Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:51

BTC-ni tikən şirkətdən kompensasiya tələb edilir


Samux rayonunun Çobanabdallı kəndinin sakinləri Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərini tikən şirkətdən kompensasiya tələb edirlər. Sakinlər iddia edirlər ki, neft kəmərinin rayondan keçən hissəsinin inşası zamanı evlərinə ciddi ziyan dəyib. Hətta sakinlərdən birinin- Knyaz Məhərrəmovun evinin divarı uçub.

Məsələylə bağlı Çobanabdallıda monitorinq aparan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Gəncə şöbəsinin nümayəndəsi Natiq Məmmədovun sözlərinə görə, kənddə əsas maşın yolunun kənarında yerləşən 40-dan çox evə ziyan dəyib.

Cənab Məmmədovun fikrincə, podratçı şirkət ziyan çəkmiş sakinlərə kompensasiya verməlidir.


Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisiylə məşğul olan «CCIC» podratçı şirkətinin nümayəndəsi Azər Zərdablı isə bildirdi ki, onlar sakinlərin narazılığından xəbərdardılar, ancaq mütəxəssislər rəy verib ki, evlərin müxtəlif dərəcəli deformasiyalara uğramasında və qəza vəziyyətinə düşməsində şirkət məsuliyyət daşımır.


Kəndin icra nümayəndəsi Sabir Abdiyev isə deyir ki, onlar evlərə məhz neft kəmərinin tikintisi zamanı ziyan dəydiyinə əmindilər və ona görə də şirkət rəhbərliyilə məhkəmədə görüşmək niyyətindədilər.


XS
SM
MD
LG