Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:41

Gənclər üçün güzəştli mənzillər kimlərə veriləcək?


Ölkədə 50 min gənc ailənin evi yoxdu
Ölkədə 50 min gənc ailənin evi yoxdu

Azərbaycana daha çox xidmət edən, daha yaşlı və çox uşağı olan gənc ailələrin güzəştli şərtlərlə nisbətən tez mənzil alması ehtimal olunur


Gənclər və İdman Nazirliyi yeni struktur kimi yaranandan sonra təzə nazir Azad Rəhimov mediaya ilk açıqlamalarında gənclər üçün güzəştli ipoteka şərtləriylə yanaşı, ucuz şəhərçik ideyasından da bəhs etdi. Nazir kvadrat metri 150-200 dollara və Bakının ətrafında yerləşəcək, dövlətin xeyir güdmək üçün yox, sırf gəncləri düşünərək gerçəkləşdirmək istədiyi layihədən söz açdı. Ötən həftəyə qədər Gənclər və İdman Nazirliyindən verilən açıqlamalarda layihəylə bağlı işin aparıldığı, mənzillərin inşaat xərclərinin hesablandığı və şəhərciyin yeriylə bağlı məsləhətləşmələrin getdiyi deyilirdi. Və ötən həftə cənab Rəhimov bu məsələni yenidən gündəmə gətirdi. Amma bu dəfə artıq kvadrat metri 150-200 dollara yox, «bazar qiymətindən ucuz» ifadəsi işlətməklə. Üstəlik, həmin şəhərcikdə ancaq gənclərə və imkansızlara yox, başqa təbəqələrə də mənzillərin ayrıla biləcəyini deməklə.


Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun sözlərinə görə, layihəni tikinti şirkətləri üçün cəlbedici etmək məqsədi ilə imkanlı adamlara da evlər satılacaq. Sözsüz ki, burda əsas məsələlərdən biri mənzillərin qiymətidir. Xatırlatmaq yerinə düşər ki, ki, 70-80-ci illərdə, o dövrün gəncləri üçün, tikilən mənzillərin ümumi sahəsi orta hesabla 50-60 kvadrat metr olub. Nəzərə alaq ki, hazırda gənclərin ehtiyacları ilə bağlı minimal standartlar elə də artmayıb, üstəlik dövlət elə də çox xərcə düşmək istəmir, yenə də eyni sahəli mənzillərin inşa ediləcəyini düşünmək mümükndür. Təxminən 50-60 kvadrat metrlik sahəni nazirin işlətdiyi maksimal rəqəmə - 200 dollara vuranda, bir mənzilin qiyməti 10-12 min dollara olur. Amma Azad Rəhimovun ötən həftəki açıqlamalarından o da aydın oldu ki, yaxın gələcəkdə salınması planlaşdırılan bu şəhərcikdə heç də bütün gənclərə yer tapılması mümkün deyil. Ona görə də seçim prosesi aparmaq üçün müraciət edənləri kateqoriyalara bölmək qərara alınıb ki, buna uyğun gələnlər güzəştli şərtlərlə mənzilə sahib ola bilsin.


Nazir ölkədə təxminən 2 milyon gəncin olduğunu deyir, həm də əlavə edir ki, bu gənclərin 200 minə yaxınının evi yoxdur. Nazirliyin mətbuat katibi Raqif Abbasov isə ümumilikdə 50 min ailədən söz getdiyini bildirir: «Onların hamısına işə başlayan kimi ev verə bilmərik. Amma istəyimiz odur ki, layihə uğurlu olsun, belə olsa, davamı gələcək və evsiz gənc ailələrin sayı azalacaq».


Kateqoriyalar və meyarlarla bağlı nazirlikdən konkret bir söz demək istəyən olmadı. Çünki hələ ki, hesablamalar gedir. Azərbaycana daha çox xidmət edən, daha yaşlı və çox uşağı olan gənc ailələrin nisbətən tez belə mənzilləri alması ehtimal olunur.


Gənclər və İdman Nazirliyindən dedilər ki, hələ ki, şəhərcik üçün yer və pul tapmaqdan ötrü Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti ilə danışıqlar aparılır. Parlamentə təkliflər göndərmək istəyirlər ki, prosesi ifadə edən qanun qəbul olunsun. Bütün bunlardan sonra hökumət öz şərtlərini müəyyənləşdirəcək və tender elan edəcək. Şirkət tapılandan və evin tikintisinə başlanandan sonra mənzil ala biləcək gənc ailələr də müəyyənləşdiriləcək. Bütün bu prosesin nə vaxt bitəcəyi isə bildirilmir. Amma evlərin olmasa da, layihənin bu ilin sonuna qədər tam hazır olacağı deyilir.


XS
SM
MD
LG