Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

«Qış Bağı»na görə sakinləri evlərindən çıxarırlar


Hələlik parkın tikintisinə nə vaxt başlanılacağı bilinmir
Hələlik parkın tikintisinə nə vaxt başlanılacağı bilinmir
Füzuli küçəsindən Akademik Milli Dram Teatrının qarşısınadək olan ərazidə böyük bir park salınacaq. Adına hələlik «Qış bulvarı» deyirlər. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, bu, şərti addır. Həmin park «Qış Bağı» və ya «Qış Xiyabanı» da adlana bilər. Əsas məqsəd odur ki, soyuq havalar zamanı bulvara gedə bilməyən Bakı sakinləri bu xiyabanda dincələ bilsinlər.

C.Qocayev deyir ki, belə bir parkın salınması haqda fikir sovet hakimiyyəti dövründə mövcud olub və hətta indi qüvvədə olan Bakı Şəhər Baş Planına salınıb:

«Mənası o idi ki, qışda insanlar təmiz havada yaşıllıqda gəzsinlər. Eyni zamanda, bulvardakı sıxlıq da azalsın. Bu, Bakıda yaşıllıq ərazilərinin çoxaldılması, şəhər infrastrukturunun yaxşılaşdırılması baxımından da vacibdir».

Lakin plan təsdiqlənəndən sonra Ermənistandan qaçqın və məcburi köçkünlərin respublikaya gəlməsi ilə gündəm dəyişib:

«Digər tərəfdən, artıq quruluş da, mülkiyyət münasibətləri də dəyişdi. Həmin vaxt parkın uzunluğunun vağzaldan Hüseyn Cavid parkına qədər olacağı nəzərdə tutulmuşdu».

İndi isə Cahangir Qocayev deyir ki, «Qış Bağı» üçün daha kiçik ərazi nəzərdə tutulub:

«Hələlik əlimizdə olan ərazi Heydər Əliyev adına Sarayın arxasından Füzuli meydanına qədər olan ərazidir ki, oranın rekonstruksiyası gündəlikdə dayanır».

C.Qocayev deyir ki, hələlik parkın tikintisinə nə vaxt başlanılacağı bilinmir. Həm də parkın layihəsi hazırlanmayıb. İndiyə qədər parkın eskizi üçün bəzi ideyalar toplanılıb. Hazırda isə həmin ərazidə sökülmə işləri aparılır:

«İndi ordan insanların köçürülməsi prosesi gedir. Hətta köçürülmə məsələsi 1985-89-cu illərdə də olub ki, boşalan ərazilərə heç kimi rəsmi qaydada köçürməyiblər. Məqsəd oranı boşaltmaq olub. Bu iş əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir».

Parkın salınacağı ərazidə olduq. Həqiqətən də burdakı həyət evlərinin bəziləri artıq boşaldılıb və tamamilə sökülüb. Amma həyətlərin hamısında bir neçə ailə hələ köçməyib. Səbəb də onların köçürülmə üçün təklif olunan kompensasiya məbləği ilə razılaşmamalarıdır. H.Əliyev adına Sarayın düz arxasında yerləşən küçədəki obyektlərdən birinin rəhbəri Cavanşir deyir ki, onlara bu yerlərin söküləcəyi barədə dörd gün qabaq xəbərdarlıq ediblər. Və söküləcək obyektin əvəzinə bazar qiymətlərinə uyğun olmayan kompensasiya təklif ediblər:

«2500-3000 dollar arası təklif edilir. Məsələn, D.Əliyeva küçəsində obyektin kvadratı 20 minə satılır. 153 kvadratmetrini milyon yarıma deyirlər».

Elə həmin küçədəki çoxailəli həyətlərdən birinin sakini Əli müəllim deyir ki, ona köçmək üçün zirzəmidə yerləşən ev təklif ediblər:

«Bir dəfə gəlib «podval» göstəriblər. Düzdür, mənim evimin kvadratı balacadır, amma əvəzində hər bir şəraitim var».

Həmin həyətdə yaşayan Anar Məmmədov deyir ki, təxminən üç ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətindən gəlib buranın söküləcəyi barədə məlumat veriblər. Dekabrın əvvəlində isə meriyanın nümayəndələri bir daha gəliblər və evdə nə qədər adamın yaşamasından asılı olmayaraq bir kvadratmetrə 2500 ABŞ dollar təklif ediblər:

«10 gün sonra gördüm Hacıbala Abutalıbov gəlib. Başladı camaatın üstünə qışqırmağa ki, 15 gün vaxt qalıb, çıxacaqsız, yoxsa buldozerə verib çıxaracağıq. Biz üç qardaşıq, hamımız da burdayıq. Deyirlər, çıxacaqsız, vəssalam, çıxmayacaqsan da xoş getdin. Gedənlər var, amma çarəsizlikdən gediblər. Çəkinirlər ki, hökumət sabah «dubinka»layar. Kim qorxmur, hələ oturub evində».

Anar deyir ki, meriyadan gələnlər bu sahənin sökülməsini Bakının Baş Planı ilə əlaqələndirirlər:

«Yaxşı, «Qosplan»dır deyə, qovlamalısınız bizi? Deyirəm ki, biz də bu xalqın nümayəndəsiyik də, Mehriban xanıma şikayət edəcəyik, deyirlər ki, kimə eləyirsən elə. Nə olur-olsun, axıra kimi gedəcəyik. Buldozer demirlər? Gəlib versin buldozerə, çıxaq, vəssalam».

Bakı Şəhər İcra Hakimiyətindən məsələ ilə bağlı mövqe bildirən kimsə tapılmadı.
XS
SM
MD
LG