Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

«Bələdiyyələrin 37 faizi maliyyə problemi ilə qarşılaşıb»


İki aydan artıqdır bəzi bələdiyyələrin işçiləri əməkhaqqlarını ala bilmirlər
İki aydan artıqdır bəzi bələdiyyələrin işçiləri əməkhaqqlarını ala bilmirlər
25 minə yaxın bələdiyyə işçilərinin çoxu iki aydır ki, maaş almır. Bələdiyyələr yolların, mənzillərin təmiri, səlahiyyətlərinə daxil olacaq işlər üçün pul tapacağı günün də gələcəyinə ümidini itirmir. Amma ekspertlər deyirlər ki, bütün bu məsələlərə son qoymaq olardı - martın 18-də…

İqitsadçı Rövşən Ağayev: «Onsuz da hakimiyyət referenduma gedirdi, heç olmasa bir çox xeyirli məsələləri də etmək olardı. O cümlədən bələdiyyələrin statusu məsələsini. Bələdiyyələr yerli hakimiyyət orqanı kimi tanınmalıdır. İcra hakimiyyəti orqanlarını rayon və şəhərlər səviyyəsində saxlamaq olardı, kənd və qəsəbələr səviyyəsində isə hakimiyyəti bələdiyyələrə vermək olardı».

R.Ağayev bildirir ki, bu gün bələdiyyələr formal bir qurum kimi mövcuddur və faktiki olaraq, onların səlahiyyətlərini icra hakimiyyətləri həyata keçirir.

Ekspert deyir ki, bələdiyyələrin dövlət büdcəsində payı büdcənin hətta 0,5 faizi qədər də deyil. Halbuki bu inkişaf etmiş ölkələrdə 20-30%, keçid dövrünü yaşayan ölkələrdə isə 15-20% həcmindədir.

Özünüidarəetmə orqanı adlandırılan – bələdiyyələrin hazırda maliyyə çatışmazlığı bir sıra problemlər yaratmaqdadır.

Birinci ondan başlayaq ki, iki aydan artıqdır bəzi bələdiyyələrin işçiləri əməkhaqqlarını ala bilmirlər. Orta hesabla 100-120 manat maaşı olan bələdiyyə qulluqçuları bunu maliyyə çətinlikləri ilə izah edirlər. Bu vəziyyətlə isə daha çox cənub və qərb bölgəsində formalaşan, o cümlədən Bakının Əzizbəyov və Qaradağ bələdiyyələri üzləşib.

Qaradağ rayonundakı Sahil bələdiyyəsindən Günay Yusifova:

«Bizdə əsas büdcə vergilərdən, icarə haqqından müəyyənləşir, yığa, toplaya bilməmişik deyə, maaşımızı ala bilməmişik. 2-3 ay var. Bütün respublikada belədir, pulla bağlı problem yaranıb. Biz də camaatdan asılıyıq».

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının bələdiyyələr üzrə eksperti Vüqar Tofiqli bildirir ki, bu gün bələdiyyələrin təxminən 37 faizi maliyyə problemi ilə qarşılaşıb.

Ekspert hesab edir ki, buna səbəb bələdiyyə mülkiyyətində olan torpaqların hərracı ilə bağlı məsələlərin vaxtında həll olunmaması, yubadılmasıdır:

«Bələdiyyələrin büdcəsinə 72-75 faiz vəsait torpaqla bağlı əməkhaqlarından daxil olurdu. Bu gün bələdiyyədə çalışanlar əməkhaqlarını vaxtında ala, nəzərdə tutulan sosial layihələri yerinə yetirə bilmirlər. Çünki büdcə boşdur».

Hazırda Azərbaycanda 2800-ə yaxın bələdiyyə var, onlarda isə 24.900-ə yaxın işçi çalışır. Qanunvericiliyə görə, bələdiyyələrin büdcəsi bir neçə mənbədən («Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunu), o cümlədən fiziki şəxslərdən əmlak, torpaq, mədən vergisi, avtodayanacaqlardan rüsum, torpaq satışlarından gələn gəlirlər hesabına formalaşır.

Ancaq sonuncunun, yəni bələdiyyələrin ixtiyarında olan torpaqların satışı 2007-ci ilin dekabrından qadağan olunub, bunun üçün hərraclar keçiriləcəyi bildirilib.

Təxminən bir ay əvvəlsə, prezident fərman verərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracların təşkilatçısı kimi səlahiyyət verib. Fərmana uyğun olaraq bu komitə bələdiyyə mülkiyyətinə aid torpaqların yeri, ölçüsü, yerquruluşu sənədlərini bələdiyyələrlə birlikdə dəqiqləşdirməlidir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sözçüsü Eldar Sadıq deyir ki, artıq bununla bağlı yerlərdə iş aparılır:

Lökbatan bələdiyyəsindən isə deyirlər ki, onlar hələ də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yolunu gözləyirlər. Gözləyirlər ki, komitə işçiləri bir gün qapılarını döyüb onların hansı torpaq sahələrinin mülkiyyətçisi olacağını açıqlayacaq.

Bələdiyyədən onu da bildirirlər ki, maliyyə çatışmazlığından yandırdıqları işığın pulunu da güclə ödəyirlər.

Ekspert Rövşən Ağayev deyir ki, vəziyyət elə belə də davam edəcək. İcra hakimiyyətləri hakimiyyəti bölüşməyə razılaşana qədər…
XS
SM
MD
LG