Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:22

Qrotesklə illüstrələr arasında


Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


QROTESKLƏ İLLÜSTRƏLƏR ARASINDA

Sovet dönəmində bir anekdot vardı.

Qərb demokratiyasının üstünlüyünü sübut eləmək üçün bir amerikalı sovet adamına söyləyirdi ki: məsələn, mən istəsəm, Ağ evin qabağında durub (filan) prezidenti istədiyim qədər söyə bilərəm.

Əvəzində sovet adamı qayıdırdı ki: nə olsun, istəsəm (həmən) prezidentə elə mən də Kremlin qarşısında dayanıb ürəyimdən tikan çıxanacan döşəyə bilərəm...

Üzərindən çox zamanlar keçib, cəmiyyətimiz Qərb-kapitalizm-azadlıq-müstəqillik-

Qələm girəvəsini əlinə keçirən roman yazarı özündən bir Kral- Prezident- Padşah- hər hansı Hakimiyyət kultu-, nə bilim Kaddafi, Mübarək, H(.)Əsəd Sarayı uydurub, başlayır o ki (ürəyində) var, qabağına-qabırğasına döşəməyi; bundan Demokratiya olurmu?, bilməm...
azad söz- azad fikir- azad tribuna... yollarında çox Meydanlar görüb; sanki növbə çatıbdı Ədəbiyyata; indi həmin anekdotun mətləbi olmasın, son dövr romançılığında elə bil azad söz- azad fikir- demokratiya axtarıcılığının ölçüsü dönüb olub həmən o söyüşcüllük.

Qələm girəvəsini əlinə keçirən roman yazarı özündən bir Kral- Prezident- Padşah- hər hansı Hakimiyyət kultu-, nə bilim Kaddafi, Mübarək, H(.)Əsəd Sarayı uydurub, başlayır o ki (ürəyində) var, qabağına-qabırğasına döşəməyi; bundan Demokratiya olurmu?, bilməm...

Sözgəlişi, həm də elə Zümrüd Yağmurun “Allah qayıdır” romanının (“Qanun”, 2010) mütaliəsindən doğan pəjmürdəlik fonunda xatırlayır, xatırladıram həmin misalı.

Qabağında-qarşında duran mənəm – Oxucu!, saray, meydan, uydurulmuş hansısa mücərrəd ünvanlar deyil ki; ha döşə (ürəyindəkiləri) qabırğama, görüm bundan nəsə bir mətləb hasil olurmu?

Düzü, romanı oxumağımı Zümrüd xanım özü istəmişdi; daha sonra Azadlıq sifariş elədi.

Böyük hərflə AZADLIĞa sayğımız var, o mənada ki: azad istəklərin təcəssümü deməkdir; mən – Oxucu bədii əsərdən ilk növbədə istə(di)klərimi gözləyirəm, anmadığım-qanmadığım-sanmadığımı arayıb-axtarıram romanda.

Yox əgər görsəm ki, anıb da, qanıb da, sandıqlarımı roman(çı) təkrarən, təkrar-təkrar diqqətimə yönəldir, üstəlik ölçü-hesab bilmədən: sən niyə beləsən, niyə mənim istədiyim kimi deyilsən? – deyib, elə hey xətrimə dəyməyə çalışır, bu halda mənim də ondan vaz (Rafiq Tağı demiş: vız) keçmək, imtina səlahiyyətim-azadlığım var. Zira: AZADLIQ diktəni sevmir...

Gələk Ədəbiyyata. Zümrüd Yağmuru maraqlı yazar bilirəm.

Oxuduğum qədər, yazılarında həyatın, gerçəklərin birbaşa təsvirindən çox, mənası üzərində düşündüyünü görmüşəm.

Sevdiyi bədii priyom – qroteskdir; qabartma-şişirtmə-şiddətləndirmə ilə yaşanmış həqiqətə bir anlığa diqqət çəkə bilir.

Söhbət, təbii ki, ilk öncə hekayələrindən gedir; qısa qapanmalarda Zümrüd Yağmur oxucusu ilə daha tez kontakt yapır, dil tapır, söz deyir zənnindəyəm.

Romanla eyni vaxtda çıxmış “Günahkarın ölümü” hekayələr, esselər toplusuna (“Qanun”, 2010) baxdım da, qənaətlərimin bir daha təsdiqini tapdım.

Bir hekayəsi var: “Dilsiz Bənənyar”. Kəndə böyük adamın gəlməsi ərəfəsində ağsaqqal Bənənyarın dili tutulur; nə illah eləsələr də: qarınlı adamın fitvası ilə dilini açmağa çalışsalar da, polis gücünə dükanları, çörək sexlərini dağıtsalar da, gözünün qabağında oğlu diri-diri yansa da Bənənyarı dinib-yaltaqlanmağa məcbur edə bilmirlər.

Kütlənin əlində ölən Bənənyarın üzündə təbəssüm son sözü: “Sağ olun, qardaşlarım, mən qurtuldum” olur.

Effektlidir; amma eyni motivi “Allah qayıdır”da da, həm də uzun roman məsafəsi boyu dartılmış görəndə heç effektli olmur; bir sözü ki hekayədə demək olur, romana nə hacət?!

Z.Yağmurun bədii düşüncəsində Azadlıq və Ölüm bir müstəvidə, hətta bir-birinə girmiş hadisələrdir.

“Qadın. Azadlıq. Ölüm...” hekayəsində Azadlıq istəyən, lakin buna hazır olmayan Qadın elə Azadlığının birinci günündəcə Ölümə tuş gəlir. Maraqlı affektdir: Azadlığın dadı Ölüm qədərmiş.

Əksinə, “Qadın olmaq” hekayəsinin qəhrəmanı Azadlığına çıxa bilməyib də dünyaya gəlişini səhv hesab edir və “bütün qadınlar kimi” (hekayənin son kəlməsidir) sadəcə bir kişinin yanına gəlib-çıxır.

Deyim ki: “Allah qayıdır”da da neçə qadın obrazı varsa da, heç birində mövzuya belə orijinal metafizik yanaşma görmədim; üsyankar Zərifə uzun-uzadı deklamasiyalar söyləyir, Lalə sosial məngənədən qurtuluşunu Dubay vasitəsilə xaricə çıxmaqda axtarmalı olur,

Dilbər iştahlarını məşuqunun qoynunda millət vəkili mandatı qazanmaqda tapır; obrazlar birbaşa naturadan, illüstrativ səciyyə daşıyır.

Epizodik Redaktorun anası surəti isə şəcərəsi etibarilə (məsələn, H.Cavidin dərin metafizik mənalı Anasına yox), inqilabi Ana obrazlarına (M.Qorkinin Anasına, Mir Cəlalın Sonasına, M.Hüseynin “Nişan üzüyü” hekayəsinin qəhrəmanına və s.) çəkir, hətta motivin sönük təkrarıdır da demək olar.

Romanda ən çox Z.Yağmurun yaradıcılıq stixiyasına tən: köksündə körpəsinin cəsədi ölüm daşıyan Leyla obrazıdır ki, təkrar-təkrar digər üllüstrasiyalar içrə bunun da affekti və effekti itib-batır.

Topluda “Əlvida azadlıq. Salam ölüm” adlanan daha bir hekayənin qəhrəmanı eynən romandakı Azər surətidir; qadınından savayı hamı, hətta anası, qardaşı da üz çevirirsə də, qəhrəman həbsxana işgəncələrinə sinə gərib, içindəki Azadlığa dönük çıxmır.

Romanda həcmi artırılsa da, statik qaldığından hekayənin qəhrəmanı, zənnimcə daha təsirli, effektlidir; sonda ərinin görüşünə gəlmiş qadını onun intiharı seçdiyinə əmin olur, qəhrəman özü ilə birgə Azadlığının da boynunda ilgək ölümə gedir.

Azərin həbsxanadan xilası isə təsadüfi və təbliğati-illüstrativ səciyyədədir.
“Günahkarın ölümü” hekayəsini müəllif “diktatorlara ithaf” vurğusu ilə qələmə almışdır.

Burda aydın, pritça məntiqi var: günahkar qoca heç cür ölə bilməyib, ən nəhayət yaxşılıq edib su verdiyi İlanın əlində ölümünü tapır.

Romanda da guya şərtilik daxilində bir Kral hakimiyyəti illüstrə olunur; amma bədii məntiq nədir, bəlli deyil; elə bircə bəsbəlli təsvirlərmi?

Krallıqda elə hey evlər sökülür, qəbristanlıqlar dağıdılır; bunu bizə romanda da işarə olunduğu kimi: harda aş orda baş ANS də xəbər verir, gündə-gündə kündələyir-göstərir-İç (xəbər) edir, üstəlik tərəfsiz-qərəzsiz şərhlər də verir, öyrədir-öyrəşdirir də.

Amma nədən axı sökülür?; guya roman motivləndirməyə cəhd edir: Məbədlər, Ehramlar ucalacaq; yenə sual gəlir: nədən?; cavab: əyan-əşrəf Krala xoş gəlmək, yarınmaq istəyir; nədən? – yaltaqdırlar, nədən? – hakimiyyət istəyirlər və onu itirməkdən qorxurlar...

Nədən axı, nədən? Bu ritorik sualların, məsələ bundadır ki, romanda da cavabı-izahı ritorikdir: ona görə ki, bu belədir, vəssalam; bircə mənzərə-məqam-rakurs- Obraz tapamazsan ki, kəşf ola: vah, məhz bu səbəbdən Kral bunu belə istəyirmiş!

Elə görünməsin ki, romanı kölgədə qoyub, Z.Yağmurun hekayələrini qaldırmaqdır niyyətim.

Sadəcə “Allah qayıdır”ı yazarın yaradıcılıq stixiyası içrə alıb-dəyərləndirməyə çalışıram.

Cavanşir Yusifli ilə tam razıyam ki: Zümrüd xanım günümüzün roman yazmaq dəbinə uymuş da iflasa uğramışdır.

Hər hansı bir halda roman yazmaq cəhdlərini də təqdir eləmirəm; roman yazıçıdan ümumi bədii narahatlıq-həyəcanla yanaşı, müəyyən hazırlıq: düşünülmüş platforma-konsepsiya-dünyadərki, üstəlik bu uzun məsafəni qət eləmək üçün nəfəs istəyir.

İndilikdə Z.Yağmur qələmini buna hazır görmürəm; iri həcmlərdə bir qayda olaraq o, uğursuzdur, altına girdiyi mövzu və İdeyaların ağırlığına tablamayıb, eləcə sxemini – illüstrə və qənaətlərini bölüşməyə ürcah olur.

“Allah qayıdır” əsərində hadisələri ətrafına yığıb, bütöv bədii qənaətə, İdeyaya çevirəsi roman kolliziyası yoxdur.

Amma deməzdim ki: nəzərdə tutulmur və buna cəhd də yoxdur. İnanmıram ki, yazar hər hansı: Krallıq pisdir, yaltaqlıq pisdir, zülm pisdir, mütilik pisdir, qorxu pisdir, Azadlıq və Ədalət gərəkdir və s. kimi bəsbəlli sosial və əxlaqi-didaktik qənaətlər söyləməkdən ötrü roman qələmə ala.

Təbii ki, Z.Yağmuru bir yazar olaraq bütün bunların olub-olmadığı yerlərdə yaranan kataklizmlər, qrotesk mənzərələr, esxatoloji aləm daha çox məşğul edir zənnindəyəm.

Zümrüd Yağmur
Çün əvvəla bunun affekt və effektlərini Z.Yağmurun hekayəçiliyində gördük, hakəza: “Dünyanın yadları”, “Ruhların duası”, “Ruhun intiharı”, “Özünün özü”, “Su haqqında nağıl”, “Heç və gerçək”, “Gəzinti”, “Qaçış”, “Qaranlıq və uçurum” kimi düşüncəvi süjetlər məhz bu dünya və o dünya, maddi və mənəvi, mənəvi və ruhi, insan və Allah sferalarının olduğu-oluşduğu ərazilərdə gəzişir.

Daha sonra. Romanda da az qala esxatoloji-axirət zamanlarının gəldiyinə hər cür işarə cəhdləri var.

Müqəddəs Ata ruhunun şeytaniləşmiş şəkildə neft qoxusuna qarışaraq ara bir görünməsi, elə hey dirilərin evlərinin sökülüb yerində Ruhlara məbəd salınmasından və qəbristanlıqların dağıdılması, sümük xırçıltılarından qopan səslər, görünür, ac, evsiz-eşiksiz qalan, adamlıqdan çıxan bəşər övladı üçün vıyıl-vıyıl çalınıb Axirət nəğməsini, İsrafil surunu xatırlatmalıymış. “Görünür” deyirəm, çün mətnə bütövlükdə sirayət etməyib, roman düşüncəsinin (kolliziyanın) əsasında durmadıqda, istər-istəməz Axirət əvəzinə gündəlik Xəbər jurnalistikasının diş qıcırtdığı Bakıətrafı traktorların gurultu və nəriltisindən savayı nəsə peyda olmur təsəvvürümüzdə.

Əslində, roman lazımi kolliziyaya yüksələ bilmədiyindəndir ki, təsviri variasiyalardan biri üzərində – bəsitliyi artıq vurğulanmış: Allahın çəkildiyi yerlərdə fironların Allaha çevrilməsi ideyasının illüstrəsi üzərində dayanıb, təkrar-təkrar israr eləməli olur.

Bu ideyanın dərki də ilkin olaraq Zümrüd Yağmurun “Ölüm günahkar deyil”, “Qorxu” kimi esselərində var: “Allah olmaq insan olmaqdan asandır, çünki Allah haqdır, insan nahaq... Allah hər şeyə qadir və sahibdir, insansa heç nəyə sahib deyil...” Allah hikmətinə, Allah həqiqətinə yüksəlmək çətindir; hər halda romanda dərkinə cəhd olunan Allah nöqtəsindən bu həqiqətə rastlamırıq: axı nədir bütün bu insan mənzərələrinin sirri?!.

Amma əvəzində İnsan nöqtəsindən Allah həqiqətinə müdaxilə var; onu danıb-unudub-rədd edib hər kəs bir ayrı yerdə axtarır; çoxluca süjet illüstrələri də buradandır: Azər-Zərifə dastanı, Səidin hekayəti, faytonçu Teymur xətti, Orxanın əhvalatı, darıxan Kral barədə, Nazir və Baş Din məmurunun (və s. Kral əhatəsinin) didişmə və çəkişmələri, Mehman sindromu, Zəlimxan və bacısı, adı da özü də Dilbər xanım, ölüm daşıyan Leyla, Badam və ya rifaha çatmağın asan yolu, Redaksiyadakıların mübarizəsi və daha da epizodik olaylar...

Əlbəttə, müəllifə irad tutmaq olmaz ki, niyə bunu qoyub da onu yazıb; burda Z.Yağmur qələminə yaraşan ayrıca işləniləsi neçə qrotesk hekayə süjetinə şəxsən heyfslənsəm də.

Amma bunu (roman, roman İdeyası) vəd verib də nədən başqa nəsə ortaya qoyduğunu müəllifə irad tuta bilərik – düşünürəm (razılaşıb-razılaşmamaq yenə yazarın haqqı).

Nərmin Kamalla bu məqamda razıyam ki: Z.Yağmur əsəri bir qədər öfkəli yazıb; hirs-hikkə-nifrət bir çox, məxsusən də müəllifin nifrətamiz saydığı məqamlarda üzə vurur.

Amma məncə, bu, təkcə predmetdən gəlmir; nifrət də İnsan halıdır, esselərindən birində Z.Yağmur əlacsız hala düşmüş İnsan Nifrətinə haqq qazandırır: “Bilmək olmur, amma gərəksizləşdirilənin nifrəti haqdır. İLAHİNİN, HAQQIN HAQQI QƏDƏR HAQDIR...” (qabartma – Z.Yağmurundur).

Düşünürəm ki, bu hirsə-öfkəyə həm də romançı əlacsızlığı qarışmışdır; qələmə aldığı situasiyada roman həqiqəti görən, bütöv roman düşüncəsinə rəvac verməyə çalışan yazar zaman-zaman özü də duyur ki, gərəyincə niyyətinə nail ola bilmir.

Emosional şiddət, (təkrarlamaq istəməzdim) Adam olmaq və olmamaq barədə saysız-hesabsız affektlər, Kralın ünvanına qiyamçı deklamasiyalar, lənət və qarğışlar, dərininə təsvirdənsə Allahın yox olduğu ərazilərin təkrar-təkrar tirajlanması məhz qələmin gücsüzlüyünün, əlacsızlığının (və aşkar təpkisinin) təzahürüdür...

Zümrüd Yağmuru Hüseyn Cavid tədqiqatçısı kimi tanıyıram; “Hüseyn Cavidin yaradıcılığında insan konsepsiyası” tədqiqatını oxumuşam.

Zümrüd xanıma bəllidir ki, İblisin meydanı məhz Allah məntiqinin yerimədiyi yerlərdə açılır; amma bu meydanı açırkən, gərəkməzmi ki, İblisin məntiqinə də bir yer verəsən?

Cavid bu şansı (şəksiz ki, nifrət oyandırmağa çalışdığı) İblisə vermişdi; nəticədə necə bir cahanşümul mənzərə alındı. “Allah qayıdır” əsərində isə Meydan açılmışsa da, şərh eləməyə çalışdığım kimi, məntiqi görünmür; odur ki, nədən çəkildiyi gərəyincə bilinməyən yerlərə Allahın qəfil dönüşü də yalnız çaşdırır. Sözgəlişi inanmaq istəsək belə.

17.04.2011

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə
XS
SM
MD
LG