Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Yalanı sevməyən adam


«Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq!»
«Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq!»
«Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq – yalanın hakim kəsilməsində mənim əlim olmasın!»

Bu sətirlər bu həftə dünyasını dəyişmiş tanınmış yazıçı və məşhur dissident Aleksandr Soljenitsına məxsusdur.
İndi bu insan haqqında çox şey yazmaq olar, amma onun buna ehtiyacı yoxdur, bu vaxta qədər kifayət qədər yazılıb – yaxşı da, pis də! O, elə şəxslərdəndir ki, şöhrət sarıdan heç vaxt problemi olmayıb. Hələ soyuq müharibə çağlarında, SSRİ vaxtında bu adamın adı bütün dünyada məşhur idi.

İndi daha çox maraq kəsb edən onun nümunəsidir. İnsanları düşündürən onun müxtəlif tarix kəsimlərinə, ayrı-ayrı millətlərin, insanların həyatına proyeksiyasıdır. O, bütöv bir dövr idi. Xoşbəxtliyi onda idi ki, öz ölkəsində olmasa da, dünyada tək olmadı. Bəli, ən böyüklərdən idi, amma tək deyildi. Onu anlayanlar və onun kimi düşünənlər var idi. Əsrin demokratiya dalğası onu tək qoymadı. Neçə - neçə insan onun zirvəsinə qalxa bilməsə də, hər halda bu tarixdə öz sözünü deyə bildi. Valensa, Havel və başqaları kimi...

Düzdür, indi daha əvvəlki eyforiya yoxdur. Bu da təəccüblü deyil. Tarixin mürəkkəb döngələri var, ancaq növbəti döngəyə qədər yol hamar görünür.

Hamı susanda fədakarlar, əzmkarlar danışırlar. Onların böyüklüyü də bundadır. Əslində xor başlayanda, hamı danışanda onlar o qədər də yaxşı eşidilmirlər. Soljenitsın da danışmağa başlayanda çox adam susurdu!
Keçmiş SSRİ-yə münasibət də indi birmənalı deyil, bəzi insanlarda çağdaş gerçəkliyin təzadları ara-bir indikindən rahat və müəyyən keçmiş üçün xiffət yaradır. Təkcə bumu? Təbii ki, yox. Həm də azadlığın çətin yolu, azadlığın sosial–psixoloji ziddiyyətləri və nəhayət, mürəkkəb bir fenomen kimi təzahür edən azadlıqdan qaçış yaşadığımız dövrü hərdənbir gözümüzdən salır.

Bəli, heç də hər şey hətta böyük zəka və əzm sahiblərinin düşündüyü kimi asan və rahat olmadı. Bəlkə də onlar belə düşünmürdü, çətinlikləri irəlicədən görürdülər. Amma böyük əksəriyyət bir qədər fərqli düşünürdü. Hamı fikirləşirdi ki, ən böyük totalitar dövlət olan SSRİ-nin süqutu ilə totalitarizm, avtoritarizm və hətta müstəmləkəçilik birdəfəlik tarixin səhnəsindən silinəcək. Hətta tələsib «tarixin sonu»ndan yazanlar da oldu. Amma sonradan bəlli oldu ki, tarixin sadəcə növbəti səhifəsi çevrilib.

İndi daha çox sosial məyusluq dövrüdür. Bunu Soljenitsının vətəni Rusiya haqqında da demək olar. İndiki Rusiya onun arzuladığı ölkədirmi? Mətbuat azad deyil, siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb, insanlar daha çox keçmiş haqqında danışa bilir, bu günü isə ancaq tərifləmək olur!

Soljenitsının taleyində nəsillərin yükü də var. Keçmiş SSRİ hüdudlarında, hamı öz vətənində, öz millətinin içində ona bənzəyənləri axtarırdı. Bəzən kiçik istisnaları çıxmaqla bu axtarışlar məyusluqla bitirdi. Bəlkə bu da nəsillərin imtahanı idi. Amma məyus olmağa dəyməz. Ola bilsin, miqyas kiçikdir, amma tamam boşluq da deyil. Son illərdə nə qədər insan fədakarlıq göstərib, məhrumiyyətlərə düçar olub, amma əqidəsindən dönməyib! Bəzən sıralarımızda olan, yanımızdan keçən qəhrəmanları görmürük. Həm də tarixin özünün də ironiyası var. Həmişə yadda birincilər qalır! Görünən, gözə dəyən birincilər olur! Soljenitsın da birincilərdən idi!

İndi demokratiyanın gözdən düşdüyünü deyənlər, böyük demokratiya böhranı haqqında yazanlar da var. Siyasətçilər hətta demokratiyanın dünya siyasətindəki rolunu, önəmini sıralamağı da sevirlər – kimisi ikinci, kimisi də üçüncü deyir. Fədakarlar isə bir qayda olaraq oturub növbəti dalğanı gözləmirlər. Hamı susanda fədakarlar, əzmkarlar danışırlar. Onların böyüklüyü də bundadır. Əslində xor başlayanda, hamı danışanda onlar o qədər də yaxşı eşidilmirlər. Soljenitsın da danışmağa başlayanda çox adam susurdu! Hələ danışmaq icazəsi verilməmişdi! Bu, bir qədər sonra olacaqdı!
«Deyirsiniz, çətin yoldur? Bəli, çətindir. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur!» Bu sətirlər də onundur - Soljenitsının! Sanki zamanın, elə insanların özlərinin də nəbzini tutub, onların hansı tərəddüdləri, ümidsizliyi yaşadığını bilib və bu sətirləri yazıb!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG