qәbzibәyin mәişәtindә bir böyük dәyişiklik üz verdi. Onu istәyirәm deyәm ki, bir neçә ildir ki, hәkim daha yay zamanı Xansaraya gәlmir. Bir neçә ildir ki, aşağıda, aranda, yay zamanı çox isti olan "Qaraqırt" qәsәbәsindә qalıb oranın isti havasına vә mığmığ milçәyinә tab gәtirә-gәtirә Xansaray kimi gözәl bir yaylağa getmәk istәmir.

Bir neçә dәfәdir Xansaraya köçüb gedәndәn sonra mәn Qәbzibәyә xüsusi tәkliflәr göndәrmişәm, bir neçә dәfә görüşüb әhvalpürsan olmuşam, tәkid elәmişәm, yalvarıb yaxarmışam vә hәr dәfә ondan qәti narazılıq cavabını almışam.

Tәәccüb burasındadır ki, hәlә Xansarayda doktor Qәbzibәyin öz mәxsusi evi dә var. Burada onun qohum әqrәbası var. Hәr yay fәsli,--ki doktor burada olur,--onun yanına gәlәn azarlılardan onun yaylaq xәrci artıqlığınca hasil olur. Demәk, burada bir qәnaәt söhbәti dә ola bilmәz. Hәlә demәk olar ki, yay zamanı aranda, Qaraqırt qәsәbәsindә hәkimin bazarı o qәdәr dә işlәmir; sәbәb budur ki, bütün camaat,--ki çoxları maldardır,--baş alıb yaylaqlara köçüb gedirlәr.

Demәk, aşağıda qalmaqla hәkim Qәbzibәy özünü bütün işsizliyә dә düçar qılırdı.

* * * * *

Bir neçә il bu minvalla keçdi. Doktor Qәbzibәy yay zamanı Xansaray yaylağına gәlmәmәkdә elә bir inad göstәrdi ki, hәtta onun öz yavıq qohum-әqrәbası da bu işә mәәttәl qalmışdılar.

Keçәn yay fәslinin qabağı mәnim yolum Xansaraya düşәn zaman, bir gecә Qaraqırt qәsәbәsindә hәkim Qәbzibәygildә qaldım vә hәkim Qәbzibәyә qonaq oldum.

Bu gecә burada mәnim üçün xoş keçdi vә buna da iki şey sәbәb oldu. Biri bu idi ki, hәkim bu gecә mәnә ehtiram qoymaq babәtindәn, -- necә ki, dәbdir,--beş on nәfәr öz dost vә aşnalarından qonaq çağırdı. Bunların içindә öz yeznәsi Aslan bәy, mәşhur tarzәn dә var idi. Hәkim özü yaxşıca avazla oxuyurdu. Qardaşı Rza bәy kamança çalırdı. Belәliklә, şam yeyib qurtarınca bir dә saata baxdıq ki, az qalır sübh işıqlana.

Amma, qeyrilәrini demirәm, hәr bir şeydәn әfzәl burada mәnә ruhani bir lәzzәt verәn hәkim Qәbzibәyin bu mәclisin şirin yerindә bizim xahişimizә görә Xansaraya getmәmәyinin sәbәbini nağıl elәmәyi oldu.

Vaqeәn hәr bir şey öz qaydası ilә: yaxşıca yeyib içmәk, çolpaplov, yanında hәr bir xuruşu, yaxşıca Qarakәnd şәrabı, Qarakәndin birinciliyi qazanmış ağ konyakı, meyvәcәt, bunlardan sonra musiqi vә xanәndәnin ruhu şadlıq gәtirәn vә nisanı göylәrә qalxızan nәğmәlәri.

Vә lakin bunlar hamısı öz yerindә hәrçәnd bu nemәti dә hәr dәfә vә hәr gecә vә hәr yerdә tapmaq olmaz, amma genә tapmaq olar, hәrdәn bir dә olmuş-olsa tapmaq olar. Amma, doğrusu, hәkim Qәbzibәyin Xansaraya getmәyi tövbә elәmәyin rәvayәtini bir dә tapmaq olmaz; xüsusәn ki, bu rәvayәt hәkimin öz dilindәn eşidilmiş ola.

Әvvәl mәn, sonra qonaqlar mәclisin şirin yerindә bәnd olduq:

“Hәkim, mәn ölüm, doğrusunu de görüm sәbәb nә oldu ki, bu bir neçә ilin müddәtilә bir dәfә dә Xansaray yaylağına getmәyib bu qoxumuş vә mirçәkli aranda qalırsan?”

Әvvәl hәkim söylәmәk istәmirdi; amma olmadı. O qәdәr ki, mәn yalvardım vә qonaqlar yalvardılar, yavaş-yavaş yumşaldı vә qavalı yerә qoyub özünә yarım stәkan konyak vә qonaqlara dolu stәkan şәrab töküb başladı. Hәkim Qәbzibәyin rәvayәti:

“Siz hamınız bilirsiniz vә görürsünüz ki, mәn atı çox xoşlayanam; amma minik atından da artıq qoşqu atını mәn xeyli dost tuturam. Demәk, atı yәhәrin altında yox, qoşquda görmәyi dәxi dә artıq xoşlayıram. İndi, bax, bu saat mәnim, doğrudur, bir dәnә yaxşı minik atım var ki, onu çoxları arzu edәrdi hәr gün minib seyrә çıxsın, amma mәn onu hәftәlәr vә bәlkә aylarla unuduram. Çünki meylimi hәmişә qoşquya verirәm: tәkәrli arabaya, faytona, şarabana minmәk istәyirәm, hәtta avtomobili dә yox, bir atlı, ya iki atlı faytonu dost tuturam vә bu yolda hәmişә artıq xәrclәr qoyuram. Artıq qazancımı yaxşı qoşqu ata verirәm vә hәmişә dә qiymәtli xam atı alıram ki, onu qoşquya öyrәdim. Vә bu yolda ustalaşmışam da. Atların xasiyyәtini gözüm elә alıbdır ki, heç bir bәdxasiyyәt at fikrimә gәtirә bilmәrәm ki, onu iki-üç günün içindә öyrәdib faytona qoşa bilmәyim.”

Mәnim fayton atlarım hәmişә tәrifli olublar; sәbәb budur ki, mәn onlara hәmişә həqq-səy qoyuram. Atbazlığa hәvәsim o dәrәcәdәdir ki, mәn hәkimliyә, bir bәrk azarlının üstünә çağırılanda da atın tumarını gәrәk yarımçıq qoymayam.

Vә siz hamınız eşitmisiniz ki, mәnim atlarımın xamut-şileyi hәmişә Nijni şәhәrindәn xüsusi sifarişlә gәlәr. Vә dünyada mәnim zövqü sәfam oradadır ki, qoşa qәmәr atlarımı qoşam şarabanıma, çıxam tәkcә oturam vә qnutu alam әlimә, atlarımın oynaqlaşmağına, gah mәnim işarәmlә yeyinlәtmәklәrinә, gah mәnim işarәmlә yavaş getmәklәrinә, lazım olanda çapmaqlarına vә öz vaxtında durmaqlarına hәzz aparam. Bu mәşğәlәnin mәnim uçün böyük lәzzәti var.

Bәli, ağama әrz olsun ki, haman il ki, o vәdәdәn mәn Xansaray şәhәrinә getmәyi tәrgitmişәm, haman ilin yaz fәslinin әvaxirindә elә yadımdadır ki, may ayının axırı idi. Hәmişәki kimi genә başladıq ev-eşiyi yerbәyer etmәyә vә Xansaraya köçmәyә hazırlaşmağa. Bәradәrim Cәmillә mәslәhәti bu yerә qoyduq ki, qabaqca o getsin, Xansarayındakı evimizi yığışdırsın, hazır elәsin vә sonra mәn dә uşaqları qoyum öz faytonumuza, aparım; hәmi ziyarәt, hәmi ticarәt, hәmi Qaraqırt vәtәnimizin yay zamanı hәmişәki isti vә mozalanından da üç aylığa özümü vә uşaqları xilas edim, hәm dә mәnim üçün bir bәhanә olsun ki, qoşa qәmәr atlarımın "vojlarını" alım әlimә vә buradan Xansaraya kimi dörd saat yolu sevgili vә gözәl heyvanlarımla müsahib olum. Gah vojları azcana tәrpәdim, onlar qulaqlarını şişlәyib qaçmaq istәsinlәr, gah "şşşşş" deyim, onlar dursunlar. Gah vojları bir az çәkim, heyvanlar dayansınlar vә dayananda da gözlәrinin yanı ilә mәnә baxsınlar vә müntәzir olsunlar ki, nә vaxt genә onları sürәcәyәm. Gah yavaşca "muç" elәyim, genә götürülsünlәr vә sol voju çәkәndә sola çönsünlәr ki, sağdan gәlәn arabaya yol verim vә gah da sağ voju çәkim, sağ tәrәfә çәkilsinlәr ki, uzaqdan gәlәn avtomobili sol tәrәfә ötürüm.

Xülasә, bir gün oldu ki, bacım Tutunu, onun sәkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Әsәdi mindirdim kozluya vә özüm dә mindim. Qaraqırtdan günortadan iki saat sonra çıxdıq vә şenlikdәn bir qәdәr uzaqlaşandan sonra mәn özüm dә qalxdım mindim Әsәdin yanına vә qnutu onun әlindәn alıb, başladım yol uzunu atlarla mazaxlaşmağa. Vә o qәdәr mәnim üçün hәmin müsafirәt xoş gәldi ki, öz könlümdә әrәblәrә yazığım gәldi ki, binәvaların yol getmәk şәraiti gör nә dәrәcәdә ağır imiş vә bәlkә indi dә ağırdı ki, bir vaxt onlar deyirmişlәr: "Әssәfәri hissәtün minәssәqәr [2]".

[2] Sәfәr cәhәnnәmin bir hissәsidir.

Gün daha mәğrib tәrәfә xeyli alçaqlanmışdı ki, başladıq Xansarayının dolaylarına başyuxarı qalxmağa vә köhnә qәbristana çatıb, axırıncı döngәni dönәn kimi Xansaray şәhәrinin gözәl görünüşü qabağımıza açıldı vә dolayı yolların sağ vә sol tәrәflәri qarışqa kimi camaatla dolu görsәnirdi. Gördüm ki, camaat axşam vaxtı seyrәngaha çıxıb, yol ilә başı yuxarı qalxanlara tamaşa edirlәr.

Bilmirәm niyә ürәyim qırtıldadı.

Mәn qәzavü-qәdәrә o qәdәr dә inanan deyilәm vә gәlәcәkdәn dә xәbәr verәnlәri yalançı adam hesab edirәm. Bәxtә, taleә" "sәbrә", xoş saata vә bunun kimi xariqüladә söhbәtlәrә hәmişә şәkk elәmişәm. Amma bilmirәm ki, niyә mәn burada Xansarayı şәhәrini vә oraya cәm olan әhalini uzaqdan görәndә ürәyim qırtıldadı?

Bunu lazımdır demәk ki, mәn,--necә ki, әrz elәdim,--bir tәrәfdәn xansaraylıyam vә hәrçәnd dә orada anadan olmuşam (atam da vә anam da ölmәyibdir), ancaq ömrümün çoxu orada keçibdir. Vә çün Xansaray camaatına mәn indi hәkimliyimdә hәmişә ixlasla qulluq da elәmişәm, onunçun da onlar da mәnә hәmişә ehtiram göstәriblәr vә amma bununla bәrabәr, bilmirәm, niyә dolayıdan dönәndә ürәyim qırtıldadı.

Bәli, ağama әrz olsun ki, aşağı dolayıları qalxdıq vә şәhәr bir az yavıqlaşdı vә bir avtomobil daldan bizә çatıb vә bizi addadı vә gurultu ilә keçdi vә bir dәqiqәnin içindә qalxdı girdi şәhәrә vә gözdәn itdi. Amma mәn burada gördüm ki, oğul-uşaq düşdü avtomobilin dalına vә başladı onun dalıyca qaçmağa.

Çanaqqala çayxanasının qabağında Quçur Әsәd vojları әlimdәn aldı vә mәn yendim faytonun içinә. Amma mәn genә dә Әsәdә dedim ki, deyәsәn atlar bir az yorulublar: çünki sol tәrәfdә qoşduğumuz at bir az xam idi vә yorğun nәzәrә gәlirdi.

Әsәd burada istәdi faytonu yeyinlәtsin vә sol ata bir qnut da vurdu. Qnut ata dәyәn kimi birdәn heyvanlar başladılar dördayaq çapmağa. Bu әhval mәnim xoşuma gәlmәdi: o sәbәbә ki, yolun sağ vә sol tәrәfinә düzülәn Xansaray camaatı mәni tanıyırlar vә elә güman edә bilәrdilәr ki, hәkim Qәbzibәy tәşәxxüs satır vә özünü vә fayton vә atlarını xalqa göstәrmәk istәyir. Bu heyndә dә küçә uşaqları "Ura" çәkib, bizim faytonumuzun dalına düşdülәr. Vә mәn bildim ki, bunlar istәyirlәr faytonun dalına minәlәr. Hәtta bir neçәsi dә sağdan vә soldan yanaşıb istәdilәr ayaq yerinә qalxalar, hәlә bir-ikisi qalxdı da. Amma hәr bir bәdbәxtlik ki, yer üzündә baş verә bilәr, onların әn böyüyü mәnim üçün o oldu ki, bәdbәxt qәmәr atların belәcә şirin-şirin çapdığı yerdә xırp dayandılar.

Bu, әlbәttә elә bir әhәmiyyәtli iş deyil ki, bundan ya böyük bәdbәxtlik, ya böyük xoşbәxtlik üz verә bilә: atdır, dayanar da, sonra genә gedәr dә. Amma atlarımın hәmin dayanmağı ona sәbәb oldu ki, bu dörd ilin müddәtindә mәn daha vәtәnim hesab olunan Xansaray yaylağına keçmәyә hәsrәt qaldım vә indi bu saat genә o әqidәdәyәm ki, daha yer üzündә mәnim üçün Xansaray şәhәri yoxdur.

Ağama әrz olsun ki, atlar dayanan kimi sağdan vә soldan camaat bir hay-küy başladı ki, mәn lapca mәәttәl qaldım. Biri üşkürәk atır, biri qah-qah çәkә-çәkә atları lağ elәyir. Hәr bir şeydәn yamanı bu idi ki, buradakı adamların hamısı axı mәni tanıyır! Hәlә uzaqdan bunu da eşidirdim ki, saqqallı kişilәrin bir para insaflıları uşaqları başladılar haylayıb mәzәmmәt elәmәyә ki, bu bizim hәkimimiz Qәbzibәydir, eyibdir bu cәnaba bu növ tәrk-әdәblik elәmәk.

Mәn lap pis günә qaldım. Bilmәdim kimә acığım tutsun vә kimin üstünә hirslәnim. Әgәr heyvanları günahkar tutum--bunlar nә elәsinlәr? Bunların adı elә o sәbәbә heyvandır ki, mәn kimi onlara mәhәbbәt göstәrәn bir xozeyini bu hala salırlar. Әgәr uşaqlara hirslәnim, uşağın da vәzifәsi elә budur ki, yola çıxıb, ötüb keçәnә tamaşa elәsinlәr vә faytonların dalınca qaçıb dayanan atlara lağ elәsinlәr. O ki, saqqallı kişilәrdir, daha burada mәn nә deyim vә nә danışım? O hala ki, mәn düşmüşәm, әgәr burada bir fotoqraf olub bu halın әksini götürәydi, mәnim burada xәcil vә mәzlum halәtdә başaşağı xәcalәtdәn qan-tәr içindә olduğumu çәkәydi, Әsәdin qnutla yorulduqca atların baş-gözünә çırpmağını çәkәydi, uşaqların bizim üstümüzә hay-küyünü çәkәydi vә bunlardan sonra bizim üstümüzә saqqallı kişilәrin vә hәtta çarşaflı arvadların gülüşmәsini kağıza götürәydi, o vәdә bizim vәhşi vәtәnimizin belә bir fotoqrafı rәvayәtinә ölkәşünaslar artıq qiymәt verәrdilәr.

İndi mәni orada tanıyanların uşaqlara "әdә, haramzadalar, bu bizim hәkimdir" demәklәrini yadıma salanda bu saat bu mәclisdә dә az qalıram utanıb yerә girәm.

Bir on beş dәqiqә orada avara vә sәrkәrdan dayanandan sonra Әsәd yapışıb atların cilovundan çәkә-çәkә ehmalca aparıb. Sonra mәn vә uşaqlar piyadaca faytonun dalıyca getmişik haman camaatın içinә!

Burası yamandır ey!...
XS
SM
MD
LG