Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:36

Çimərliklər çirklidir...


Çimərlik mövsümünə bir ay qalır
Çimərlik mövsümünə bir ay qalır

Ekologiya Nazirliyi monitorinq keçirib, Xəzər sahilində bir dənə də olsun təmiz çimərlik tapmayıb. Hərçənd ayrı-ayrı təmiz hissələr olub. Hətta elə yerlər var ki, ölən quşların cəsədləri belə hələ də yığılmayıb. Həmin quşlar da bir qayda olaraq "quş qripi"ndən ölmüşdülər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatdan belə görünür ki, çimərliklərdə vəziyyət pis yox, təhlükəlidir.


Təkcə Lənkəran rayonu ərazisində 3500 metrlik ərazi çimərlik üçün yararlı hesab edilsə də, araşdırmalar zamanı burda da çirkab suların dənizə axıdıldığı bir neçə mənbə aşkarlanıb. Bundan başqa, "quş qripi"dən ölmüş quş cəsədləri hələ də çimərlikdən yığışdırılmayıb. Ekologiya Nazirliyinin çimərliklərin vəziyyətinə dair açıqladığı məlumata görə, yandırılmadan sahil qumuna basdırılmış quş cəsədləri təhlükə mənbəyi olaraq qalır.


Ekoloq Telman Zeynalov deyir ki, nazirliyin indi dediklərini ekologiyayla məşğul olan QHT-lər çoxdan bildirirdilər. Bu gecikməyə baxmayaraq, cənab Zeynalov Ekologiya və Təbii Sərvətlə Nazirliyinin həyata keçirdiyi monitorinqin nəticələri ilə tam razıdır: "İndi bir məslə qalır ki, bu da mövcud problemləri qismən də olsa, aradan qaldırmaq".


Bakı şəhər İcra Hakimiyyəti isə çimərliklərdə yaranmış vəziyyətlə bağlı hər hansı iş görməyə hazırlaşmır. İcra hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər sahil zolağının 130 metrliyində tikintilərin təmizlənməsi ilə bağlı məsələlər Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olsa da, sonradan bu, Nazirlər Kabinetində yaradılan komissiyaya həvalə edilib. Bundan başqa, artıq kanalizasiya sularının dənizə axıdılmasının qarşısına alınmasına da Bakı şəhər İcra Hakimiyyəti yox, "AzərSu" Səhmdar Cəmiyyəti cavabdehdir. "AzərSu" şirkəti isə Hövsandakı təmizləyici avadanlıqlarını yeniləşdirməyi planlaşdırır.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, onlar aprel ayından başlayaraq dəniz suyunun laborator müayinəsini aparıblar. İlkin müayinələrin nəticələrinə görə, bütün çimərliklərdə dəniz suyu kimyəvi və radioloji cəhətdən təmiz olsa da, bakterioloji cəhətdən xeyli çirklidir. Cənab Kazımova görə, ümumilikdə götürəndə, ötən illərdə də belə olub – dənizdə ən çox çirklənmə aprel-may aylarında müşahidə olunur.


Çimərliklərdə "quş qripi"ndən ölmüş quş cəsədlərinin toplanmasına gəlincə, Ziyəddin Kazımov deyir ki, onlar mayın 3-də Suraxanı və Sabunçu ərazisindəki çimərliklərə baxış keçiriblər, amma heç yerdə ölmüş quş cəsədlərinə rast gəlməyiblər. Əgər olsa belə, onların təmizlənməsi baytarlıq idarələrinin işidir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirdilər ki, monitorinqin nəticələri Bakı şəhər İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə və başqa aidiyyəti hökumət təşkilatlarına göndərilib.


XS
SM
MD
LG