Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:51

Fermerlər güzəştli gübrədən niyə şübhələnir?


Fermer deyir ki, əslində «Aqrolizinq» onlara gübrəni 50 yox , elə 100 faiz qiymətə satır
Fermer deyir ki, əslində «Aqrolizinq» onlara gübrəni 50 yox , elə 100 faiz qiymətə satır
Fermerlər dövlətin onlara yarı qiymətə güzəştlə satmalı olduğu gübrəni ala bilirlərmi?

«Azadlıq» radiosunun «Şəffaflıq» proqramında Salyandakı fermer təsərrüfatlarından birini rəhbəri Elçin Əzizov və həmin rayonun icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Ələddin Abbasov və «Aqrolizinq» ASC-nin mətbuat xidmətinin rəhbəri Fuad Xəlilov bu sual ətrafında müzakirə aparıblar.

Fermer Elçin Əzizov deyir ki, əkdikləri taxıl sahələri üçün «Aqrolizinq» ASC-nin Salyan bölməsindən güzəştli qiymətə gübrə almaq istəyib, amma qiymətlər çox baha olduğundan fikrindən daşınıb. Fermer deyir ki, dövlətin onlara 50 faizlə verməli olduğu gübrə bazarlarda daha ucuz qiymətədir. Elçin Əzizovun sözlərinə görə, «Aqrolizinq» ASC-nin Salyan bölməsində güzəştli gübrənin bir tonu fermerlərə iki yüz manata satılır. Deyilir ki, gübrənin real qiyməti isə 400 manatdır. Hansı ki, hökumətin güzəştlə fermerə verdiyi gübrə bazarda da elə 200 manatdır. Elçin Əzizov deyir ki, əslində «Aqrolizinq» onlara gübrəni 50 yox , elə 100 faiz qiymətə satır. Üstəlik hələ dövlətdən də güzəşt alır.

Salyan rayon icra hakimiyyəti başçısının müavini Ələddin Abbasov isə fermerləri qərəzlilikdə günahlandırır. Onun sözlərinə görə, bazarda kisəsi 10 manata və ya tonu 200 manata satılan azot gübrəsilə «Aqrolizinq»in təklif etdiyi gübrələrin tərkibində fərq var. Yəni «Arqolizinq»in gübrəsi daha keyfiyyətlidir.

«Aqrolizinq» ASC-nin mətbuat xidmətinin rəhbəri Fuad Xəlilov da fermerlərin şübhə və narahatlıqlarını bölüşmür. Onun sözlərinə görə, cəmiyyətin fermerlərə satdığı gübrənin bahalığı həmin məhsulun hələ dünyada qiymətlər baha olan ərəfədə alınmasıyla bağlıdır. Onun sözlərinə görə, indi onlar vaxtilə baha aldıqları gübrəni ucuz qiymətə fermerlərə satmaq fikrində deyillər. Çünki dövlətin onlara verdiyi 50 faizin pulunu nə vaxtsa qaytarmalıdırlar. Fuad Xəlilov deyir ki, indi eyni gübrəni bazarda 200 manata satanlar böhrandan sonra ölkəyə gübrə gətirənlərdir. Onlar ucuz alıblar, ucuz da satırlar.
XS
SM
MD
LG