Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Qarabağ münaqişəsində tərəfləri 80 faiz qane edən nə ola bilər?


Bernar Fasyenin mətbuat konfransı, Bakı, 11 aprel 2006
Bernar Fasyenin mətbuat konfransı, Bakı, 11 aprel 2006
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Bakıda elan edib ki, Qarabağ problemində tərəfləri 80 faiz qane edəcək həll variantı var. Eyni vaxtda xəbərdarlıqlar səslənir. ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid Bakıda olanda deyib ki, Azərbaycan neftdən çoxlu pullar gözləyir, müharibə etsə, o pulları görməyəcək

Ekspertlər arasında Bernar Fasyenin həmin fikirlərinə münasibətdə müxtəlif yanaşmalar var. Yəni bəzi müşahidəçilər hesab edirlər ki, həqiqətən də tərəfləri 80 faiz qane edən sülh razılaşmasının əldə edilməsi mümkündür. Ancaq bir qisim müşahidəçilərə görə, bir halda ki, Ermənistan Dağlıq Qarabağın hüquqi müstəqilliyinə, Azərbaycan isə orda öz suveren hüquqlarının bərpasına can atır, onda tərəflər arasında mövqelərin 80 faiz üst-üstə düşməsi nəzəri baxımdan da qeyri-mümkündür.


Cənab Fasyenin fikirlərini mümkün sayanlardan biri – Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, Ermənistan heç vaxt işğal edilən Qarabağətrafı rayonları boşaltmaqdan açıq şəkildə imtina etməyib. Bu vaxta qədər danışıqların dalana dirənməsi sırf Qarabağın statusu ilə bağlı olub. Elxan Mehdiyev hesab edir ki, məhz Qarabağın statusu məsələsində tərəfləri 80 faiz qane edən həll variantı mümkündür. Elxan Mehdiyev öz fikrini bu cür izah edir: "Onda gərək dövlətin də adı dəyişsin. Azərbaycan Respublikası, yalnız Azərbaycan adlansın. Yəni Azərbaycan dövlətinin içində iki respublika olsun. Biri Azərbaycan Respublikası, digəri isə Dağlıq Qarabağ Respublikası. Yəni iki suveren respublikanın təşkil etdiyi bir dövlət strukturundan söhbət gedə bilər. O da ola bilər ki, Dağlıq Qarabağ Respublikası öz suveren hüquqlarının bir hissəsini razılaşma əsasında Azərbaycanın mərkəzi aparatına versin".



"Onda gərək Azərbaycan dövlətinin içində iki respublika olsun. Biri Azərbaycan Respublikası, digəri isə Dağlıq Qarabağ Respublikası".
Elxan Mehdiyev deyir ki, belə təkliflərlə o, iştirak etdiyi beynəlxalq konfranslarda dəfələrlə qarşılaşıb. Ancaq o, ölkə içərisində ölkə yaranmasını Azərbaycanın mənafeyi baxımdan ziyanlı sayır. Elxan Mehdiyevin sözlərinə görə, Azərbaycan öz dövlət quruluşunun dəyişdirilməsinə razılıq verməklə Dağlıq Qarabağ üzərində qanuni haqlarının böyük bir hissəsini itirə bilər. Bu isə gec-tez Qarabağın tam itirilməsinə gətirib çıxarar.


Millət vəkili Mübariz Qurbanlı isə yalnız iki prinsipin gerçəkləşməsi halında Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsini başa çatmış hesab edir. Bunlardan biri Azərbaycanın suverenliyi, ikincisi isə ərazi bütövlüyü məsələsidir. Mübariz Qurbanlı deyir ki, cənab Fasye hər iki tərəfi 80 faiz razı sala bilən həll modelindən danışanda, bunu mümkün qədər izah etməlidir. Onun sözlərinə görə, söhbət ümumi dövlət modelindən gedirsə, bu, Azərbaycanın mənafeyinə cavab vermir: "Yadınızdadırsa, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsiylə bağlı 3 model təklif etmişdi. Onlardan biri də ümumi dövlət modeli idi. Həmin modellərlə bağlı mərhum Heydər Əliyev ictimaiyyətə məlumat vermişdi. Ümumi dövlət modelindən belə çıxır ki, Dağlıq Qarabağda yaşayan 100 minə qədər erməni 8 milyon əhali ilə paralel bütün məsələlərdə iştirak edir".

Mübariz Qurbanlı deyir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərə təzyiqlər getdikcə artmaqdadır. O, təəssüf edir ki, Ermənistana təzyiqlər Azərbaycanla müqayisədə qat-qat zəifdir. Ancaq istər o, istərsə də Elxan Mehdiyev hesab edir ki, prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri bu təzyiqləri bir xeyli balanslaşdıra bilər.


XS
SM
MD
LG