Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:00

Ərdoğanın müşaviri: «Ağlı başında olan çox insan istefa edəcək»


Türkiyədə ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007
Türkiyədə ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu «Azadlıq» radiosunun «İşdən sonra» proqramına eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qeybulla bəy, Azərbaycan cəmiyyəti çaşqınlıq içindədir. Türkiyə Ermənistanla əlaqələrini yaxşılaşdırır. Buna görə Türkiyəni hətta satqın adlandıranlar da var. Türkiyə Azərbaycanı bir dost ölkəsi, strateji tərəfdaş olaraq itirməyə nə dərəcədə hazırdır?


- Bilirsinizmi, bu məsələdə mənim şəxsi qənaətim var. Bu gedən danışıqlar üzərində olan qənaətdir. İnsan uman yerdən küsər. Azərbaycan türkcəsində belə bir deyim var. Gerçəkdən də, insan hər zaman küsəndə, inciyəndə yaxınından küsür. Çünki hər kəsdən hər şeyi gözləyər, amma yaxınından bunu gözləməz. Mən Azərbaycanın bu danışıqlarda Türkiyənin tutduğu mövqeyə münasibətini - istər müxalifət, istər xalq, istər hakimiyyət – belə dəyərləndirirəm.
Amma, dövlətlərarası danışıqlar, dövlətlərin mənafeləri və bəlli siyasi vəziyyət basqılara görə bəlli bir güzəştlərə getməsi bütün tarix boyu olmuşdur, hələ də davam etməkdədir.

Mən Türkiyə-Ermənistan danışıqlarını Türkiyənin çox böyük istəyi olaraq deyil, sadəcə bugünkü günün məcburiyyətindən və basqılarından qaynaqlanan danışıqlar olaraq görməyimiz lazım.

Əslində, bu danışıqların böyük bir qismi çox konfidensial getdiyinə görə, gerçəkdən də orada nələr razılaşdırılır, hansı şərtlər çərçivəsində bu razılaşma imzalanacaq – biz onu bilmirik. Bilənlər də bunu heç zaman açıqlamaz. Çünki bu, imzalanmamış bir sənəddir. Ona görə də, düşünürəm ki, birincisi, razılaşmanın özünü gözləmək lazımdır ki, orada nələr olduğu bilinsin. Düzdür, bir şeyi də unutmamalıyıq ki, Ribbentrop-Molotov Paktı haqda rəsmi razılaşma hər kəsə bəlli oldu, amma üstündən 50 il keçəndən sonra rəsmi razılaşmanın gizli bəndləri olduğu anlaşıldı.

Mən Türkiyə və Ermənistan arasında belə bəndlərin olacağını zənn etmirəm. Əsas məsələ odur ki, Türkiyə bu danışıqlarda aldanmamalıdır. Türkiyənin son 50 ildə apardığı siyasətə baxsaq, hər zaman Türkiyəyə şifahi vədlərdə bulunub və bu və ya digər razılaşmaya getməyi tövsiyə ediblər. Basqılarla da buna zaman-zaman nail olublar. Amma çox zaman, Türkiyə öz istədiyini ala bilməyib. Və yaxud, Türkiyənin haqq etdiyini verməyiblər. Bu gün Türkiyə toplumu bunu çox gözəl başa düşdüyünə görə, Azərbaycanın heç zaman ayağa verilməsinin tərəfdarı ola bilməz. Bunu heç kim gözləyə bilməz və gözləməz də. Heç kimin də buna şübhəsi olmamalıdır.

O ki qaldı hakimiyyətin apardığı danışıqlara, mən bildiyim çərçivədə, burada bəlli razılaşmalar şübhəsiz ki, var. Amma bu razılaşmalar hansı şərtlərə söykənir, açıqlanmasa, bunları demək mümkün deyil. Bunu rəsmilər açıqlamalıdır. Biz bu danışıqların olmasını başa düşürdük. Həm Azərbaycan toplumu, həm də Türkiyə toplumu. Belə nəticənin əvvəl-axır olacağını da bilirdik, amma bunun bizi qane edən şərtlər içərisində olacağını təxmin edirik və ona ümid bəsləyirik. Demək istədiyim odur ki, bu gün o danışıqların hansı çərçivədə imzalanacağını kimsə deyə bilməz. Bunu ancaq və ancaq ya Xarici İşlər naziri, ya Baş nazir, ya da prezident bəyan etməlidir. Açığı mən hesab edirəm ki, bu danışığın konturları haqda şübhəsiz ki, Azərbaycan rəhbərliyinin də bilgisi var. Çünki mütləq bu bilgi çərçivəsində hərəkət edilir. Amma burada nələr gizli tutulur, əmin edirəm ki, onu heç mən də bilmirəm.

- Qeybulla bəy, müşavir olaraq Azərbaycan xalqına sözünüz nədir? «Uman yerdən küsməmək» üçün məsləhətiniz nədir? Azərbaycan vətəndaşı belə vəziyyətdə nə düşünsün?


- Bir şeyi söyləyə bilərəm: əgər bu danışıqların razılaşma nəticəsi Qarabağ torpaqlarının azad olunması ilə nəticələnməzsə, Azərbaycanın ərazi bütövlüyü qorunmazsa, bu, faciədir. Bu, Türkiyə üçün də faciədir. Əslində, bu, dünya üçün də faciədir. Çünki bu, tarixdə çox pis bir analoq yaradacaq. Hesab edirəm ki, Azərbaycan və Türkiyə ictimaiyyəti belə bir addımın atılmasına, bəlli bir şərtlərsiz razılaşmanın imzalanmasına, diplomatik əlaqələrin qurulmasına, sərhədlərin açılmasına biganə qalmayacaq. Onu hökumət də çox gözəl başa düşür. Və eyni zamanda, hökumətin özünün də, bütün basqılara rəğmən, bəlli şərtlər çərçivəsində onu yönləndirəcəyinə ümid bəsləmək istəyirəm. Bizim bu gün ümiddən və gözləməkdən başqa bir çarəmiz yoxdur.

Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupu çərçivəsində 15 ildir ki, danışıqlar gedir. Orada da bir sıra məsələlərdə razılıqlar əldə edilmişdir. Amma orada bir neçə prinsipial məsələlərdə razılıq yoxdur. Azərbaycan doğru edərək 5, 10, 15 ildən sonra və ya, Ermənistanın istədiyi kimi daha qısa bir müddətdə Dağlıq Qarabağın içində referendum yolu ilə onların müqəddəratını həll etməyinə razı olmamasının da bəlli səbəbi var. Əslində, biz gecikmişik. Bu, mənim şəxsi mövqeyimdir. Çin Xalq Respublikasından vaxtilə Tayvan ayrıldı. 1954-cü ildəki Koreya savaşından sonra. Amma bu gün Çin, böyük nüfuzuna, gücünə rəğmən, Tayvan kimi kiçik ərazini öz içinə hələ də ala bilməyib. Deməli, bir şeyi itirəndə onun isti-isti əslində almağa lazımdır. Dağlıq Qarabağ məsələsində, əfsuslar ki, çox vaxt itirilib. Bu gün də, o gecikmə davam edir. Beynəlxalq güclər bizə də təsir edərək məsələnin uzadılmasına çalışır. Amma bu məsələnin uzadılması heç də bizim xeyrimizə deyil və onun xeyrimizə həll olunacağı da deyil. Bunu da heç kim xalqa açıqlaya bilmir. Heç kim də onun altında imza da qoymaz. Azərbaycan toplumu bilməlidir ki, əgər burada bəlli şərtlər gözlənilmədən gerçəkdən də Avropa Birliyi, ABŞ istədi deyə, Ermənistanla diplomatik əlaqələr qurulsa və sərhədlər açılsa, hesab edirəm ki, ağlı başında olan çox insan burada vəzifəsindən istefa edəcək. Onu sizə indidən söyləyə bilərəm.
XS
SM
MD
LG