Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:55

Bahəddin Həziyev əməliyyat olunacaq


«Redaktorlar Birliyi» jurnalistin hakimiyyətin əleyhinə məqalələr yazdığına görə döyüldüyünü bildirir


Mayın 18-dən 19-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanıb döyülən «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin səhhəti nisbətən yaxşılaşıb. Özünün dediyinə görə, ağrıları getdikcə azalır: «Ümumən yaxşıyam, hərdən şiddətli ağrılarım olur, amma yavaş-yavaş düzəlirəm».


Həkim Vaqif Rəhimov isə deyir ki, jurnalist bir neçə gündən sonra bud-baldır nahiyəsindən əməliyyat olunacaq. Cənab Həziyevdə əlilliyin qalıb-qalmayacağını isə əməliyyatdan sonra demək mümkün olacaq.


Mayın 22-də toplaşan «Redaktorlar Birliyi»nin gəldiyi ümumi nəticə isə belə olub ki, «Bizim yol»un baş redaktoru hakimiyyətin əleyhinə məqalələr yazdığına görə döyülüb, ona edilən hücum gələcəkdə jurnalistlərin hər birinin başına gələ bilər. Ona görə də ölkədə söz və mətbuat azadlığını qorumaq üçün jurnalistlər beynəlxalq qurumlarla yaxından əməkdaşlıq etməli, yeri gəlsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər getməlidirlər.


Mətbuat Şurası isə Bahəddin Həziyevin döyülməsi faktını hüquq-mühafizə orqanları ilə müzakirə edəcək. Şuranın sədri Əflatun Amaşov «Azadlıq» radiosuna deyib ki, jurnalistin az ağır xəsarət alması ilə bağlı qoyulmuş diaqnoz həqiqəti əks etdirmir. Onun fikrincə, cənab Həziyev kifayət qədər ciddi xəsarət alıb. Ə.Amaşov bu məsələni hüquq-mühafizə orqanlarının diqqətinə çatdıracağını bildirir.


Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə jurnalistlərə deyib ki, döyülmə faktı ilə bağlı istintaq getdiyindən versiya irəli sürmək istəmir: «Bahəddin Həziyevi döyənlər dövlətə və onun nüfuzuna zərər gətiriblər, bu əməli törədənlər tapılmalı və cəzalarına çatmalıdırlar».


Hökumət üzvlərinə qarşı kəskin tənqidi yazıları ilə tanınan «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev həm də Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir. O, indi Respublika Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunur. Özünün dediyinə görə, evinə qayıdarkən qabağını tanımadığı adamlar kəsiblər, ona fiziki və mənəvi təzyiqlər ediblər. Həkimlər bildirilər ki, Bahəddin Həziyev kəllə-beyin xəsarəti alıb, bədənində çoxsaylı zədə, sol ayağında isə çoxsaylı qəlpəli sınıq var.


XS
SM
MD
LG