Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:52

Təzəkənddə evlərin qrunt sularından təmizləndiyi deyilir


Aprelin 28-də Araz çayında suyun səviyyəsinin qalxması səbəbindən evləri suyun altında qalan və çadırlara yerləşdirilən Naxçıvan Muxtar Respublikası (NMR) Kəngərli rayonunun Təzəkənd sakinlərinin evləri artıq qurunt sularından təmizlənib. NMR Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Fövqəladə Hallar Komissiyası rəy verərsə, əhalini evlərə yerləşdirmək mümkündür. 20 günə yaxındır ki, çadırlarda yaşamağa məcbur olan kənd sakinlərinə gündə üç dəfə isti yemək verilməklə yanaşı, digər qayğılar da göstərilir.


NMR FHN-dən onu da bildirdilər ki, təbii fəlakətdən zərər çəkmiş evlər bərpa ediləcək, kəndin yolları və kommunikasiya xəttləri yenidən çəkiləcək. Əhaliyə dəymiş ziyan hesablanır və kompensasiyaların ödənilməsi nəzərdə tutulur.


Təzəkənddə fəlakətin bir daha yaşanmaması üçün çayın kənarlarında bəndlər çəkilir. Araz Su Anbarından bildirdilər ki, NMR-də üç-dörd gündür ki, havanın isti keçməsi çayda suyun səviyyəsini də azaldıb. İndi çayda bir neçə santimetr artım müşahidə edilir ki, o da dağlarda əriyən qar sularından irəli gəlir. Məlumatlara görə, su anbarında indi suyun səviyyəsi də aşağı düşüb. Ümumi tutumu 1 milyard 254 milyon kub metr olan su anbarında hazırda 778 milyon kub metrə yaxın su yığılıb. Anbardan buraxılan suyun həcmi də azalıb. Hazırda anbarın dörd qapısından yalnız ikisindən saniyədə dörd yüz kub metrə yaxın su buraxılır.


XS
SM
MD
LG