Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:16

Enerji ixracatında irəliləyiş, demokratiyada geriləmə


«Freedom House» «Keçid ölkələri 2006» adlı məruzəsini açıqladı
«Freedom House» «Keçid ölkələri 2006» adlı məruzəsini açıqladı

«Freedom House» təşkilatı yaydığı məruzəsində bildirir ki, Azərbaycanda vətəndaş cəmiyyəti geriləyib


«Freedom House» təşkilatı Orta Asiya və Qafqazın enerji ilə zəngin ölkələrində, həmçinin Rusiyada demokratiyanın axsadığını deyir. Amerika Birləşmiş Ştatlardakı bu özəl demokratiyapərəst təşkilat xüsusən Qazaxıstan, Türkmənistan, Azərbaycan və Rusiyanın bir tərəfdən demokratik baxımdan gerilədiyini, o biri tərəfdən enerji ehtiyatlarına görə əhəmiyyətinin artdığını bildirir.


Çərşənbə axşamı günün ikinci yarısında açıqlanan “Keçid ölkələri 2006” adlı məruzəyə görə, həmin ölkələrin iqtisadiyyatı enerji mənbələrinə əsaslanır. Burda idarəçilik institutları, həmçinin media və hüquqi azadlıqlar bərbad haldadır. Adıçəkilən ölkələrdə korrupsiya yüksələn xətt üzrə inkişaf edir.


Məruzənin müəllifi Cenet Qoörinqin fikrincə, bu ölkələrin liderləri başa düşmürlər ki, cavabdehliyin artırılması xalqların can atdığı inkişaf üçün vacibdir. “Əksinə onlar enerjinin qiymətlərinin yüksəlməsindən yararlanaraq avtoritar rejimlər qururlar ki, bu da vətəndaşlara sayğısızlıq və beynəlxalq aləmdə etibarsızlıq deməkdir”.


Konkret ölkələrdə demokratiya və azadlıqların yüksəlişini və ya enişini ölçmək üçün Freedom House xüsusi bir siyahıtutma texnikası hazırlayıb. Bu şkalada 1 rəqəmi demokratiyanın yetkinliyi, 7 isə ən bərbad halı deməkdir. Burda medianın, ədliyyənin vəziyyəti, həmçinin seçkilərin azad və ədalətli olması dəyərləndirilir.


Həmin şkala üzrə Gürcüstan 4.86, Ermənistan 5.14, Qazaxıstan 6.4 bala yaxın, Azərbaycan 5.93, Türkmənistan isə 6.96 bal alıb.


Məruzəyə görə, Qazaxıstanda Nursultan Nazarbayevin yenidən prezident seçilməsi demokratik inkişaf imkanlarını azaldıb. Bu, müxalifətə və mediaya qarşı məhdudiyyətlərin artması ilə izah edilir. Həmçinin deyilir ki, “prezidentə yaxın siyasi və biznes dairələrinin hökuməti və məhkəmələri manipulyasiya etmək imkanları açıq qalır”.


Türkmənistana gəlincə isə, Qoörinqin sözlərinə görə, prezident Saparmurad Niyazov xalqı dünyadan təkləməkdə davam edir və enerji ixracının artması vəziyyəti dəyişmir. “Qaz kəmərləri təchizatçı ilə müştəri arasında qarşılıqlı asılılıq yaradır. Görünür, Türkmənbaşı bunu etiraf eləmir. Çünki o davamlı olaraq xalqını beynəlxalq ictimaiyyətdən ayırır”.


Azərbaycana gəlincə, məruzəyə görə, vətəndaş cəmiyyəti geriləyib. Bunu müəlliflər hökumətin siyasi müxalifətə yaxın olan gənclər təşkilatlarına qarşı hücumları, həbslər, universitetlərdən qovmalarla izah edir.


«Freedom House» prezident İlham Əliyevin hakimiyyətini möhkəmlədən 2005-ci il parlament seçkilərinin demokratik standartlara uyğun olmadığını bildirir. Bu təşkilatın Budapeşt ofisinin rəhbəri Kristi Evenson vəziyyəti belə dəyərləndirir: “Biz prezident elitası ətrafında möhkəmlənməni görürük. Biz görürük ki, son dərəcə problemli noyabr seçkiləri üstəgəl vətəndaş cəmiyyətinə divan tutulması və hüquqi prosedura və proseslər hər şeydən gülməlidir”.


Rusiyaya gəlincə, onun reytinqi enerji ilə zəngin region ölkələrinə nisbətən yaxşıdır: 5.75. Amma əvvəlki ilə nisbətən geriləmə qeydə alınıb. Bu isə əsasən prezident Vladimir Putinin siyasi həyatı mərkəzləşdirməsi ilə bağlıdır. İdarəçilik, seçki prosesi və vətəndaş cəmiyyəti baxımından «Freedom House» ötən ili Rusiya üçün geriləmə dövrü sayır. Məruzə Rusiyanın Şimali Qafqazdakı gərginliyi azaltmaq üçün səmərəli çalışmamasını tənqid edir. Rusiyanın hərbi və polis qüvvələrini islah edə bilməməsinin ekstremizmin dəyirmanına su tökdüyü deyilir. Bundan başqa Rusiya hökuməti media azadlıqlarına və qeyri-hökumət təşkilatlarına hücumlarda günahlandırılır.


XS
SM
MD
LG