Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:03

Əfqanıstanda zaman bombaları


Barak Obama Əfqanıstanla bağlı yeni strategiyanın açıqlayır. Vaşinqton, 27 mart 2009
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyanın açıqlayır. Vaşinqton, 27 mart 2009
Martın 27-də ABŞ prezidenti Barak Obama Əfqanıstanda və Pakistanda Əl-Qaidə və Taliban yaraqlılarının zərərsizləşdirilməsi üzrə ABŞ-ın yeni strategiyası barədə açıqlamalar verib. Mətbuat konfransında Barak Obama birmənalı şəkildə deyib ki, Əl-Qaidə və onu dəstəkləyən radikal dini qüvvələr məhz Əfqanıstan və Pakistanın sərhədində məkan salmışlar və növbəti illər ərzində ABŞ-ın əsas diqqəti bu qüvvələri həmin ərazilərdə məğlub etməyə yönələcəkdir. Bu məqsədlə ABŞ Əfqanıstana əlavə 17 000 nəfərlik əsgəri qüvvə göndərməyi planlaşdırır. Bundan əlavə Əfqanıstanda ordu və polis qüvvələri quruculuğuna, habelə Pakistanda mülki və siyasi institutların gücləndirilməsinə növbəti illər ərində əhəmiyyətli maddi yardımlar ediləcəkdir.

ABŞ mediası prezident Obamanın elan etdiyi strategiyanın nə dərəcədə işlək olacağını hələ də təhlil etməkdədir. Bu istiqamətdə maraqlı təhlillərdən biri «Vaşinqton post» qəzetinin 29 mart tarixli sayında yer alıb.
Əfqan əhalisi özünü kifayət qədər təhlükəsiz hiss edəcəkmi ki, seçkilərdə səs versin və onlar hazırkı prezident Həmid Karzaiyə alternativ namizədlərin iştirak edəcəyi seçkilərdə öz səslərinin ədalətlə sayılacağından əmin olacaqlarmı?


«Obama üçün üç Əfqanıstan sınağı» başlıqlı məqalədə müəllif Cekson Diel iddia edir ki, Əfqanıstan üzrə yeni ABŞ strategiyasının elan olunduğu bir zamanda həmin ölkədə üç zaman bombasının saniyələri xərclənməkdədir ki, onlardan hər birinin partlayışı həm regiondakı beynəlxalq missiyanı, həm də Barak Obamanın prezidentliyini əhəmiyyətli zərbə altına qoya bilər.

Birinci zaman bombası bu il avqustun 20-də Əfqanıstanda keçiriləcək prezident seçkiləridir. Cekson Diel yazır ki, bu sınaq ikitərəfli sınaqdır. Belə ki, həmin müddətə ABŞ-ın əlavə olaraq regiona göndərdiyi 17 minlik hərbi qüvvə də Talibanın xüsusilə güclü olduğu Helmand və Qəndəhar vilayətlərində yerləşdiriləcək və ortaya suallar çıxacaq: ABŞ qüvvələri Əfqanıstanın Pakistanla sərhəd rayonlarında gizlənmiş yaraqlıları həddən ziyadə güc tətbiq etmədən üstələyə biləcəkmi? Əfqan əhalisi özünü kifayət qədər təhlükəsiz hiss edəcəkmi ki, seçkilərdə səs versin və onlar hazırkı prezident Həmid Karzaiyə alternativ namizədlərin iştirak edəcəyi seçkilərdə öz səslərinin ədalətlə sayılacağından əmin olacaqlarmı?

Müəllif qeyd edir ki, məsələnin hərbi tərəfi müsbət həll oluna bilər. Regiona göndərilən 17 minlik əlavə qüvvə Amerika ordusuna imkan verəcək ki, yaraqlılarla vuruşarkən hərbi hava qüvvələrindən çox istifadə etmədən əməliyyatları yekunlaşdırsınlar.

Əfqanıstanda hərbi əməliyyatlar zamanı ölən mülki əhalinin 60 %-i hərbi hava qüvvələrinin iştirakı ucbatından tələf olur və əlavə əsgəri qüvvələr Əfqanıstanda mülki tələfatı azaltmağa kömək edəcək. Lakin məsələnin siyasi tərəfində çətinliklər var. Həmid Karzainin Əfqanıstan siyasi səhnəsində ciddi siyasi alternativi yoxdur və belə görünür ki, o yenə qalib gələcək. Lakin Həmid Karzai əhalinin saxta hesab etdiyi seçkilərdə qalib gəlib öz idarəçiliyində heç nəyi dəyişməsə, Əfqan əhalisinin əksəriyyəti Əfqanıstan hökumətinə və onun xarici müdafiəçilərinə qarşı çevriləcək.

İkinci zaman bombasının partlama vaxtı 2010-cu ilin yayıdır. Müəllif yazır ki, indiyə qədər Əfqanıstandakı hərbi uğursuzluqlar Buş administrasiyasının yağına yazılır. 2010-cu ili yayında ABŞ-ın regiona gətirilmiş yeni hərbi qüvvələri uğurlu yay hərbi kampaniyası aparmağa cəhd edəcək. Artıq həmin vaxt aparılan hərbi əməliyyatların uğuru da, uğursuzluğu da Barak Obamanın öz məsuliyyətində olacaq. Əgər əməliyyatlar uğursuz olsa, eyni nəticələr təkrarlansa, ABŞ-ın özündə Barak Obamanın siyasətinə ictimai dəstək əhəmiyyətli şəkildə azalmış olacaq.

Üçüncü zaman bombası isə daha uzunmüdətli vaxta hesablanıb. Müəllif yazır ki, hazırda beynəlxalq koalisiyanın səyləri Əfqanıstanda yalnız bir dövlət institutunun – ordunun qurulmasına yönəlib. Polis və xüsusilə də ədliyyə institutlarının qurulmasına ayrılan diqqət xeyli dərəcədə zəifdir. Hazırda ordu Əfqanıstanda ən çox hörmət olunun dövlət institutudur. Ölkənin ən təhsilli, ən bacarıqlı şəxsləri hərbi akademiyalara cəlb edilir və orada ABŞ-ın Uest Point akademiyası stilində təhsil alırlar.

Müəllif yazır ki, uzunmüddətli planda ordu Əfqanıstanda digər ictimai institutlardan üstün bir mövqe tuta bilər və bu disbalans ölkənin siyasi inkişafına ciddi mənfi təsir göstərər. ABŞ treyninqi ilə yaradılmış ordu institutlarının digər ictimai institutları kölgədə qoyduğu bəzi Latın Amerikası ölkələrində olduğu kimi.
XS
SM
MD
LG