Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

«Veselin» sağdı!


Bruno Kavçiç və həyat yoldaşı
Bruno Kavçiç və həyat yoldaşı
«Azadlıq» radiosunun «Həmyerli» proqramı Azərbaycanın igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin - «Mixaylo»nun həyatıyla bağlı araşdırmalarını davam etdirir.

Bu dəfə sizi Azərbaycanda ilk dəfə olaraq «Mixaylo» ilə eyni qızı sevmiş partizanla görüşdürəcəyik.

«O, mənə heç vaxt yoldaş Bruno demirdi, sadəcə adımla çağırırdı», - Bruno Kavçiç «Mixaylo» haqda söhbətinə belə başlayır.

O, Sloveniyanın Kras bölgəsində yaşayır, İkinci Dünya müharibəsində Sloveniyada – dəmiryol stansiyalarının birində partizanların kuryeri - rabitəçisi olub.

85 yaşı olsa da, çox qıvraqdı. Pilləkənləri bir nəfəsə qalxa-qalxa məni evinin ikinci mərtəbəsindəki eyvana çağırır – burda yaratdığı kiçik «müharibə muzeyi»ni göstərir.

Burda böyük bir taxta lövhənin üzərinə qumbara gövdələri, avtomat daraqları, hərbi geyimlər vurulub, qarşısına Hitlerin müqəvvası qoyulub.

Bruno Kavçiç danışır ki, «Mixaylo» ilə də elə Krasda tanış olublar.

«Mixaylo»nun Triyestdə məşhur alman zabitləri ilə dolu kinoteatrı partlatması əməliyyatında o da iştirak edib. Amma əməliyyat başa çatanacan bundan xəbəri olmayıb:

«Bir dəfə Kobiqlava kəndində görüşdük, dedi ki, Bruno gedək, mənə kömək edəcəksən. Getdik. Onda müxtəlif plastik materiallar var idi, bir yerdə onları yığır, nəsə düzəldirdik. Soruşdum ki, nədi, dedi ki, darıxma iki gündən sonra biləcəksən. İki gündən sonra dedi ki, eşitmisən Triyestdə kinoteatr partladılıb, 70 alman faşisti öldürülüb, biz həmin bombanı bir yerdə düzəltmişik».

Bruno Kavçiç deyir ki, «Mixaylo»nun hesabına bir dəfə bir motosiklet də irəli düşüblər.

Hadisə isə belə olub: «Mixaylo» bir dəfə alman motosikletində Kobiqlava kəndinə gəlir. Əynində də alman mundiri:

«İtaliyada Repentabor deyilən yer var – «Mixaylo» orda kiçik bir restoranın qabağında dayanıbmış. Yanından bir alman poçtalyonu keçirmiş, «Mixaylo»ya hərbi salam verib. «Mixaylo» onu saxlayıb, deyib ki, qulaq as, mənə təcili bir yerə gedib-gəlmək lazımdı, bir neçə dəqiqəliyə motosikletini mənə ver, gəlirəm. Minir motosikletə və birbaşa gəlir Kobiqlavaya. Qadın-uşaq hamı qorxuya düşür ki, kəndə almanlar gəlib. Ona görə, biz hirsləndik ki, belə eləmə. Motosikleti əlbəttə ki, özümüzə götürdük, gizlətdik». (Gülür- R.Q.).

Sloveniyada olanda yerli sakinlərdən eşitmişdik ki, Bruno Kavçiç müharibə vaxtı «Mixaylo» ilə eyni qızı sevib.

Özü də bunu etiraf edir, deyir ki, həmin qız da Kras bölgəsindən idi - Sejana yaxınlığında yaşayırdı.

Həmsöhbətimin sözlərinə görə, köhnə partizanların məclisində ondan bu haqda soruşanda gülə-gülə cavab verir ki, doğrudan da «Mixaylo» ilə eyni qızı istəyib. Amma sonra dalaşmamaq üçün onu «Mixaylo»ya güzəştə gedib.

Söhbətin bu yerində bayaqdan bəri süfrəyə özlərinin düzəltdiyi kolbasadan, çəkdiyi şərabdan düzən həyat yoldaşı da bizə qulaq kəsilir. Soruşuram ki, həmin qızın adı nə idi.

- Bəlkə Anjelikaydı?

- Yox. Sonya.

- Sonra nə oldu?

- Müharibədən sonra o qız ərə getdi. Sonya «Mixaylo»nun çox xoşuna gəlirdi, gözəl qız idi. Bilmirəm sağdı, yoxsa yox. Amma «Mixaylo» ilə aralarında münasibətlər nə dərəcədə dərin olub bilmirəm.

Burda «Uzaq sahillərdə» filmindəki Anjelika surətinə də toxunmalı olacağıq.

«Həmyerli» proqramının əvvəlki buraxılışlarının birində «Azadlıq»sevərləri Sloveniyada – Vitovle kəndində yaşayan Anjela Perşiçlə də görüşdürmüşdük.

Bruno Kavçiç Sloveniyada – dəmiryol stansiyalarının birində partizanların kuryeri - rabitəçisi olub
Yerli camaat arasında belə söhbətlər gəzir ki, «Mixaylo» ilə Anjela arasında məhəbbət olub, hərçənd onun özü deyir ki, aralarında ancaq yaxın dostluq olub.

Bruno Kavçiç isə deyir ki, ola bilsin ki, «Mixaylo»nun qadınlarla münasibəti haqda çox söhbətlər gəzir.

Amma onun sözlərinə görə, «Mixaylo» çox ciddi adam idi, iş onun üçün birinci sırada dayanırdı. Çox ehtiyatlı idi, arvadbaz deyildi.

B.Kavçiç deyir ki, «Mixaylo»nun qadınlarla münasibəti haqda müxtəlif söz-söhbətlərin yaranması təbiidi. Çünki işinin mahiyyəti eləydi ki, çoxlu insanlarla, o cümlədən rabitəçi qızlarla ünsiyyətdə olmalı idi.

Bundan başqa, Bruno Kavçiç deyir ki, məsələn, Triyest şəhərində də onun öz adamları vardı. Orda onun alman zabiti geyimini ütüləyən, təmizləyən qadın vardı.

Yeri gəlmişkən, Bruno Kavçiç «Uzaq sahillərdə» filmini görməyib, təbii ki, «Mixaylo» ilə eyni qızı sevən Veselin surəti haqda da heç nə bilmir.

Amma maraqlıdı ki, Azərbaycanda belə söhbətlər var ki, (hətta bu haqda o dövrü araşdıranlar da yazır) Veselin obrazının həyatdakı prototipi «Tsar» ləqəbli partizan olub, o, «Mixaylo» ilə yaxın dost olub.

Amma Bruno Kavçiç deyir ki, «Mixaylo» başqa tanınmış diversantlarla – «Tsar»la, Beçlə çox yaxın deyildi.

Onun sözlərinə görə, «Mixaylo» özüylə onlar arasında məsafə saxlamağa çalışırdı:

«Mixaylo onlarla o qədər də yaxın əməkdaşlıq eləmək istəmirdi, onları o qədər də ciddi adamlar saymırdı. «Mixaylo» intelligent idi. Məsələn, Rençedə bayram idi, onlar ikisi də gəlib özlərini göstərirdilər, tapançayla havaya atəş açırdılar, özlərini qəhrəman kimi göstərirdilər. «Mixaylo»nun isə belə şeylərdən xoşu gəlmirdi, hirslənirdi ki, özünü belə aparmaq olmaz».

Onunla söhbətdə «Mixaylo»nun ölümünə də toxunduq. Deyir ki, almanlar Vitovledə onun gecələdiyi anbarın yerini özləri bilə bilməzdilər, onu mütləq satan olub:

«Bu dəqiqdi ki, onu satıblar. Onu öldürənlər isə almanlar və ağqvardiyaçılar idi. Ağqvardiyaçılar sloveniyalılar arasında almanlarla əməkdaşlıq edənlər idi, onlar almanlardan da qəddar idilər. Almanları müşayiət edirdilər, məlumatlarla təchiz edirdilər. Hər kənddə belə ağqvardiyaçı satqınlar vardı».

Bruno Kavçiç deyir ki, «Mixaylo» çox cəsur, soyuqqanlı olmaqla yanaşı həm də çox mehriban və qayğıkeş adam idi:

«Bir də görürdün gəlirdi, bizə siqaret paylayırdı, amma əlavə qutu istəyəndə vermirdi, deyirdi, məni batalyonda da gözləyirlər, onlara da siqaret aparmalıyam. Mənim cavanlıqda qıvrım saçlarım vardı. Lənətə gəlmiş müharibə vaxtı özümüzə yaxşı qulluq edə bilmirdik. Bir dəfə saçıma bit düşmüşdü, dinclik tapa bilmirdim, başım elə hey qaşınırdı. «Mixaylo» bunu gördü, dedi ki, narahat olma, heç nə eləmə, mən Triyestə gedirəm, ordan toz gətirəcəm, saçlarına sürtərsən, amma iki gün yumazsan, daha heç vaxt bit düşməz. Elə də oldu».

Krası tərk edirəm və «Mixaylo»nun özünün 8-9 aylıq partizan həyatı dövründə Sloveniyada nə qədər izlər qoyduğuna bir daha təəccüblənirəm.

«Uzaq sahillərdə» filmi 50 il qabaq çəkilib. Bu filmi çəkənlər də Sloveniyada, Triyestdə «Mixaylo» haqqında dolaşan əfsanələri, gəzən söhbətləri toplayıblar.

Mən iki dəfə Sloveniyada oldum və əmin oldum ki, «Mixaylo»nun real həyatı kinodan çox da olmasa, müəyyən qədər fərqlənir.

Keçən reportajların birində elə onun ölüm səhnəsinin bir qədər bədii təxəyyülün məhsulu olması haqda danışmışdıq.

Öldüyü yerdə olmuşduq, şahidlərlə danışmışdıq, demişdik ki, «Mixaylo» özünü partlatmayıb, atışmada ölüb.

«Mixaylo»nun filmdəki sevgisinin də bəlkə də bu cür - həyatdakı məhəbbəti yüzdə yüz əks etdirmədiyini güman etmək olar. Kim bilir, bəlkə də bu, bir gəncin coşğun həyatının müxtəlif hissəciklərindən toplanmış, ümumiləşdirilmiş bir sevgidir. Kim bilir…
XS
SM
MD
LG