Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:27

Avropada prezidentliyə məhdudiyyət varmı?


Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi
İlham Əliyev referendum məsələsi gündəmə gələndən bəri ona yönələn sualları nəhayət ki, cavablandırdı. Davosda «Reuters» agentliyinə müsahibə verən ölkə başçısı iki dəfədən artıq prezident seçilmə ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliyə qahmar çıxdı.

Azərbaycanda ictimaiyyətin və müxalifətin etirazına səbəb olan bu dəyişiklik, prezidentin fikrincə, özünün qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasına deyil, demokratiyaya xidmət edir.

İlham Əliyev Qərbi də bu məsələdə ikili standartlar tətbiq etməkdə günahlandırıb:

«Siz Avropa Birliyinin bir üzvünü də tapa bilməzsiniz ki, lideri xalqın onu bu vəzifədə saxlamaq istədiyi qədər hakimiyyətdə qala bilməsin. Bu, demokratikdir? Bəli. Demək eyni prinsip də Azərbaycana tətbiq olunmalıdır. Bu, demokratikdir, odur ki, xalq bu və ya digər lideri dəstəkləyirsə, onu seçmək hüququna malik olmalıdır. Məncə, məhdudiyyətin qaldırılması məhdudiyyətlərin olmasından daha demokratikdir».

İsveçrədə, «Reuters» agentliyinə müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev belə deyib.

Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi isə belə hesab etmir. Onun sözlərinə görə, Avropada elə bir ölkə yoxdur ki, prezident üsuli-idarəsi olsun, amma prezidentin iki dəfədən artıq seçilməsinə məhdudiyyət olmasın.

«Avropada ümumiyyətlə, prezident üsuli- idarəsi olan ölkələrin sayı o qədər də çox deyil. Tipik prezident üsuli-idarəsi Fransadadır. Fransa da bu yaxınlarda seçilmə müddətləri ilə bağlı məhdudiyyət qoyub».

Semnebi «Azadlıq» radiosuna deyir ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Avropaya istinad edəndə prezident və parlament üsuli-idarələrinin fərqi nəzərə alınmalıdır:

«Parlament üsuli-idarəsi olan ölkələrdə neçə dəfə seçilmə ilə bağlı məhdudiyyət olmur. Baş nazir istədiyi qədər seçilə bilər. Amma parlament üsuli-idarəsində xalqın hakimiyyət üzərində başqa nəzarət mexanizmi var. Parlament sistemində hökumətə istənilən vaxt etimadsızlıq göstərilib, istefaya göndərilə bilər. Bu, fundamental fərqdir və nəzərə alınmalıdır».

İlham Əliyevin bu bəyanatı müxalifət nümayəndələrindən birini məyus edib. ADP sədri Sərdar Cəlaloğlu bir neçə gün öncə prezidentə müraciət edib, İlham Əliyevdən referendumun ləğvi ilə bağlı parlamentə müraciət göndərməsini istəmişdi.

Cəlaloğlu deyirdi ki, prezidentin bu təşəbbüsün qanunsuz olmasından xəbəri yoxdur, olsa, o da qanunsuz Konstitusiya dəyişikliyinə yol verməz. İ.Əliyevin iki dəfədən artıq prezidentliyə qadağanın götürülməsinə qahmar çıxması Sərdar Cəlaloğlunun gözləntilərinə su səpib.

ADP lideri İlham Əliyevə qonşu ölkələrə nəzər salmağı məsləhət görür. Deyir, heç də demokratik sayılmayan İran və Rusiyada da prezidentlər məhdudiyyətsiz hakimiyyət istəməyiblər:

«İranda Rəfsəncaniyə eyni sualı verdilər. Dedi ki, əgər mənim prezidentliyim dövründə prezident olmağa layiq yüzlərlə adam yetişməyibsə, onda mən heç bu prezidentliyə layiq deyiləm. Putinə də təklif elədilər, ancaq o, Konstitusiyaya dəyişiklik edib üçüncü dövr prezident qalmaqdan imtina etdi».

Amma prezident İlham Əliyev hətta yaxın qonşulara deyil, Avropa ölkələrinə istinad edir. Hüquqşünas Erkin Qədirli deyir ki, Avropa ölkələrinin təcrübəsinə istinad etmək üçün Azərbaycan əvvəl öz üsuli- idarəsini Avropa ölkələrinin əksəriyyətindəki parlament üsuli-idarəsinə dəyişməlidir. Belə olan halda, icra hakimiyyəti əsasən hökumətin və Baş nazirin əlində cəmləşəcək və parlamentin nəzarəti altında olacaq. Amma o zaman üçüncü dəfə prezident olmaq haqqı kiməsə lazım olacaqmı?
XS
SM
MD
LG