Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

«Səngərin içiylə tabutu aparıb ölümüzü dəfn edirik...»


Məcburi köçkünlər üçün yeni salınmış Bənövşələr qəsəbəsi, 2 iyun 2006
Məcburi köçkünlər üçün yeni salınmış Bənövşələr qəsəbəsi, 2 iyun 2006

İlin bu vaxtı Bərdədən Ağdama gedən şose yolunu sürətlə keçmək olmur. Elə bu yolla – amma üzübəri böyük sürüləri yaylağa aparırlar.


Böyük sürülərdə yüzlərlə, bəzən isə minlərlə qoyun olur. Daşkəsəndə və ya ayrı yaylaqlarda otlaqlardan üç aylıq istifadə haqqı təxminən min dollardı. Belə böyük sürülər Ağdamda çox deyil, amma maldarlıq əhalinin əsas məşğuliyyətlərindən biridir. Şose yolunun qırağında az qala hər addımbaşı qoyun kəsilib satılan kiçik köşklər var.


Nisyə dəftəri


Ət Bakıya nisbətən burda bir az ucuzdu, qoyun ətinin kilosu 22 min manat. Amma ətsatan Babək deyir ki, alver elə də yaxşı getmir, bir quzunu iki günə zorla sata bilir, onun da yarısı nisyə. Onun nisyə dəftərində 30-a yaxın adamın adı var: “Camaatın alıcılıq qabiliyyəti aşağıdır. Gərək mən bu əti satım ki, qoyun sahibi də mənə 5 min manat haqq versin. Çox adam əti nisyə götürür, pulunu ya gələn ayın təqaüdündən, ya da qaçqındırsa, hökumətin verdiyi çörək pulundan ödəyir».


Ağdam torpağına ayaq basmaqla onun mərkəzinə çatmağımız bir olur. Çünki rayon ərazisinin 80 faizini erməni silahlı qüvvələri işğal edib. Azərbaycan ordusunun nəzarətində 20-yə yaxın kənd var, onlar da Bərdə və Ağcabədi rayonlarına bitişikdi. İndi rayonun inzibati mərkəzi Quzanlı kəndidi. Binayi-qədimdən rayonun mərkəzi olmuş Ağdam şəhəri də 13 ildi ki, işğal altındadır.


«Müharibə olmasaydı, Ağdam indi Parij idi. O Parij deyirlər e, Parij Ağdamın yanında heç nə idi, heç nə. Təbiəti gözəl, insanları qonaqpərvər…»


Ağdamda yaşaya-yaşaya Ağdam qaçqınıdı Cavanşir kişi. İşğalın ilk illərində Quzanlıda məskunlaşıb. Ağdam vaxtilə Azərbaycanın ən zəngin bölgələrindən olub, camaatı da əksərən yaxşı dolanıb. Elə Cavanşir kişi də tez-tez Ağdam şəhərindəki evini xatırlayır.



"Çox adam əti nisyə götürür...", 2 iyun 2006
«Yadıma düşəndə başıma hava gəlir. 5 otaqlı ev idi, dörd bir tərəfi bağ idi. Qazı-işığı yerində, zavodu-fabriki…»

Quzanlı əvvəlki Quzanlı deyil



Amma Quzanlı artıq 10 il əvvəlki Quzanlı deyil, o getdikcə kənd olmaqdan çıxır. Ağdam Rayon İcra Hakimiyyəti, Ağdam xəstəxanası burda yerləşir. Bakıya gedən avtobuslar Quzanlıdan çıxır. Ətraf kəndlərin camaatı bazarlıq eləmək üçün buraya gəlir. Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumu üçün Quzanlıda bina tikilir. Burda 6-7 aptek, hətta fotoatelye də açılıb. Bir sözlə Quzanlı kəndi getdikcə şəhərə oxşamağa başlayır.

Ağdamda məskunlaşan qaçqınlar üçün nəzərdə tutulan ərzaq yardımı da əvvəlcə Quzanlıya gətirilir. Həmin yardım burada qaçqınlar üçün tikilən qəsəbələr arasında paylaşdırılır.


Yeni qəsəbələrdə köhnə problem: İşsizlik


Üz tutduq məcburi köçkünlər üçün salınmış qəsəbələrdən birinə - Alıbəyli-1 qəsəbəsinə. Qəsəbədə sakinlərin çoxu işsizdir.


Məcburi köçkünlər Alıbəyli-1 qəsəbəsinə köçürüləndə hökumət orqanları onlara vəd veriblər ki, məskunlaşan kimi hər ailəyə torpaq sahəsi və may ayına kimi köhnə pulla 1 milyon manat pul veriləcək. Hələ ki bu vədlərə əməl olunmayıb.


Torpaq sahəsi olmayan qəsəbə camaatı özlərinin kiçik həyətyanı sahələrində tərəvəz əkiblər. Həyətdə toyuq-cücə saxlamaq imkanı da var. Amma bir neçə ay əvvəl qonşuluqdakı Bənövşələr qəsəbəsində – orada da məcburi köçkünlər yaşayır – quş qripi xəstəliyi tapılandan sonra çox adam toyuq saxlamaqdan vaz keçib.


Məcburi köçkünlər Alıbəyli-1 qəsəbəsinə 9 aydı köçürülüb, amma hələ qəsəbənin icra nümayəndəsi yoxdu.


Məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə işsizlik problemi kütləvi hal alsa da, yeni qəsəbələrin salınması prosesi davam edir. Bərdə-Ağdam yolunun kənarlarında yüzlərlə yeni evlər görmək olar. İlin sonuna qədər orada da məcburi köçkünlər yerləşdiriləcək. Bəs, yarana biləcək sosial gərginliyi aradan qaldırmaq mümkün olacaqmı?



Ağdam Rayon İcra Hakimiyyəti, Quzanlı kəndi, 2 iyun 2006
Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qədulla Səfərov yeni iş yerlərinin yaradılmasıyla bağlı təkliflərini üç ay əvvəl rayona gələn prezident İlham Əliyevə də təqdim etdiklərini deyir. «Ağdamda meyvəçilik çox inkişaf edib, burada konserv zavodları açmaq olar. Camaatın heyvandarlıq məhsullarını emal etmək məqsədi ilə ət-süd kombinatının yaradılması mümkündür ».

Qədulla Səfərov məcburi köçkünlərə torpaq sahəsi verilməsinin çətin olduğunu da etiraf etdi. «Balaca bir ərazidə bu qədər qaçqın var, ona görə də onların istədiyi kimi geniş - 2-3 hektar torpaq sahələrinin ayrılması çətindir. Bundan başqa bəzi torpaqlar qoşunların təmas xəttinə - əsgərlərimizin mövqeyinə yaxındır».


O ki qaldı Alıbəyli-1 qəsəbəsindəki məcburi köçkünlərə vəd olunan 1 milyon manat pula, icra hakimiyyətinin nümayəndəsi bizi inandırmağa çalışdı ki, vədə əməl olunacaq, sadəcə qəsəbə tam məskunlaşdırılmadığı üçün məsələ ləngiyir. Qədulla Səfərov bu məsələyə onların yox, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin baxdığını da dedi. O, dövlət komitəsini yeni salınan qəsəbələrlə bağlı bəzi işləri ləng yerinə yetirməkdə də günahlandırdı.


Amma Ağdamda ən çətin və riskli həyat yəqin ki, qoşunların təmas xəttində yerləşən kəndlərdədi. Orda bəzən çayxanada oturub domino oynamaq da təhlükəli olur. Yollandım belə kəndlərin birinə – Ayaq Qərvəndə.


Ev yiyəsiz qalanda…


Yol qırağındakı ağaclıqlarda sərçə civiltisindən qulaq tutulur. Yayın ilk günləri sərçələrin bala çıxardan dövrüdür. Üz-üzə dayanan qoşunların təmas xəttinə yaxın kəndlərə gedən yolun kənarlarındakı ağacların qəribə görkəmi diqqəti cəlb edir. Sərçələrin otlardan düzəltdikləri çoxsaylı yuvalar Yeni il yolkasından açılan oyuncaqlara bənzəyir. Daha buralarda top mərmiləri partlamır. Amma buna sakitlik də demək olmaz.


Quluyla yolumuz demək olar ki birdi, mən Ayaq Qərvəndə, o isə Orta Qərvənd kəndinə - bacısının ailəsinə dəyməyə gedir. Deyir ki, əvvəllər bacısı təmas xəttindəki evində yaşamağa ehtiyat edirmiş, amma sonra ailəlikcə geri qayıdıblar, həm qaçqın həyatının ağırlığı, həm də yiyəsiz qalan evlərinin sökülüb-dağıdılması qorxusu onları belə qərarı verməyə vadar edib.


«Ev yiyəsiz qalanda yerli camaatdan kimlərsə gəlib evdən nəsə söküb aparır. Yaxud əsgərlər blindajın üstünü örtmək üçün şifer, yaxud başqa material aparır».



Ağdam şəhərinin qalıqları, 2001-ci ilin yayı
Təmas xəttində yaşayan camaatın yenidən bura qayıtmasının bir səbəbi də torpaqlarını əkib dolanışıqlarını yaxşılaşdırmaq istəyidi. Burda taxıl və yonca əkilir. Torpaq məhsuldardır. Amma su məsələsi çətindir».

Vaxtilə Aran Qarabağın suvarma sistemi Sərsəng su anbarına bağlı idi. Amma həmin su anbarı indi işğal altındadır. Ordan su ancaq qış aylarında, yəni əkinçiyə lazım olmayan vaxt buraxılır. Qulu onu da söyləyir ki, yerli camaatın ümidi artezian quyularına qalıb. Ayaq Qərvəndin artezian quyuları isə düz qoşunların təmas xəttində yerləşir. Tez-tez baş verən atışma nəticəsində sıradan çıxan artezianları təmir etmək çox vaxt təhlükəli olur. Otlaqlarla bağlı vəziyyət də eynidi. Qəbiristanlıq da neytral zonadadı.«Səngərin içiylə tabutu aparıb ölümüzü dəfn edirik, sonra da eyni qaydada qayıdırıq».


Ayaq Qərvəndin yolları


Ayaq Qərvəndin yolları da bərbad haldadır və yerli camaat rayon mərkəzinə gedib-gəlməkdə əziyyət çəkir. Yolun pis vəziyyətdə olmasına görə bura kənd təsərrüfatı texnikası gətirmək də problemə çevrilir. «Başqa kəndlərlə müqayisədə texnika sahibi bizdən daha çox pul istəyirlər. Həm bura təhlükəli yer olduğu üçün bir növ qan pulu istəyirlər, həm də deyirlər ki yol uzaqdı, gələndə çətinlik çəkirik…»


Ağdam Rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, yeni yolların çəkilməsi onların gücündə deyil, bu dövlət səviyyəsində həlini tapmalıdır. Amma rayonda yeni artezian quyularının qazılması nəzərdə tutulub.


Belə… Olan və olmayan Ağdamda eşitdiklərim, gördüklərim bunlar idi. Amma yəqin ki yadımda ən çox qalan doğma şəhəri 13 ildi işğal altında qalan Cavanşir kişinin dilindən eşitdiyim bir müqayisə olacaq. Özü də ürəkdən inandığı bir müqayisə: «Müharibə olmasaydı, Ağdam indi Parij idi. O Parij deyirlər e, o Parij Ağdamın yanında heç nə idi, heç nə. Təbiəti gözəl, insanları qonaqpərvər…»



XS
SM
MD
LG