Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:28

İslam və Demokratiya - bir arada, ya bir-birinə qarşı?


Tanrı insanları bərabər yaradıb. Hər kəs yalnız əməllərinə görə Allah qarşısında cavabdehdir. Bu, inanclı insanların fikridir. Sosial, siyasi, dini və s. baxışlarından asılı olmayaraq hər kəsin bərabər hüquqları var. Bu da demokratların fikridir. Bəs niyə insana bərabər hüquqlar tanıyan hər iki fenomen bir arada yaşamaqda çətinliklərlə üzləşir? Demokratiya və İslam bir-birini təhrif etmədən eyni cəmiyyətdə yaşaya bilərmi?

«İslam və demokratiya» verilişinin ilk buraxılışında qonaqlarımız bu mövzu ətrafında sualları cavablandırıblar. «İnternyus Azərbaycan» və «Azadlıq» radiosunun birgə layihəsi olan bu proqramın ilk qonaqları Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzinin rəhbəri, «Cümə» məscidinin imamı Hacı İlqar İbrahimoğlu və fəlsəfə elmləri doktoru Niyazi Mehdidir.

Hacı İlqar İbrahimoğlu: «Namazda geyindiyin paltar rüşvətlə alınıbsa, namaz qəbul olunmaz».

- Allaha inanan insanlar var, inanmayanlar var. Allaha inananların insan haqları, demokratiya, şəxsiyyət və ləyaqətə yanaşma tərzi var. Hər şeyə də bu müstəvidə yanaşır. Ateist olan kəsin isə baxışları fərqlidir. Bu baxışlar maddi ləzzətlər radiusundan kənara çıxmır.

Müsəlman o kəsdir ki, Allaha inanır, Allahdan gəldiyinə inanır. Allahın ona şüur, seçim imkanı verdiyinə inanır. Ölümdən sonra etdiyi əməllərə görə cavab verib, onlara uyğun şəkildə cəza və mükafata çatacağına inanır. Bu inanca malik olanlar artıq müsəlmandır. Müsəlmanın vəzifəsi hər kəsi yaxşılıqlara çağırmaq, pisliklərdən çəkindirmək, nəfsi ilə mübarizə aparmaq, toplumda olan mənfiliklərə qarşı qəlbiylə, diliylə, qələmiylə mübarizə aparmaqdır.

Rəbb tərəfindən müsəlmana buyurulan əməllər var ki, Namaz da onlardan ən fundamentalıdır. Amma namaz qılan insanın əynindəki geyim rüşvətlə alınıbsa, onda onun namazı qəbul olunmaz. Namaz qılınan yer də halal olmalıdır. Yəni, elə təkcə bir namaz insanın gerçək vətəndaş olmasını vacib edir, insanların haqların tapdamamağa, toplumun haqlarını tanımağa çağırır.

Niyazi Mehdi: «Din və demokratiya bir-birini təhrif etmədən bir arada ola bilməz».

- Elə inanclı insanlar var ki, özlərini Allahın yeganə sevimlisi bilir. Sanki Allah aləmi ona görə yaradıb ki, elə bu adam vəzifəyə gəlsin və s. Bu, elə bataqlıqdır ki, bəzən hər mömin adam bundan qurtara bilmir. Ateistlər üçünsə insanların qanun qarşısında bərabərlik də var. Amma iş orasındadır ki, ağıllı demokratlar da bəzən ona sonacan əməl edə bilmirlər. Soruşursunuz ki, demokratiya ilə din bir-birini təhrif etmədən bir arada ola bilərmi? Fikrimcə, bu, mümkün deyil.
XS
SM
MD
LG