Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:21

«Harda ibadət edirsənsə, ora məsciddir»


Nəriman Qasımoğlu
Nəriman Qasımoğlu
Azərbaycanda islam deyəndə, bir çoxlarının ağlına molla və məscidlər düşür. Bəziləri müsəlmançılığı əsasən yas və kəbin mərasimləri, nəzir qutuları, hətta mövhumatçılıqla əlaqələndirir. Bu səbəbdən də islam dininə münasibət də birmənalı olmur. Mollaların özləri isə çox vaxt iddia edirlər ki, onlarsız islam dini ola bilməz. Mollaların Allaha daha yaxın olduğunu, onların duasının daha tez eşidildiyini fikirləşənlər də var.

Bəs əslində islamda molla və məscidlərə hansı yer ayrılıb? Tanrı ilə insan arasında vasitəçinin olmasına ehtiyac varmı?

«Azadlıq» radiosunun «İslam və demokratiya» verilişində bu suallara cavab axtarılıb.

Proqramın qonağı dinşünas-alim Nəriman Qasımoğlu deyir ki, Qurani-Kərimə görə, Tanrı ilə insan arasında heç bir vasitəçi yoxdur:

«İslam dini tək Allahlılığı son variant kimi təlqin edir. Burada eyni zamanda vasitəçi institutlar, vasitəçi zümrə də ola bilməz. Müqəddəs kitabımızda Allahın birliyinə şahidlik edənlər Allahın özü, mələklər və elmdə dərinləşmiş kimsələr – yəni alimlərdir. Çünki Quranda nazil olan kosmik informasiya ayələrin timsalında elm kimi təsnifləndirilir. Yəni alimlərə daha çox dəyər verilir».

N.Qasımoğlu deyir ki, bəzən özlərini dindarlar kimi qələmə verənlər əslində dinin mahiyyətindən uzaq olan, hətta bəzən insanlığa zidd olan dəyərləri təbliğ etməklə məşğuldurlar:

«Allaha yaxınlıq yalnız iman duyğusu ilə ölçülür. Bu, hansısa yer, məkan və zamanla, bu və ya digər xalqa mənsubluqla ölçülmür. İbadət yerlərinə gəlincə, məscidlər, kilsələr və sinaqoqlar haqqında ayə var və orda bildirilir ki, bunların hamısı Allahın evidir və orada yalnız Allahın adı anılmalıdır. Amma bilirik ki, bəzən məscidlərdə tamam başqa mövzularda söhbətlər aparılır».

Alim söyləyir ki, məscid sözünün hərfi anlamı «səcdə edilən yer və zaman» deməkdir. Amma nədənsə çox vaxt məscidi elə ibadət olunan yer kimi qəbul edirlər, zaman anlayışı burdan çıxarılır:

«İnsan hardasa ibadət edirsə (bu yer lap təyyarənin hansısa küncü ola bilər) o yer avtomatik olaraq məscidə çevrilir. İbadət bitəndən sonra həmin yer məscidliyindən çıxır. Şərt deyil ki, insan ibadəti mütləq məsciddə həyata keçirsin. Ümumiyyətlə, ibadətlər şərtlərə bağlanmır. İslamda ibadət şəkilləri sərhədsizdir. Salehi-əməl, xoş söz, kiminsə könlünü almaq, elmlə, yaradıcı işlərlə məşğul olmaq da öz-özlüyündə bir ibadətdir».

Nəriman Qasımoğlu söyləyir ki, insan ilahi ilə dialoqa girəndə anlamadığı dildən istifadə etməli deyil. Yəni, namazın ərəb dilində qılınması vacib deyil.

«Bu, zaman-zaman mövhumat böyüklərinin istifadə etdiyi, dinə zərbə vuran, insanları qaranlıqda saxlamaqdan ötrü istifadə etdikləri arqumentlərdir».
XS
SM
MD
LG