Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Referenduma Qərb baxışının pulunu kim verir?


Konstitusiya dəyişikliklərinə dair Bakıda beynəlxalq tədbir, 6 mart 2009
Konstitusiya dəyişikliklərinə dair Bakıda beynəlxalq tədbir, 6 mart 2009
İndi kimsə referenduma çıxarılan dəyişiklik və əlavələrin mürtəce, yaxud, beynəlxalq standartlara zidd olduğunu desə, referendum tərəfdarlarının bu irada cavabı hazırdır. Ümumxalq səsverməsinə 12 gün qalmış təklif olunan dəyişiklikləri ABŞ, Almaniya, Fransa, İspaniya, Belçika və Böyük Britaniyadan gələn rəsmi və qeyri-rəsmi qonaqlar müsbət xarakterizə ediblər.

Özü də bu şəxslər müsbət rəylərini üzv olduqları «Azərbaycanda insan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə beynəlxalq işçi qrup» adlandırılan bir qurumun tədbirində səsləndiriblər.

Məsələn, almaniyalı professor, beynəlxalq hüquq üzrə ekspert Tobias İrmşerin Avropa otelində keçirilən konfransda ortaya qoyduğu «Konstitusiya hüququnda referenduma alman baxışı» referendumu azərbaycansayağı dəstəkləyən yerli ekspertlərin fikirlərindən elə də fərqlənmədi.

Tədbirdə referenduma «yox» fikirləri səslənmədi. Amma Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı heyətinin üzvü Mayk Hankok «hə» deməyin əsaslarından danışdı. O deyir ki, insanlara azad seçim imkanı yaradılmalıdır ki, adamlar yaxşı hesab etdikləri prezidenti növbəti dəfə də seçə bilsinlər. Cənab Hankoka görə, əgər ABŞ prezidenti Bill Klinton vaxtında belə bir dəyişiklik etsəydi, onda Corc Buş prezident olmazdı. İraqda da səhvlərə yol verilməzdi.

Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman isə çıxışının əvvəlindən axırınacan konstitusiya dəyişikliyinin müsbət bir addım olduğundan danışdı. Onun sözlərinə görə, ölkədə Baş nazir varsa, prezidentin mandatı ilə bağlı məhdudiyyətin qoyulmasına ehtiyac yoxdur. Amma o, bu halda Baş nazirin səlahiyyətlərinin İtaliyadakı kimi prezidentinkindən üstün olacağı, yoxsa, Azərbaycandakı kimi qalacağı barədə danışmadı.

«Referendum - demokratiyanın görünməz aləti» - fransalı nümayəndə Jan-İv Şevalyenin məruzəsi elə belə də adlanırdı.

Jan Pol Murman
Amma görünməz olan təkcə referendumun demokratiyaya nisbəti deyil. Qərb ölkələrindən referenduma «hə» deyənləri bir araya gətirən tədbirin də görünməz tərəfləri var. Onu kimin maliyyələşdirdiyi bəlli deyil.

Birgə işçi qrupun heç bir nümayəndəsi bu məlumatı vermədi. Sualı əsəblə qarşılayan da oldu. Dəfələrlə etdiyim müraciətdən sonra işçi qrupun rəhbəri Kamil Səlimov və digər üzvlər bildirdilər ki, bu barədə 2-3 gündən sonra məlumat verəcəklər.

«Bəs indi niyə məlumat verilmir» sualına konkret cavab verən olmadı. K.Səlimov bir onu bildirdi ki, bu tədbir müxtəlif qurumların verdiyi qrant hesabına keçirilir.

Elə mötəbər əcnəbi qonaqlar da iştirak etdikləri tədbirin pulunu kimin ödədiyindən xəbərsiz olduqlarını dedilər, özlərinin bu naməlum mənbədən çıxışları üçün qonorar alıb-almadıqları barədə bir söz demədilər.

Əslində, alınan qrantlar və maliyyə yardımları ilə bağlı QHT-lər Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə məlumat verməlidirlər. Amma adı çəkilən ünvandan dedilər ki, bu barədə məlumat yoxdur.

Əldə etdiyimiz məlumatlardan isə aydın oldu ki, referendum aktını təbliğ edən bu tədbiri Azərbaycan iqtidarına lobbiçilik edən Amerikadakı üç təşkilat maliyyələşdirir.

Araşdırmalarımızdan o da aydın oldu ki, həmin təşkilatlardan biri ABŞ prezidenti Barak Obamanın seçki kampaniyasının keçmiş rəhbəri Devid Plafın Bakıya qalmaqallı səfərini, eləcə də prezident seçkiləri zamanı səsvermə barədə müsbət rəy verən Amerikalı Müşahidəçilər Qrupunun missiyasını təşkil edən «Bob Lourens və Assoşieyts» şirkətidir. Bu şirkət Avropa otelindəki konfransın iştirakçısı olan Con Makqreqorun təmsil etdiyi «Renessans Assoşieyts»lə bağlıdır. «Renessans Assoşieyts» isə 2005-ci ildə Azərbaycanda qalmaqallı Mitofski «exit-poll»unu təşkil etmişdi. Mitofski sonrakı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd etdiyini deyirdi.

Mayk Hankok
Devid Plaf isə Azərbaycan iqtidarını dəstəkləyən lobbiçilərin dəvətini qəbul etdiyi üçün aldığı 50 min dollarlıq qonorarı qalmaqaldan sonra demokratik qruplara ianə etməli oldu.

İşçi qrupda adının çəkilməsini istəməyən ekspertlərdən birinin dediyinə görə, tədbiri təşkil edən, adı çəkilməyən həmin təşkilatların pulunu elə Azərbaycan hakimiyyəti özü ödəyir. Sadəcə, həmin pul qrant və ya maliyyə yardımı şəklində amerikalı təşkilat vasitəsilə ötürülür ki, daha mötəbər görüntü yaransın.

Hüquq müdafiəçisi Sahib Məmmədov da deyir ki, istənilən qurum keçirdiyi tədbirin maliyyə mənbəyini, kim tərəfindən həmin vəsaitin ayrılmasını açıqlamalıdır:

«Bunu hansısa kommersiya qurumu kommersiya sirri adı altında gizlədə bilər. Amma istənilən QHT keçirdiyi tədbirlərin hansı mənbələr hesabına maliyyələşdiyini açıqlamalıdır».

S.Məmmədov deyir ki, Azərbaycanda bu məsələyə o qədər də fikir verilmir, amma xarici ölkələrin demokratik təsisatlarının ilk fikir verdiyi məsələ budur.

S.Məmmədov deyir ki, istənilən beynəlxalq təşkilat Azərbaycanda tədbir keçirəndə həmin toplantını maliyyələşdirən qurumların loqosu, emblemi tədbir keçirilən zalın lap yuxarı başından asılır. Hüquq müdafiəçisinin dediyinə görə, əgər mənbə açıqlanmırsa, onda istənilən adam həmin tədbiri qeyri-rəsmi mənbələrdən maliyyələşən qeyri-şəffaf tədbir hesab edə bilər.
XS
SM
MD
LG