Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:35

Medalları satılan müharibə…


«Bu medallar elə-belə asılmayıb yaxamızdan…».
«Bu medallar elə-belə asılmayıb yaxamızdan…».

Müstəqil Azərbaycanda da 9 Mayı qeyd edirlər. Bu dəfə siyasi cəhətdən düzəliş edilmiş adla – Faşizm üzərində Qələbə günü kimi


«İşdən çıxırıq, çörəyimizi yeyib gəlirik bura…»


Bakıda – dənizkənarı bulvardakı çayxanalardan biri də «Veteranlar kafesi» adlanır. Burda hər gün nərd, domino oynayanların çoxu keçmiş döyüşçülərdir. Onların iştirak etdiyi müharibənin başa çatmasından nə az, nə çox düz 61 il keçir. Kafedəkilərin çoxunun yaşı 80-i haqlayıb.


«Cavanlarla nə söhbət eləyim? Gəlirəm bura – öz yaşıdlarımın yanına. Mənim söhbətim onlara ləzzət eləyir, onların söhbəti mənə ləzzət eləyir. Biz burda şənlik tapırıq…»


61 il əvvəl onlar Sovet ordusunun sıralarında vuruşublar. Həmin müharibədə Almaniyanın məğlub olması bir vaxtlar böyük təntənəylə qeyd olunurdu – Qızıl ordunun qələbəsi günü kimi. İndi Sovet hökuməti yoxdur, amma müstəqil Azərbaycanda bu bayramı yenə qeyd edirlər. Bu dəfə siyasi cəhətdən düzəliş edilmiş adla – Faşizm üzərində Qələbə günü kimi. Bəzi tarixçilər həmin müharibənin adının Böyük Vətən müharibəsi adlandırılmasına qarşıdır. Amma veteranlar bu fikri əsəbi qarşılayırlar:


«Sual olunur – Sovet dövləti olub? Olub! Azərbaycan o dövlətin tərkibinə daxil olub? Olub! Bunlar tarixi faktdır, inkar oluna bilməz. SSRİ – bizim vətənimiz olub, biz də o Vətənin uğrunda döyüşmüşük».


Sovet dövrünün Qələbə günüylə bağlı mahnılarını bu günlərdə Respublika Veteranlar Şurasının dəhlizlərində də eşitmək olar. Şura sədrinin birinci müavini Əlövsət Baxışov mətbuatın veteranlara yalnız ildə bir dəfə – mayın 9-da diqqət göstərməsindən incikliyini gizlətmir. Amma deyir ki, ümumilikdə ölkədə veteranlara münasibət yaxşıdır. Bayramla bağlı bütün rayon icra hakimiyyətlərində tədbirlər keçirilir, veteranlara maddi yardım göstərilir. Dünyasını dəyişən müharibə iştirakçılarının məzarlarının itməməsi üçün tədbirlər görülür:


«Bəzi bölgələrdə o qəbirlər məktəblər, bəzi məktəblərdə isə hətta ayrı-ayrı şagirdlər arasında bölüşdürülüb. Həmin şagirdlər nəzarət edirlər ki, o qəbirləri ot basmasın, qəbir daşları deformasiyaya, eroziyaya uğramasın. Özləri düzəldə bildiklərini düzəldirlər, bacarmadıqlarını məktəbin direktoruna, yaxud rayon veteranlar şurasına xəbər verirlər».


Hələ Sovet dövründən müharibə iştirakçıları işıq pulu, qaz pulu vermirdilər, dövlətin hesabına müalicə olunurdular. Bir neçə il əvvəl onların bu imtiyazları ləğv edildi, daha doğrusu, ünvanlı müavinətlə əvəzləndi. Müharibə iştirakçısı köhnə pulla 120 min manat müavinət alır. Əlövsət Baxışov deyir ki, bu məbləği təqaüdün üstünə gələndə, az pul eləmir. Ancaq veteranların əsas xərcləri müalicəyə gedir, verilən müavinət isə dərmanlara zorla çatır.


«Bu, «Krasnaya zvezda»dır. Qiyməti 7 «şirvan»dır. Bu, «Böyük Vətən müharibəsi» ordenidir, qiyməti 10 «şirvan»dır…»


Bakının Torqovı küçəsi. Qədimi əşyaların satıldığı yerdə satıcı mənə Sovet dövrünün orden-medallarını göstərir. Deyir ki, müştəriləri az deyil. Əsasən kolleksiyaçılardır, bir də medallarını itirən müharibə iştirakçıları. Onun sözlərinə görə, orden-medalların qiymətinin baha olması onların tərkibində gümüş olmasıyla bağlıdır.


Həmsöhbətim deyir ki, öz medallarını satan müharibə iştirakçıları da az deyil: «Onlar bunu bir parça çörək pulu qazanmaq üçün edirlər. Yoxsa kimin nəyinə lazımdır, medalını satsın».


Medalları satılan müharibə… Düzdür dənizkənarı bulvarda – «Veteran kafesi»ndə söhbətləşdiyim müharibə iştirakçıları arasında öz medalını satan yox idi. Onların medalları hər bayramda olduğu kimi yaxalarında idi. Amma nədənsə onlar gənclərin bu medalların mahiyyətini başa düşməməsindən gileylənirdilər:


«Bu medallar elə-belə asılmayıb yaxamızdan. Bunun üçün odun-alovun içindən keçmək lazımdır. Müharibəni Allah göstərməsin…».


XS
SM
MD
LG