Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

Bakılı qarabağlılar


Solmaz xanım ümumi mətbəxin rəngi çətin ayırd olunan divarına söykənib danışır
Solmaz xanım ümumi mətbəxin rəngi çətin ayırd olunan divarına söykənib danışır
İlk baxışda həyat Qarabağsız da davam edir...Yataqxananın qadınları səsə bir-bir dəhlizə çıxdılar. Alverçi elə çirkli döşəmədəcə çöməlib, torbalardakı ucuz malları bir-bir göstərir...

Amma nəbadə yaxınlaşıb, bir balaca sarı simə toxunasan...

«Uşaq çəkiclə gilizi necə vurdusa, bütün qırıntıları bədəninə doldu. Gözümün qabağında uşaq deşik-deşik oldu, qan fışqırdı bütün bədənindən. Qanlı paltarı hələ də gözümün qabağındadır. Darvazaya qədər çatdıra bilmədim onu».

Solmaz xanım ümumi mətbəxin rəngi çətin ayırd olunan divarına söykənib danışır. Mətbəx adlandırılan ensiz otaqda hər gün 15 ailənin qazanı asılır, paltarı yuyulur. Soruşuram ki, siyasətçilər Qarabağla bağlı nə edirlər, maraqlanırlarmı heç?

- Başına dönüm, mən xəbərlərə baxanda atam hirslənir. Deyir ki, müharibənin içindən gəlmisən, utanmırsan, televizora baxırsan. Gözəl bulaqlarımızı, dağlarımızı televizorda görəndə yanıb-tökülürəm qadınlığımla. Gör kişilər nə çəkir...

- Mən o torpaqların haspəndini ona görə çəkirəm ki, orada iki balamı qoyub gəlmişəm.

Rəşid əmi deyir ki, Zəngilan dialektində «haspənd» sözü «həsrət» mənasını verir:

- Mənim ümidim-zadım yoxdur, bu 15 ildə heç bir şey eləməyəndən sonra indi nə edəcəklər ki...Mən inanmıram. Hamı öz marağı üçün işləyir.

Mənzillərin qapısı açıldıqca dəhlizdəki səs-küy bir-birinə qarışır. Qədir Quliyev vaxtilə Ağdamda döyüşüb:

- Heç vaxt olmur xəbərlərlə maraqlanmağa. Qayğı, çörək dərdi o qədərdir ki, adamın yadına düşmür heç...

Səsimizə Hümbət baba da çıxır dəhlizə:

- Nə bilim, o «Brizl»dir, (ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı nəzərdə tutur - Ü.Ə.) kimdir, nə edirlər ki, guya onlar?! Bizim igidlərimiz ayağa durmalıdır ki, gedək torpaqlarımızı alaq.
Rusiya bizə heç nə edə bilməz. Rusiya bir ovuc çeçenlə bacarmır. Əsas odur ki, biz möhkəm duraq.

- Bütün olub keçənlərdən sonra sizcə, Dağlıq Qarabağda ermənilərlə yenə bir yerdə yaşaya bilərsiz?
- Yox. Getsinlər Yerevanda torpaq vermişik də onlara, yaşasınlar. (Bir az fikirləşir) Yaşayarıq e...Amma dinc dursalar, yaşayarıq. Erməni adamın içinə soxulcan kimi girir, yeyib dağıdır. Dinc yaşamır axı.

- Belə bir müzakirə gedir ki, münaqişə həll olunandan sonra Dağlıq Qarabağda sülhü kim qorusun...

- Bircə Rusiya olmasın. Bu oyunların hamısını quran Rusiyadır.

Köçkün yataqxanasının gəncləri mikrafonu uzaqdan görüb qaçırlar. Kamera qarşısındaymış kimi utanan qırmızıyanaq qız artıq paytaxt ləhcəsində danışır. İndi bu yataqxanada təzə nəsil böyüyür - bakılı qarabağlılar.

- Siz haradan gəlmisiz qaqaş?
- Heç mən bilirəm ki?!
- Qarabağ eşitmisən?
- Hə...
- Haradır Qarabağ?
- Füzuli...
- Biz gedə bilərik Qarabağa?
- Yox...
- Niyə?
- Uzaqdır...

Qaçqın qadın:

- Erməni bizdən nələri almadı ki...
- Necə dözdü dağ adamları Bakının havasına?
- Dözdü ki...Əridi getdi... Pis, çox pis...

Yəqin ki, təsadüfdür. Hər halda bəxtləri gətirib. Ən azı indi onlar Bakının ən hündür yerində - Yasamalda yaşayırlar. Yüksəkliyə öyrəşmiş adamlar...
XS
SM
MD
LG