Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:05

ATƏT-in seçki müşahidəçiləri gəlir


ATƏT-in Bakı ofisinin rəhbəri seçki öncəsi vəziyyəti «sakit» adlandırır

Mayın 13-də nəticəsi ləğv olunmuş 10 dairədə təkrar seçkilərlə bağlı icazəsiz aksiyaların keçirilməsinə yenə də icazə verilməyəcək.

Bunu daxili işlər nazirinin müavini Oruc Zalov deyir. Onun sözlərinə görə, «Azərbaycan polisi mayda keçiriləcək seçkilərdə öz vəzifə borcunu həyata keçirəcək».


Oruc Zalov 26 noyabr seçkiləri zamanı polisin zorakılığa yol verməsi haqda səslənən fikirləri əsassız saydığını və qanunsuz hərəkət etmiş bir nəfər polis əməkdaşının cəzalandırıldığını da söylədi.


Mayın 13-də keçiriləcək seçkiləri izləyəcək ATƏT-in Müşahidə Missiyası isə aprelin 24-də Bakıya gələcək. Qurumun Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirir ki, 10 nəfərdən ibarət missiyaya noyabr seçkilərini izləmiş Gert Arens başçılıq edəcək. Seçki öncəsi vəziyyəti isə cənab Pavesi belə qiymətləndirdi: «Ölkədə vəziyyət demək olar ki, sakitdir. Gələn həftədən isə kütləvi aksiyaların keçirilməsinə başlanacaq. 10 günə Müşahidə Missiyası da gələcək. Və biz müşahidələr əsasında öz fikrimizi bildirəcəyik».


Təkrar seçkiləri Avropa Şurası Parlament Assambleyası, Beynəlxalq Respublikaçılar İnstitutu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond və Azərbaycandakı səfirliklərin nümayəndələri də izləyəcəklər.


Beynəlxalq Respublikaçılar İnstitutu həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyilə "ekzit-pol" keçirəcək. Qurumun Azərbaycan nümayəndəliyindən bildiriblər ki, nəticələr seçki başa çatandan 2-3 saat sonra elan olunacaq.


«Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev isə bildirir ki, əvvəlki seçkilərdən fərqli olaraq mayın 13-də nəinki dairə, hətta məntəqə seçki komissiyalarının məlumatlarını da açıqlayacaqlar. Seçkinin ilkin nəticələrini isə 12 saat ərzində, gecə saatlarında açıqlamağı planlaşdırırlar.


Ötən ilin noyabrın 6-da parlamentə keçirilən seçkilərdə MSK qanun pozuntusuna yol verildiyini əsas gətirərək 10 dairədə nəticələri ləğv etmişdi. Bu il mayın 13-də həmin dairələrə təkrar seçki keçiriləcək.


XS
SM
MD
LG