Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:00

Xəzər dənizinin səviyyəsi yenidən qalxır


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya Ekologiya Nazirliyi bildirir ki, son iki ildə Xəzər dənizinin səviyyəsi 13 santimetr qalxıb və nazirliyin proqnozuna görə, 2013-cü ilə qədər daha 70-80 santimetr arta bilər. Bu isə 150 min hektar ərazinin su altında qalmasına gətirib çıxara bilər. Yəni 10 il əvvəlki fəlakətli subasmadan 3 dəfə böyük ərazinin. Ekologiya Nazirliyinin Dəniz Hidrometeorologiya Mərkəzinin direktoru Əmir Əliyev deyir ki, Azərbaycanın 800 kilometrlik bütün sahil zolağı üçün subasma təhlükəsi var. Onun sözlərinə görə, ən çox ziyan çəkən yenə də Neftçala rayonundakı sahilyanı ərazilər olacaq. Əmir Əliyev deyir ki, Xəzərin səviyyəsinin yenidən qalxması əsasən qlobal iqlim dəyişmələri ilə bağlıdır. O həmin problemi təkcə Azərbaycanın yox, bütün Yer kürəsinin yaşadığını deyir. Xəzərə tökülməmişdən əvvəl Volqa çayı Şimal yarımkürəsində böyük bir ərazidən keçib gəlir və bu ərazilərdə yağıntılar çoxalanda dənizə axan suyun da miqdarı artır.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da bu fikirlə razıdır, amma onun qənaətincə, dənizin səviyyəsinin qalxmasına dəniz səthinin neftlə çirklənməsinin də təsiri var. Bu, dəniz səthindən buxarlanmanın sürətinin azalmasına səbəb olur. Amma Telman Zeynalov onu da deyir ki, Xəzərin səviyyəsinin qalxıb-enməsi təkcə müasir dövrün prolemlərindən irəli gəlmir. Xəzərdə suyun səviyyəsinin dəyişməsi tarixən olub. O, Bakının mərkəzindəki Qız qalasını misal gətirir və orta əsrlərdə Xəzər sularının bu qalayacan gəlib çıxdığını deyir. Onun sözlərinə görə dənizdə suyun səviyyəsinin belə dəyişməsi son minillikdə bir neçə dəfə baş verib.

«Azadlıq» radiosunun müxbiri Neftçalada olarkən yerli camaatla söhbətlərdən belə məlum olub ki, artıq su altında qalmış və indi subasma təhlükəsi olan kəndlər 1930-cu ildən sonra salınıb. 89 yaşlı balıqçı Əbülhəsən kişi xatırlayır ki, o vaxt Xəzərin səviyyəsi 2 metrəcən aşağı düşmüşdü və dəniz bir neçə kilometr geri çəkilmişdi. Əsas məşğuliyyəti balıqçılıq olan neftçalalılar da dənizin ardınca gedib suyun çəkildiyi yerlərdə evlər tikmişdilər. Elə Qoltuq kəndinin də indi dəniz sahilində olan hissəsi o vaxt salınıb.

Ekologiya Nazirliyindən Əmir Əliyev deyir ki, keçən əsrdə dənizdə suyun səviyyəsinin düşdüyü 40 il ərzində təkcə Neftçalada yox, başqa bölgələrdə də sahil zolağında böyük tikintilər aparılıb. Abşeronda, Xaçmazda istirahət mərkəzləri, çimərliklər, sənaye müəssisələri tikilib. Bu plansız işlərin nəticəsi o olub ki, 1978-ci ldən sonra dənizin səviyyəsi artmağa başlayanda onların çox hissəsi su altında qalıb. Amma Əmir Əliyev deyir ki, sanki bundan heç kəs nəticə çıxarmayıb və dəniz bir qədər geri çəkilən kimi, yəni indi yenidən Xəzər sahilində istirahət mərkəzləri, müəssisələr, hətta fərdi evlər tikilməyə başlayıb.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə deyir ki, mərhum prezident Heydər Əliyev bir neçə il əvvəl sahilə 150 metrdən yaxın ərazidə evlərin tikilməsini qadağan edən sərəncam versə də, buna heç kəs əməl etmir. Telman Zeynalov deyir ki, bu problemlə bağlı dövlət proqramının hazırlanması vacibdir. Onun sözlərinə görə, tarixi araşdırmalar göstərir ki, Xəzərin səviyyəsi aşağı-yuxarı 15 metr aralığında dəyişir və sahilyanı ərazilərdə tikinti üçün icazə verilərkən bu nəzərə alınmalıdır. İndi təhlükəli zonada olan yaşayış məntəqələri isə oradan birdəfəlik köçürülməlidir.
XS
SM
MD
LG