Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Çaves və yəhudilər


Belə görünür ki, Çavesin sevimli düşməni kimi Corc Buşu əvəzləmiş yəhudi icmasına hücumlar edilir
Belə görünür ki, Çavesin sevimli düşməni kimi Corc Buşu əvəzləmiş yəhudi icmasına hücumlar edilir
Azərbaycan prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin ləğvinə yönəlmiş konstitusiya dəyişiklikləri üzrə referenduma hazırlaşdığı bir vaxtda digər bir ölkə eyni yolu keçmək üzrədir. Söhbət Latın Amerikasında yerləşən Venesueladan gedir.

Fevralın 15-də bu ölkə artıq ikinci dəfə prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin ləğvinə dair konstitusiya dəyişikliklərini səsə qoyacaq. Birinci belə referendum Venesuela prezidenti Uqo Çavesin təşəbbüsü ilə 2007-ci ilin dekabrında keçirilmişdi və konstitusiya dəyişiklikləri cüzi səs fərqi ilə rədd edilmişdi. 14 ay sonra yenə də prezident Uqo Çavesin təşəbbüsü ilə Venesuela ikinci dəfə konstitusiya dəyişiklikləri üzrə referenduma hazırlaşır.

Konstitusiya dəyişiklikləri həm prezident, həm parlament üzvləri, həm yerli idarəetmə orqanlarına seçilən şəxslər, həm də qubernatorların seçilmə müddətlərinə qoyulan məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Hazırkı konstitusiyaya görə, Venesuela prezidenti 6 illik müddətə seçilir və digər seçkili orqanların nümayəndələri kimi iki müddətdən artıq seçilmək imkanından məhrumdur. Hazırkı konstitusiya dəyişiklikləri məhz bu maneənin aradan qaldırılmasına yönəlib. Fevralın 12-də «Vaşinqton Post» qəzeti «Cənab Çaves və yəhudilər» başlıqlı məqalə ilə çıxış edərək bu məsələləri işıqlandırıb.
Yanvarın 30-da bəzi qoçular artıq Karakas şəhərinin ən böyük sinaqoquna hücum edərək oradan sinaqoq üzvlərinin siyahısını götürüblər və sinaqoqun divarlarına «Yəhudilər buradan gedin» şüarlarını yazıblar


Qəzet yazır ki, bu bazar günü keçiriləcək referendum yaxınlaşdıqca Çaves populizmi artırmaqla referendumda qələbə şanslarını artırmağa cəhdlər edir və bu istiqamətdə artıq müəyyən uğurları da var: «Latın Amerikasının «Bolivar inqilabçısı» uğurun çarxını necə dəyişə bildi? Ədalət naminə deməliyik ki, bu, rasional arqumentlər hesabına baş vermədi. Cənab Çavesin rejimi 25 il əvvəl regiona demokratiya ayaq basandan bəri Latın Amerikasında görünməmiş bir qatılıqda təbliğat və təhdid etmə kampaniyasını işə salıb.

Çaves ritorikası müxalif səslərin demək olar ki, tamamilə kənarlaşdırıldığı milli teleradio tezliklərdə hökm sürür. Hökumətpərəst qoçu dəstələri tələbə nümayişlərinə, müxalifyönümlü jurnalistin evinə və bir tələbə liderinə sığınacaq vermiş Vatikan səfirliyinə hücumlar edir. Daha sonra, belə görünür ki, Çavesin sevimli düşməni kimi Corc Buşu əvəzləmiş yəhudi icmasına hücumlar edilir». «Vaşinqton Post» yazır ki, İsrail Qəzza bölgəsində hərbi əməliyyatlara başlayandan bəri Uqo Çaves hökuməti yəhudilərə qarşı ölkə daxilində iri bir təbliğat müharibəsinə başlayıb və belə görünür ki, Venesuela prezidenti bu amildən referendumda qalib gəlmək üçün əsas arqument kimi istifadə etməyə çalışır.

Çavesdən sitat gətirən qəzet yazır ki, Venesula prezidenti «ümid edir ki, Venesuelanın yəhudi icması bu barbarlığa (yəni İsrailin hərbi əməliyyatlarına - red.) qarşı olduğunu bəyan edəcək». Venesuela prezidenti sual edir: «Bəyəm yəhudilər Holokostu pisləmir? Bizim də indi gördüyümüz budur». Qəzet yazır ki, yanvarın 30-da bəzi qoçular artıq Karakas şəhərinin ən böyük sinaqoquna hücum edərək oradan sinaqoq üzvlərinin siyahısını götürüblər və sinaqoqun divarlarına «Yəhudilər buradan gedin» şüarlarını yazıblar. Bu iş üzrə həbs olunmuş 11 nəfərdən beşi polis zabiti, biri isə polis əməliyyatçısıdır. Bu şəxslər hücumlarda iştirak etməkdə ittiham olunurlar. Qəzet yazır ki, hökumətpərəst telekanallardan biri müxalifət nümayişlərinin hazırlanmasını yəhudi soyadlı iki tələbənin adı ilə bağlamağa çalışır.

Məqalənin yekununda qəzet yazır ki, «belə bir nəticə çıxarmaq ədalətli olardı ki, cənab Çaves adi daxili məsələlərə fikir vermək niyyətində deyil. Neftə əsaslanan iqtisadiyyat dağılmaqdadır, ölkədəki 30 faizlik inflyasiya həddi Latın Amerikasında ən yuxarı göstəricidir və adi məhsulların çatışmazlığı geniş yayılmış hala çevrilib. Venesuela korrupsiya indeksinə görə 180 ölkə arasında 158-ci yerdə gedir və cənab Çavesin hakimiyyəti dövründə qətllərin sayı üç dəfə artıb və hazırda Karakas dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Əgər cənab Çaves referendumda uduzsa, o ölkənin qürubuna qovuşa bilər ki, bu qürubun da növbəti iki il ərzində sürətlənəcəyi gözlənilir. Belə görünür ki, o artıq öz qərarını verib ki, buna görə günahı kimin üstünə yıxsın».
XS
SM
MD
LG